“Azadlıq” radiosunda aparıcı Xədicə Ismayılın Müsavat başqanı Isa Qəmbərlə müsahibəsi xeyli ictimai müzakirəyə səbəb oldu. Amma etiraf edək ki, müzakirələr debatın məzmunundan daha çox formasının üzərində getdi. Məsələn, jurnalist öz həmsöhbətinə belə kəskin suallar verməlidirmi? Partiya sədrinə kəskin suallar vermiş jurnalistin partiya üzvləri tərəfindən hədəf seçilməsi doğrudurmu? Və bu tipli başqa məsələlər…
Məni isə müsahibədəki iki məqam çox narahat etdi.
Birincisi: biz bilirik ki, təqribən 1 il əvvəl Ictimai Palatada Rauf Arifoğlu ilə bağlı narazılıq yaranmışdı. Həmin vaxt Rauf Arifoğlu Ictimai Palatanın Koordinasiya Şurasının üzvü olduğundan, Müsavat başqanının müşaviri Yadigar Sadıqlı (Allah qapısını açsın) bütövlükdə Ictimai Palatadan istefa vermişdi.
Məsələ böyüyürdü. Novella Cəfəroğlunun da dolayısı ilə olsa da hökuməti müdafiə edən fəaliyyəti ictimai rəydə Müsavata qarşı təzyiq yaradırdı. Bəzi müsavatçı dostlar da hesab edirdilər ki, hakimiyyətə yaxın olmaqla Müsavatda olmaq bir araya sığmaz. O zaman Isa bəy çıxış edib bu diskussiyaya təqribən belə münasibət bildirdi ki, Rauf Arifoğlu və Novella xanıma olan təzyiqlər əslində, Müsavata olan təzyiqdir. Yəni, onlara tam dəstək verdi.
Indi də Isa bəyin müsahibəsində mənim təəssüfümə birinci səbəb o oldu ki, Rauf Arifoğlu Ilham Əliyevlə dost olduqdan, özünün ifadəsilə dialoqa girib, yaxınlaşmasından sonra da Isa bəyin ona dəstəyi davam edirmiş.
Ikinci narahatlıq doğuran məqam isə Cəmil Həsənlinin bu seçkidə guya, cəmi 200 min ətrafında səs alması iddiası oldu. Sitat: “Bu il də prezident seçkilərində bütün demokratik düşərgə bir araya gələrək və Cəmil Həsənli kimi uğurlu bir namizədi, cəsarətli bir namizədi, intellektual bir şəxsiyyəti kəşf etdik, əslində, bir siyasi xadim kimi, bu il vahid namizəd kimi müəyyənləşdirərək seçkiyə getdik və yenə də 200 min civarında səs aldıq”.
Düzü, bu, çox gözlənilməz bəyanat oldu və mənə aydın olmadı ki, Isa bəy bununla nə demək istəyir. Milli Şuranın Arif Hacılının da həmsədr olduğu seçki qərargahı elan edib ki, 9 oktyabr seçkilərində seçicilərin təqribən 20 faizi iştirak edib. Cəmil Həsənli də seçkiyə gələnlərin əksəriyyətinin səsini alıb. Sadə bir hesablama aparsaq, görərik ki, seçicilərin 20 faizi təqribən 1 milyon seçici edir. Yəni 500 mindən az səslə seçkini udmaq olmaz. Cəmil Həsənli özü isə bu gün deyib ki, seçkiyə gələnlərin 65 faizinin səsini alıb. Yəni, azı 650 min seçicinin. Bəs bu 200 min səs söhbəti haradan çıxıb? Necə hesablanıb? Kim hesablayıb? Ümumiyyətlə, bunun elan edilməsi nə deməkdir?
Başqan buyurur: “Məncə, bu (200 min ətrafında rəqəm-N.G), azaldılıb, ancaq fantastik dərəcədə azaldılmayıb. Sadəcə olaraq, seçkidə iştirak edənlərin sayı süni şəkildə çoxaldılıb və Cəmil müəllimin səslərinin faizi aşağı salınıb. Əslində, rəqəmlər kifayət qədər həqiqətə yaxındır.
Bir neçə faktı yada salaq və birlikdə düşünək nə baş verir”.
Bir: Cəmil Həsənliyə MSK 204 min 642 səs yazıb. Isa bəy də deyir ki, bu, fantastik dərəcədə azaldılmayan rəqəmdir;
Iki: Naxçıvanda 316 məntəqə var. Bu məntələrin hər birində Cəmil müəllimə uzağı 1 səs yazıblar. Təkrar edirəm, uzağı 1. 2 yoxdur, bir neçə məntəqədə 0 var. Mən bu “göstəriciləri” fantastik saxtalaşdırma sayırdım.
Isa bəy məni şübhəyə saldı.