Milli Şura artıq xalqın qəlbində özünə yer qazanıb. Hamı bilir ki, hökumət bu alternativ qüvvəni dağıtmaq, heç olmasa, zəiflətmək üçün hər şeyi etməyə hazırdır. Yəni, indi Milli Şuraya qarşı açıq-aşkar getmək, hökuməti sevindirmək bir az qeyri-populyar addımdır. Ona görə də bəzi müsavatçı dostlar Milli Şura ilə konfliktlərini yalnız Rüstəm Ibrahimbəyovla, ya da AXCP ilə konflikt kimi təqdim etməyə çalışırlar.
Əslində isə söhbət AXCP və Müsavat arasındakı fikir ayrılığından, hətta konfliktdən də getmir. Müsavat bütövlükdə Şuraya qarşı mövqe qoyur. Rüstəm Ibrahimbəyovun Fəxri sədrliyini təkcə Xalq Cəbhəsi dəstəkləməyib ki… Milli Şuraya yeni sədr seçdiyimiz Cəmil Həsənli, orada çıxış edən ziyalıların demək olar ki, hamısı – Gültəkin Hacıbəyli, Vidadi Mirkamal, Hacıbaba Əzimov, Eldəniz Quliyev, Zəfər Quliyev, Fuad Ağayev, Namizəd Səfərov və başqaları da Rüstəm bəyin Fəxri sədr olmasına tərəfdar çıxdılar. Çıxış etməyən ziyalıların da mütləq əksəriyyəti səsvermədə bu təklifə səs verdi.
EL hərəkatı, Klassik Xalq Cəbhəsi Partiyası və Açıq Cəmiyyət Partiyası isə nəinki onun Fəxri sədrliyinə razı idilər, hətta onun həmsədr qalmasına israr edirdilər.
Demək istəyirəm ki, indiki “facebook” dövründə xalqı aldatmaq olmaz. Belə görünür ki, Ilham Əliyevin dostu Rauf Arifoğlu Müsavat partiyasını Milli Şuradan qoparmaq üzrədir. Təəssüf…
Milli Şuranın son sessiyasında qəbul edilən qərarları önəmli hesab edirəm. Müxtəlif siyasi zümrələrin cəmləndiyi birliklərdə qərarlar birmənalı qarşılanmır, müxtəlifliyin olması təbiidir.
Ona qalsa, Milli Şuranın üzvü olaraq, mən ümumiyyətlə, Rüstəm Ibrahimbəyovun sədrlikdən uzaqlaşdırılmasını düzgün saymırdım. Elə həmin gün dostlarıma dedim, “facebook” səhifəmdə də yazdım: “Rüstəm Ibrahimbəyovun istefa ilə bağlı yazdığı ərizə mənə Əbülfəz Elçibəyin Kələkidən məcburiyyət qarşısında yolladığı ”səlahiyyətlərinin azaldılması” haqda məktubu xatırlatdı”.
O zaman Elçibəy də irtica ucbatından Bakıya gələ bilmirdi. Oturduğu kənddən respublikanı idarə edə biləcəyi, istefası üçün heç bir hüquqi əsas olmadığı barədə dediklərinə qiyamçıların qulaqları kar olanda o, vətəndaş qarşıdurmasından çəkilərək, səlahiyyətlərinin azaldılmasına razı olmuşdu.
Elçibəy və onun silahdaşları zorun diktəsilə yazılan həmin sənədi qəbul etsələr də, sonra qanunsuz seçki ilə onun devrilməsini görsələr də, mənəvi mövqelərin tərk etmədilər. Onlar 1997-ci ilə qədər Elçibəyi qanuni prezident saydılar.
Taleyin ironiyasına bax ki, o zaman Elçibəyin yanında olan insanlar indi o zamankına tərs sayılan mövqe sərgiləyirlər.
Əlbəttə, iraq olsun, indiki şəraitdə Cəmil bəy qətiyyən Heydər Əliyevin ekvivalenti deyil. Sadəcə, uca səslə deyilməsə də, situasiya həminkidir.
Məncə, vəkil Milli Şura üzvü Fuad Ağayevin sessiyada verdiyi ritorik sual ölkədə demokratikləşmənin təəssübünü çəkən hər kəsi düşündürməlidir. O, təxminən belə dedi: “Rüstəm Ibrahimbəyovun sədrliyi ən çox kimi narahat edir? Hökuməti. Indi hökumət Milli Şura üzvlərinin öz əlilə bu adamı yıxır”.
Ümumiləşdirsək…
Cəmil Həsənlinin sədr seçilməsi təqdir olunasıdır.
Rüstəm bəyin Fəxri sədr seçilməsi doğru idi…
Müsavatçı dostlarımızın Milli Şuradakı fəaliyyətinin davamlı olacağına ümidvaram, onların Şuradan gedəcəyinə inanmaq istəmirəm.
Düşünürəm ki, bu Milli Şura siyasi səhnəmizdə ən uğurlu birlik formatıdır.
Deffektlər varmı? Şəksiz.
Ancaq gəlin, özümüzə sual verək: bu deffektləri Milli Şuranı dağıtmaqla aradan qaldırmaq daha səmərəli və lazımlıdır, yoxsa başqa cür?
Milli Şuranın hədəfləri çox doğrudur.
Şuranın fəaliyyətindəki çatışmazlıqların bir çoxu obyektivdir.
Milli Şuranı qorumaq və gücləndirmək bütün ölkə vətəndaşları üçün vacibdir.