Ondan başlayaq ki, çox uzaqda yox, bir ay əvvəl Ilham Əliyev Rəsulzadənin ən güclü araşdırmaçısı Cəmil Həsənlinin seçkidə haqqını mənimsəyib.
Bundan sonra isə o M.Ə.Rəsulzadənin 130 illiyinin keçirilməsi üçün sərəncam verib.
Kim buna əlahəzrəti xoş gəlmək üçün fürsət kimi baxıb təşəkkürnamələr yazmağa başlayacaqsa (artıq başlayanlar da var), öz işidir. Mənə görə bu, Ilham Əliyevin, daha dəqiq desək, onun tutduğu postun borcu idi. Illərdir heç bir səbəb əsas olmadan yalnız siyasi qısqanclıq, paxıllıq ucbatında ödənilməyən bir borc.
Əliyevin bu addımını cümhuriyyət qurucusuna ehtiram kimi qiymətləndirmək çox sadəlövhlükdür, darıxmayın, az keçməz yoldaş tarix özü hər şeyi sərf-nəzər edər.
Bəs Əliyev niyə Xalq Cümhuriyyətini dönə-dönə ermənilərə torpaq verməkdə suçladıqdan sonra bu addımı atdı?
Yoxsa unutmuşuq, heç bir il olmaz o, AXC-ni tarixi cinayətdə ittiham etmişdi.
Bax, bu maraqlıdır.
Məsələ burasındadır ki son illər xüsusən gənclik arasında Rəsulzadə sevgisi artmaqdadı.
Rəsulzadəyə inzibati düşmənçilik ona məzlumdar kimi ayrı bir sevgi yaradırdı. Bizdə axı qadağan olunan, əzilənlərə həmişə maraq, mübhəm də olsa məhəbbət, canatım olur.
Əliyevlər uzun illər çalışdılar Rəsulzadəni “yox etsinlər”, “dəyərsizləşdirsinlər”, bacarmadılar.
Onda indiki variant işə düşdü, yalançı sevgi, yalançı sahiblənmə.
Əliyev düşünür ki, xeyli sayda siyasiləşməmiş, bitkin siyasi fəhmi olmayan elektoratı bu yolla özünə cəlb edəcək.
Bu lap çoxdanın məkrli üsuludur.
Müqayisə qüsurlu ola bilər, amma bu, təxminən ona oxşayır ki, ABŞ barışmaz düşməni saydığı, milyonların simvoluna dönən Çe Gevaraya “sahiblənib” onun fotolarını araq butulkalarına, müxtəlif istehlak vasitələrinə yapışdırıb tədavülə buraxmaqla onu “zərərsizləşdirdi”. Beləliklə, Çe döyüşkən geriliya simvolundan az qala şou-biznes etiketinə döndü.
Bax, təhlükə də budur!
Daha aydın ifadə edək; Rəsulzadə ciddi siyasi kapitala çevirilib, Ilham müəllim ondan öz konyunktur maraqları üçün yararlanmaq istəyir.
Özü də bu birinci hadisə deyil, hakimiyyətə gəlməzdən əvvəl Heydər Əliyevin də Rəsulzadə faktorundan bəhrələndiyi diqqətli izləyicilərin yadındadı.
Heydər Əliyev Naxçıvanda olarkən başının üstündə M.Ə.Rəsulzadənin portretini asmışdı, hətta Ayaz Mütəllibovu tənqid edirdi ki, neyçün Bakının küçələrini Rəsulzadənin yox, onun portretləri bəzəyir.
Bu höklumətin məmuru olan Elçin Əfəndiyevin də Rəsulzadədən kitab yazması həqiqətdir, faktdır.
***
Ilham Əliyevin bu sərəncamında müsbət olan yalnız bir şey var: onun əleyhdarları, rəsulzadəsevərlər bir daha başa düşüb güc almalıdırlar ki, cümhuriyyət qurucusunun ideya və şəxsiyyəti Heydər Əliyevlə müqayisədə qatbaqat güclüdür, daha etibarlı söykənəcəkdir.
M.Ə.Rəsulzadəyə gəldikdə… Düşünürəm, ona ən böyük sevgi kitablarını oxumaqdır. Bunu da ürəkağırsı ilə yazmalıyıq ki, ölkəmizdə Rəsulzadəni də büt kimi qəbuletmə tendensiyası var.
Çox özünü rəsulzadəçi sayan görmüşəm ki, onun yaradıcılığına bələdçilik – bir kərə yüksələn bayraq bir daha enməzdən… uzağa getmir.
Insafən deyək, Ilham Əliyev BDU-dan, pulun üzərindən, respublikanın bir çox yerindən M.Ə.Rəsulzadənin adını silsə də onun kitablarını oxuyanları həbslə hədələmir, onun kitabları satışdan yığışdırılmayıb və s.
Bəs nə qədərdir Rəsulzadə oxucuları? Azdılar.
Bunu bir şeyə əsaslanaraq deyirəm, M.Ə.Rəsulzadəyə aid keçirilən toplantılarda çıxışlara fikir verin, əksəri ümumi sözlərlə, qiymətləndirmələrlə işini yola verir.
Halbuki onun çox qiymətli yaradıcılığı var; Bəlkə də Rəsulzadə qədər Azərbaycan siyasətində mədəni, ədəbi, siyasi irsi zəngin olan ikinci biri yoxdur.
Şəxsiyyətlərin evin yıxan amillərdən biri ehkamçılıqdır.
Rəsulzadə tabusu yıxılır, yıxılacaq da.
Ümid edək, onun yerini ehkamçılıq tutmayacaq.
Heykəllər gəldi gedərdi, fikirlər, düşüncələr daha önəmlidir.
Oxuyaq, Rəsulzadəni!