Belə bir rəvayət var və onu rus çarının arvadına da aid edirlər, Kral XVI Lüdoviqin xanımıÿMari Antuanettə də…
Deməli, ölkəni inqilab dalğası bürüyəndə, insanlar çörək tələbi ilə küçələrə töküləndə kraliça təəccüblənir:ÿ”Aaaa, qəribədir, çörək yoxdur, piroq yesinlər!”
Ola bilsin, belə şey heç olmayıb, ancaq bu rəvayət tiran rejimlərinin mahiyyətini çox dəqiq və düzgün açır. Onun düzgünlüyünə bir daha indi şahid olacağıq.
Milli Məclisin kürsüsünü zəbt edən belə bir insan var – Jalə Əliyeva. O, rəsmən YAP-çı deyil, iki xarici dil bilir, uzun müddət Türkiyə Cümhuriyyətinin səfirliyində çalışıb. Zahirən görünür ki, onun formalaşması siyavuşnovruzovlardan, mübarizqurbanlılardan fəqli olub. Fəqət, zahirən belədir.
Dünən “Bizim Yol” qəzetində bu xanımın müsahibəsi çıxıb.
Ölkədəki vəziyyəti əla kimi qiymətləndirən deputatdan jurnalist soruşur:
– Demək istəyirsiniz ki, insanlar yaxşı yaşayır?
Cavab:
– Məgər, pis yaşayırlar?
Bu anda yada Nasist Almaniyasının təbliğat naziri Göbbelsin jurnalistlərlə söhbəti düşür. Jurnalistlərin “filan küçədə filankəsi öldürblər, buna münasibətinin necədir?”, sualına Göbbels soyuqqanlılıqla “məgər Almaniyada elə küçə var?” cavabını vermişdi.
Jalə xanım nəcib təsir bağışlayır, inşallah, onda insanlarımızın bir hissəsini qaz kamerasına yığıb, yandırıb kül eləmək istəyi yoxdur. Ancaq görürsüz, pis adamlarla onun düşüncəsi nə qədər yaxındı…
Bu nəcib xanım demir e, müəyyən çətinlik var, ona görə bir az yaşayış aşağıdır, hökm kimi sual verir: “Məgər, pis yaşayırlar?”
Iraq olsun, bir anlıq təsəvvür eləyin, bu xanım YAP-çı olsaydı, yaxud o kraliça statusunda biri olsaydı, ac və çörək tələb edən adamlara nə deyərdi?! Bəlkə də belə: “Çörək yoxdur, əlinizi-ayağınızı yeyin!”
Zərdab o rayonlardandır ki, camaat bir tikə çörəyin əsiridir. Bu rayondan mətbuata çıxan xəbərlər adətən belə olur: oğurluq, bıçaqlanma, intihar… Jalə xanım isə məzlumların fəryadını eşitmir, görmür, hətta onları duyanlara əsəbiləşir. Müsahibədən belə aydın olur ki, o, hətta jurnalistin duyğu orqanlarını şübhə altına alıb; onun əks sualı əslində, bu deməkdir: sizin gözünüz düz görmür, qulaqlarınız səhv eşidir, qavramanızda problem var və s.
Yenə iraq olsun, sırf canıyananlıq üçün deyirəm, hörmətli Jalə xanım bilsin ki, inkarçılıq daha böyük inkarçılıq doğurur. Siz xalqın dərdlərini görməzdən gələcəksinizsə, sabah da o, sizin dərdinizi, acınızı görməyəcək, əksinə, ondan ləzzət alacaq. Necə ki, çarın ailəsi sulfat turşusunda çimizdiriləndə ac olan və bu vəziyyətdə piroq təklifi alan insanlar dəhşətli mənzərədən hayıl-mayıl olmuşdular.
Sizlər bizi hara aparırsınız, Jalə xanım?
Bu millət, xalq yazıq deyilmi?
Onun dərdlərinə məlhəm ola bilmirsiniz, bilməyin, daha onu əla salmağa nə hacət? Niyə insanları ələ salırsınız?
Necə yəni, məgər camaat pis yaşayır? Siz axırıncı dəfə sadə insanların arasında nə vaxt olmusunuz?
Məsələn, siz heç xəstəxanaya gedirsiniz? Mən sizə təklif edirəm, sabah gəlin, birgə Bakıdakı dövlət xəstəxanalarının birinə gedək, rayonları demirəm heç.
Gedək və oradakı vəziyyəti birgə təhlil edək. Insanlar dərman almaq üçün hətta oğurluğa da əla atır. Səhiyyənin pulsuz (guya pulsuz) olduğu bir ölkədə baş verir bunlar.
Hörmətli Jalə xanım!
Siz bir nəcib xanım və anasınız. Hər şey bir yana, siz seçildiyiniz yerlərə gedəndə özünüzdən dəfələrlə cavan olan qadınlara, qızlara baxın, onların bükülən qamətlərinə, oduna dönən əllərinə, dişsiz ağızlarına baxın, sonra da özünüzə baxın və düşünün: o insanların cəhənnəm həyatı heabına kraliçalara uyğun həyat yaşayıb sonra da onları ələ salmaq nə qədər insanfandır, nə qədər doğrudur, nə qədər Allaha, qanuna, bəndəyə xoş gələn əməldi?
Mən sizin cavabınızın intizarındayam…