3-4 il əvvəl olardı. Ilham Əliyev nəyə görəsə “Karvan” futbol klubunun qonağı idi. O, stadiona çıxdı, qapıya bir top zərbəsi vurdu, top da təbii ki, maneəsiz qapıdan keçdi.
Hamı əl çaldı, hətta qapıçı da…
Ilham müəllim o zaman qapıçıya üz tutub gözəl bir söz dedi: “Amma sən topu tuta bilərdin…”
Qapıçı yazıq görkəm aldı, gülümsündü. Neyləsin? Əminəm, ona “topu tutma” deyən olmayıb, sadəcə, o, yaradılan atmosferdə instinktiv olaraq belə qavrayıb ki, dövlət başçısının vurduğu topu tutmaq, ona cəhd dövlətçiliyə qarşı çıxmaq kimi xoşagəlməz cinayət tərkibli hadisədir.
Avtoritar rejimin mahiyyətindən gələn şeydir, hamıya bir-bir hər şeyi başa salmağa ehtiyac yoxdur. Bir “gözü çıxmış qardaş” nümunəsi yaradırlar, hamı ondan dərs götürür.
Buna görədir ki, Ilham Əliyev özü istəməsə də qol yarışlarında, yumurta döyüşündə, hətta şahmatda qarşısındakıları bir göz qırpımında və analoqsuz şəkildə məğlub edir.
Futbolu, ümumən yarışı Siyavuş Novruzovun bir açıqlamasına görə xatırlayıram. O deyib ki, gecə-gündüz müxalifətin qapısından qol keçirməkdəyəm.
Yuxarıdakı kiçik nümunə və yüzlərlə həyat hadisəsilə sübut etmək mümkündür ki, Siyavuş Novruzov və ona oxşarların yarışmaq qabiliyyəti yoxdur. Onların bacardığı iş qapıçısı olmayan qapıdan top keçirməkdir.
Siyavuş müəllimgilin belə qol vurmaq qabiliyyəti varsa, neyçün milyardları həzm-rabeədən keçirmələrinə baxmayaraq, bircə normal futbol klubu yaradıb dünyaya təqdim edə bilmirlər?
Bu açıqlamada mən bir məqama da doyunca güldüm. Uzun müddətdir Azərbaycanda müxalifətin olmadığını deyən bu adam indi onun qapısından qol keçirməkdən danışır. Özü də gör Allah onu nə qədər girinc edib ki, gecələr də rahat olmur, işi günü qol atmaqdır.
Bu, qarabasma əlaməti olmasın…
Əliyevlər və dissidentlər
Vikipediya dissidentə belə tərif verir: dissident (lat.dissidens- geri çəkilən, fərqli fikirli) – yaşadığıÿölkədə siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənənÿ insan. Bu fərqlilik bir çox hallarda hakimiyyət tərəfindən ÿtəqiblərə məruz qalır.
1997-ci ildə Heydər Əliyev MTN-nin şəxsi heyəti qarşısında çıxış edərkən iftixar hissi ilə xatırlayırdı ki, Sovet zamanında DKT-ya və Azərbaycana rəhbərlik edərkən başqa müttəfiq respublikalardan fərqli olaraq, Azərbaycanda dissidentlərin həbsinə imkan verməyib, əksinə, Bəxtiyar Vahabzadə, Xəlil Rza başda olmaqla, bir çoxlarını qoruyub. Moskvanın təkidlərinə, ermənilərin çuğulluqlarına baxmayaraq, o, minlərin mənafeyini qoruyan insanlara hamilik edib və s.
Sitat: “Biz heç bir dissidenti həbs etməmişdik, heç zaman heç bir adamı anti-sovet təbliğat və ya millətçi təbliğat üstündə həbs etməmişdik. Amma nə qədər belə təkliflər, təzyiqlər vardı”.
Heydər müəllimin o çıxışları ilə bu günü tutuşdururuq. Bu gün onun üsul-idarəsidir Azərbaycanda.
Bu gün Azərbaycan həbsxanaları fərqli düşüncəsinə görə tutulanlarla aşıb-daşır. Vicdan məhbuslarının siyahısı günü-gündən artır.
Beləliklə, Heydər Əliyevin sözlərinə inansaq, sovet dövründə kifayət qədər təzyiq, təklif olsa da, dissidentlərimiz, fərqli düşüncə adamlarımız həbsə atılmayıb, bəs indi nə baş verir?
Ilham Əliyevin iki sözündən biri budur ki, biz müstəqilik, heç kimin diqtəsilə oturub-durmuruq. Bəs niyə cavan uşaqları, ancaq sənin kimi düşünmədiklərinə görə həbsxanalarda çürüdürsən, ay zalım rejim?
Etiraf edin, ya riyakarsınız, ya da Heydər Əliyev kursuna çoxdan “əlvida” demisiniz!