Qarabağ Ağsaqqaları Şurasının sədri Asif Məmmədli zəng etmişdi. Məndən Bakıda keçirilən “Humanitar Forum”u izləyib izləmədiyimi soruşdu. Heç cavabımı da gözləmədən özü güllə kimi açıldı. Asif müəllim dedi ki, forum qarabağlı ziyalılarda, ağsaqqalarda, ümumən o el-obanın torpaq təssübü çəkən təbəqəsində hiddət yaradıb. Səbəb: “Bu forumun təşkili üçün şübhəsiz milyonlar xərclənib. Bəs məqsəd nədir? Azərbaycanın bir nömrəli humanitar problemi qaçqın və məcburi köçkünlər deyil? Bəyəm bu hakimiyyət deyil ki, öz rəqiblərin şantaj etmək, gözdən salmaq üçün deyir ki, onları kürsüdən başqa heç nə düşündürmür, harda çıxış etmək imkanları olur, neqativ şeylərdən danışır, Qarabağı isə unudurlar. Biz forumı diqqətlə izlədik, orda ağaclardan tutmuş, hüceyrənin quruluşuna qədər çox şeydən danışdılar. Danışılmayan mövzu isə Qarabağ oldu. Bu nə deməkdir?”. Mən Asif bəyin sözünün etibarlı qaynaqlara əsaslandığına inansam da yenə də dinc dayanmayıb, forumun saytına girdim. Doğrudan da heyrətamiz idi. Qarabağ yox idi. Cəmi bir çıxışda – Ilham Əliyevin açılış nitqində Dağlıq Qarabağ sözü üç dəfə heç bir xüsusi vurğu olmadan, hiss-həyəcan doğurmadan çəkilib.
Nə demək olar, əslində vəziyyət aydındı. Biz dilimizlə, qəlbimizlə dönə-dönı israr etsək də ki, Azərbaycanda antixalq hakimiyyəti var, bu hakimiyyət üçün Qarabağ adlı problem yoxdur, deyəsən, dediklərimizə hələ də inanmırıq.
Öz xalqı ilə qəsbkar kimi davranan hakimiyyət niyə başqa bir qəsbkarın xətrinə dəyəcək sözlər deməlidir? Deməyəcək!
Mənim qorxduğum başqa şeydir. Ilham Əliyevin Qarabağı unutmasından betər qarabağlıların, ümumən xalqımızın bu dərdi unutmasıdır.
Seçki qəsbkarlığından sonra Qarabağ ziyalılarının parlaq nümayəndələri Mənsum Ibrahimov və Arif Babayevin “Muğam” yarışmasındakı çıxışlarını izləmisinizmi?
Əslində ölkədə seçkiləri pozaraq dövlət çevirilişi edən Ilham Əliyevə bu adamlar elə tərif yağıdırdılar ki, mənim qollarım iflic oldu. Kimdir Ilham Əliyev?
Bu o adam deyilmi familiyalarının hakimiyyətdə olduğu 20 ildə 20 metr torpağı qarı düşməndən geri almayıb. Onun ali baş komandanlıq etdiyi ordu zəfər xəbərləri ilə yox, intiharları ilə, korrupsiyaları ilə bağrımızı qan etməkdədir. Ancaq Arif Babayev, Mənsum Ibrahimov bunları görmür, görmək istəmir.
Əsas odur ki, Qarabağ muğam məktəbi inkişaf eləsin. Bu adamları o muğan məktəbini dahi və əvəzedilməz simaları saysınlar.
Xülasə, demək istədiyim budur ki, Ilham Əliyevi qınamağa dəyməz, o öz siyasətini bir addım da sağa-sola sapdırmadan davam etdirir. Ilham Əliyev üçün Qarabağın humanitar fəlakəti beş-on ev tikib məcburi köçkünləri ora yerləşdirməklə bitmişdi.
Susmaq ziyalılıqdı?
Mən Ziyalılar Forumunun ictimaiyyətə təqdim edildiyi ilk günləri xatırlayıram. O zaman Rüstəm Ibrahimbəyov “sizin məqsədiniz nədir” sualına belə cavab verirdi. “Bizim məqsədimiz hər kəsi danışmağa vadar etməkdir!”
Yəni, susqunluğa son qoymaq!
Dünənsə Ziyalılar Forumunun parlaq nümayəndəsi Rafiq Əliyevin seçki dövründə susmasına verdiyi izahı görəndə təəccübləndim. O, deyib: “Seçkilər ərəfəsində susqunluq düşünülmüş addım idi. Biz siyasətə qoşulmamaq iddiası baxımından pauza verdik və seçki dövründə susduq”.
Seçki arxada qalıb, indi rahat danışmaq olar. O zaman niyə Rafiq Əliyev ortada yoxdur, niyə onun səsi eşidilmir sualları çox gəlirdi. Cavab yox idi, hətta iki dəfə şəxsən özümə hörmətli akamdemikin canı ilə mübarizə apardığını demişdilər. Demişdilər ki, onun sağlamlığı çox ağır vəziyyətdədir, bu xəbər ürəyimi də ağrıtmışdı.
Indi şükür edirəm, hörmətli ziyalımızın sağlamlığında problem yox imiş. O, sadəcə susmaqla məşğul imiş.
Indi mən çox ehtiramla hörmətli ziyalımızdan soruşmaq istəyirəm: camaatı danışmağa, susqunluğa son qoymağa dəvət edib özünüzün susmağınıza nə ad verirsiniz?