“Ərəb baharı”nın vüsət aldığı Tunis inqilabından bəhs edən bir sənədli film var, “Qorxunun ölümü” adlanır.
Baxmamısınızsa, mütləq izləyin. “Youtube”da adını yazıb, öz dilimizdə baxa bilərsiniz.
Filmin mahiyyəti bir ayrı söhbətin mövzusudur, mən cəmi bir məqama toxunacağam. Orada tunisli gənc fəal deyir ki, dostları arasında hansının bloqu “error 404″ə tuş gəlmirdisə, deyirmişlər ki, ”deməli, yaxşı işləmirik”.
“Error 404″ü qısaca aydınlaşdıraq. Bu o deməkdir ki, bloqda, saytda hansısa yazı kimisə narahat edir (bizim misalımızda konkret olaraq, hakimiyyəti), o da xuliqanlıq yolu ilə həmin materialı dağıdır, nəticədə həmin yazını oxumaq istəyəndə qarşına belə anons çıxır: ”Error 404″ – yəni, sənəd, material tapılmadı.
Bu an mənə “Incil”də Isa peyğəmbərin öz ardıcıllarına dediklərini çox xatırlatdı. Isa Məsih “Müjdə”nin – yeni sözün yayılmasının çətin olacağını deyirdi. Onu da əlavə edirdi ki, siz təbliğat zamanı çətinliklə üzləşməyəcəksinizsə, deməli, işi düz görmürsünüz.
Haqq sözü demək məhrumiyyətlə müşayiət edilməlidir.
“…Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Mənim barəmdə şəhadət etmək üçün siz valilərin, padşahların qarşısında duracaqsınız.
…Mənim adıma görə hamı sizə nifrət edəcək, lakin axıracan dözən xilas olacaq (Markın “Incil”i, 13-cü fəsil”).
Sadaladığım bu iki hal “Azadlıq” qəzetinin düşdüyü ağır vəziyyəti başa düşməyi xeyli asanlaşdırır. Yox, mən bu qəzeti Isa peyğəmbərlə eyniləşdirmirəm. Ancaq kim inkar edə bilər ki, “Azadlıq” qadağan olunmuş həqiqətlərin carçısıdır?!
“Azadlıq” yaranışına milyonların şahidlik etdiyi və “Amin” dediyi qəzetdir. “Azadlıq” öz mayasını etirazdan alan tək-tük nəşrlərdəndir və yaranışından bu günə qədər həmişə xalqa, haqq-ədalətə arxa durub. Belə bir qəzetin indiki şəraitdə – ölkədə ədalətsizlik tüğyan edərkən məhkəmələrə çəkilməməsi, zülmə məruz qalmaması təəccüblü olardı.
Ona görə də baş verənlər qəzetin üzləşdiyi ağlagəlməz təzyiqlər, onu susdurmaq, “mülayimləşdirmək” cəhdləri çox təbiidir.
***
“Azadlıq” qəzeti ilə bağlı gedən ictimai müzakirələrdə gur səslə də olmasa, təkrarlanan bir fikrə toxunmaq istərdim: “Qəzetdə peşəkarlıq problemi var”.
Uzun müzakirə açmaq istəmirəm, var belə problem. Ancaq indi “Azadlıq”ın başına gətirilənlər məgər peşəkarlıqla bağlıdır?
“Azadlıq”ı məhkəməyə verib yüksək miqdarda cərimələtdirən insanların adı bəs edir ki, məsələnin nə yerdə olduğunu bilək.
Qiymətləndirmənin əsas meyarı müqayisə deyilmi? Siz peşəkarlıq baxımından “Azadlıq” qəzetindən üstün olan neçə qəzet saya bilərsiniz?
Qəzetin əsas işi həqiqətləri çatdırmaqdır, “Azadlıq” da məhz bu işi gördüyünə görə cəzalandırılır.
Qəzet həm də bir biznes strukturudur. “Azadlıq” bu sahədə də uğura imza atıb. Bu qəzet tək-tüklərdəndir ki, reklamsız ayaq üstədir, satışdan əldə etdiyi gəlirlər hesabına kollektivi saxlayır. Özü də tək öz yaradıcı kollektivini yox…
“Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov bugünlərdə bir müsahibəsində etiraf etdi ki, “Azadlıq” qəzeti onlar üçün əhəmiyyətli tərəfdaşdır. Yalan da demir, bir “Azadlıq”ın çapından əldə edilən gəliri əvəz etmək üçün gərək 30-35 mənasız qəzet çap oluna.
“Azadlıq” olmasa, nəşriyyatlar da itirir.
“Azadlıq”ın satışı ilə məşğul olan yüzlərlə köşk var. “Azadlıq” olmasa, onlar da az itirmir.
Pul-para mövzusu mənim üçün ən xoşagəlməz mövzulardandır, sadəcə, mənzərəni aydınlaşdırmaq üçün bunları vurğulamaq lazım idi.
Çox dəyərli “Azadlıq” oxucusu bilməlidir ki, bizim vaxtaşırı fəryadlarımız heç də iş görüb, məhsulumuzu sata bilməməyimizə görə deyil. Bizimlə qərəz aparırlar, “Azadlıq” üçün təşnə olan minlərlə yerə qəzeti yollamağın qarşısı alınır. Digər tərəfdən, dövlətin yayım şirkəti satışdan bizə çatacaq pulu vermir.
Yekunlaşdıraq, “Azadlıq” bu çətinliyi aşacaq. Mütləq aşacaq, çünki onun təmsil etdiyi dəyərlər ölməzdir. Bu, sadəcə ağır və növbəti sınaqdır. Mümkündür ki, bundan daha pis bir bəla bizi yaxalasın.
Fəqət, nə qədər ki, bu ölkədə mağazadan çörəklə yanaşı, “Azadlıq”ı da bir mənəvi ehtiyac kimi alan insanlar var, qəzet yaşayacaq.
Belə insanlarsa, az deyil…