Növbəti mitinqin ünvanı və tarixi dəqiqləşdi: 27 oktyabr, metronun “Inşaatçılar” stansiyasının yaxınlığındakı meydan!
Mitinq razılaşdırılıb, el dilində desək, icazəlidir. Demək, bu mitinqdə iştirak etməmək üçün nə əsas qaldı, nə bəhanə. Formal yanaşsaq, bu mitinq Cəmil Həsənlinin oğurlanan haqqı üçündür.
Hamımız bilirik, bu seçkinin qalibi Cəmil bəydir, onun haqqı qəsb olunub. Tək onunmu?
Cəmil Həsənlinin prezidentlik haqqının oğurlanması həm də o deməkdir ki, xalqın seçmək haqqına hörmətsizlik edilib. Saxtakarlıqla bizim iradəmizə zidd hökumət qurulub.
Kərbəlayi demişkən, biz belə oğru hökuməti tanımırıqsa, onda etirazımızı ifadə etməliyik.
Oğurlanan təkcə səs deyil.
Yoxsullara çatası, vəd edilən neft gəlirləridir;
Əfvi vəd edilən 5 min manatadək bank borclarıdır;
Hər yeni doğulacaq körpə üçün dövlətin verəcəyi birdəfəlik 5 min manatdır;
Müəllimlərə, həkimlərə və büdcədən başqa pul alanlara söz verilən 3-4 dəfəlik maaş artımıdır;
Günahsız insanlar üçün “qızıl amnistiya”dır;
Dindar insanlara əqidələrinə uyğun həyat tərzidir;
Oğurlanan həm də ədalətdir, azadlıqdır!
Bunlardan yana etiraz aksiyası elan edilib. Qəlbində azca insan, ədalət sevgisi olan hər kəs mitinqə biganə qalmamalıdır.
Etiraz aksiyaları dövlətin normal idarə edilməsi üçün ən təsirli vasitədir. Rejimləri etiraz aksiyaları qədər islah edən, tərbiyələndirən ikinci bir şey hələ yoxdur. Siz diqqət etmisinizsə, Azərbaycan hakimiyyətinin xalqa qarşı ən mərhəmətli vaxtı müxalifətin güclü, cəmiyyətin etiraz aksiyalarına kütləvi qalxdığı dönəmlərdə olub. Hakimiyyət nümayəndələri dillərilə etiraf etməsələr də, hər kəsə aydın olmalıdır ki, onların aksiyalar qədər qorxduğu, çəkindiyi heç nə yoxdur.
Əslində, Milli Şuranın məqsədi heç də qorxu yaratmaq deyil. Tam əksinə, bu ölkədə qorxu mühitinin hökm sürməsinə BƏSDIR deməkdir. Güclü qorxu mühiti olan yerdə həmişə yalançılıq, yaltaqlıq pöhrə verir.
Azərbaycan insanını bu cür şəraitdə saxlamaq dözülməzdir. Bu ürəkbulandıran mənzərə dəyişməlidir.
Azərbaycanlıların çoxunda 9 oktyabrdan bu qənaət bərkidi: bizi yağılar, oğrular idarə edir, Ilham Əliyev saxtakarlıq üzərində hökmranlıq edir.
Indi böyük əksəriyyəti bu sual düşündürür: Bəs sonra nə olacaq?
Gizlədiləsi bir şey yoxdur, gündə azı 50 dəfə bu sualla üzləşirəm və cavab verirəm.
Belə bir sualın ortaya çıxması olduqca müsbət hadisədir. Camaat öz gələcəyindən narahatdır və onların sorğusu əslində, Ilham Əliyevin hakimiyyətini də sual altında qoyur.
5-6 il əvvəl edilən söhbətlər yadımızdadı axı… Nə deyirdilər; “əşi özüdür, sonra yoldaşı, sonra da yeznəsi filan”… Indi isə soruşurlar, necə olacaq?
“Necə?” – əslində, daha çox Ilham Əliyevin taxtdan hansı formada salınmasını aydınlaşdırmaq üçün qoyulan sualdır. Əliyevlərin keçirdiyi ilk seçkidir ki, geniş kütlə hakimiyyətin legitim olmadığını görür və qəbul edir.
Bəli, seçkiləri onlar həmişə saxtalaşdırıblar, ancaq həmişə bu, bir az xəlvəti edilirdi, cadugərlik, foks-moks qaydasında törədilirdi. Indi isə aşkar baş verdi və üstəlik, internetin misilsiz gücü oğurluq və saxtakarlığı gözlər önünə çıxardı.
Ilham Əliyevin hakimiyyətlə vidalaşması artıq zaman məsələsidir. O, bağışlanmaz səhvlər edib, özü öz gedişi üçün fərman verib. Tarix onu da göstərir ki, azərbaycanlılar hakimiyyət dəyişikliyini rəvan formada həyata keçirməkdə mahirdilər. Yüz illik tariximizi araşdırsanız, görərsiniz ki, bütün dəyişikliklər, xırda istisnalarla, qansız-qadasız, məxməri yolla olub. Həyatın ağırlığından, yaşayışımızdan, qürurdan məhrum edilməyimizdən yorulmuşuqsa, mitinq üçün tənbəllik etməyək.
Özünü tanıyırsanmı?
Insanlar iki cürdür.
Birincilər, küçə və bazar adamlarıdır ki, onlar zülmə təslim olarlar.
Ikincilər isə seçkinlərdir ki, başlarını cəllada uzadarlar, amma əsla təslim olmazlar!
(c) Doktor Əli Şəriəti