Ötən gün Xalq Cəbhəsinin yaydığı bəyanatın adını rahatlıqla dəyişib “Cəbhə xəbərləri” qoymaq olardı. Seçki kampaniyası dövründə partiyanın üzləşdiyi təzyiq və təqibləri oxuduqca adam düşünür: ölkədə bu partiya siyasətlə məşğuldur, yoxsa ölüm-dirim savaşı ilə?
Ildırım sürətli seçki kampaniyasında cəbhəçilərdən döyülən, həbsə düşən, ən müxtəlif təzyiq metodu ilə üzləşən bir deyil, beş deyil. Ən dəhşətlisi isə budur ki, cəbhəçilərə qarşı kriminal davranışın arxasında dövlət adlanan təsisatlar, dövləti təmsil edən şəxslər durub.
Bütün bunları qısaca ümumiləşdirsək, deyə bilərik:
Cəbhəçilər sırf partiya marağının tələb etdiyi hakimiyyət uğrunda yox, dövlətin xilası üçün mübarizə aparan zümrədir!
Cəbhəçilər təkcə bu seçki dövründə zülm və istibdadın zərərdidəsi olmayıblar ki…
Azərbaycan tarixinin AXCP-nin mövcud olduğu ixtiyari bir dövrünə nəzər salsanız, bu təşkilatın zindanda və meydanda döyüşən üzvlərini görəcəksiniz. Xüsusən, 2005-ci ildən bəri Əliyev zindanları ilə cəbhəçilər arasında məsafəni xeyli azaldıb.
Partiyanın uzun illər qərargahsız qalması, cəbhəçilər üzərinə səlib yürüşü, üzvlərin quru böhtanlarla şərlənməsi, fiziki zorakılıqlar son illərdə fenomenal şəkildə AXCP-yə müsbət imic qazandırıb, onun təşkilati gücünü artırıb.
Bəlkə də kobud bənzətmə olacaq, necə ki, bəzi ağaclar budandıqca daha gümrah və daha yaşıl budaqlar əmələ gətirir, Cəbhənin vəziyyəti də elədir; təşkilata sağdan-soldan çırpılan baltalar, zərbələr onu daha sağlam, daha qüvvətli hala gətirib.
Həbslər, təzyiqlər, satınalmalar Cəbhənin mətanətli mövqeyini sarsıtmasa da, qarşı cəbhədə inadından dönmür. Hakimiyyət çağlayan bulağın gözünü daşla basdırmağın mümkünsüzlüyünü dərk etməyənə qədər, görünür, belə də davam edəcək.
Bugünlərdə əldə etdiyimiz məlumata görə, hakimiyyət seçkidən aldığı travmanın haqq-hesabını bu dəfə də AXCP ilə kəsmək niyyətindədir. Onlar öz pərt vəziyyətlərini müxalifətin avanqard hissəsinə məyusluq sirayət etdirməklə malalamaq istəyirlər. Bu istiqamətdə ən təsirli addım isə AXCP rəhbərliyindən kimisə əla almaq, onu cəbhə dəyişməyə məcbur etmək və ya razı salmaqdır.
Indi yazacaqlarımın məqsədi hakimiyyəti öz addımından çəkindirmək deyil, çünki, ancaq ağılsız adam rəqibin axmaqlığını islah etməyi düşünər. Ona görə də sözüm AXCP-nin təəssübünü çəkənlərə və belə bir partiyanın ölkədə var olmasını uğur sayanlaradı: hakimiyyətin bu cəhdi baş tutsa belə, effekti sıfra bərabərdir. Niyəsini izah etmək asandır…
Əvvəlcə biz müəyyən etməliyik: AXCP-nin gücü nələrdədir və nə üçün o, yuxarıda sadalanan aramsız təzyiqlərə baxmayaraq, çökmür? Axı deyirlər, su da aramla bir sərt qayanın üzərinə damcılasa, onu dağıtmaq gücündədir. Indiki halda isə təşkilatın üstünə daman su deyil, az qala, top-tüfəng qəlpələridir.
Iş burasındadır ki, hakimiyyət partiyanın dayaq nöqtələrini düzgün hesablamadığından, onun zərbələri də təsirsiz qalır. Bəs o dayaqlar nədir, yoxsa indi dəbdə olan şəhər əfsanələri ilə desək, AXCP-də “masson lojası”-filan var?
Qətiyyən! Analizlər onu göstərir ki, AXCP üç ciddi əsaslar üzərində sementlənib:
Bir: partiyanın düzgün ideoloji siyasi xətti;
Iki: partiyanın qətiyyətli, çağdaş dövrün meyarlarına cavab verən sədri Əli Kərimli;
Üç: Xalq Cəbhəsi ideyasını yaşadan onminlər.
Azərbaycan hakimiyyəti misilsiz səylərinə baxmayaraq, bu sadalanların heç birinə yaxın dura, onları təsiri altına sala bilmir.
Sadalanan bu üç amil nə qədər yerindədir, AXCP-nin zəif salınmasından söz açmaq yersizdir. Xalq Cəbhəsindən qopmalar olub, istisna etmək olmaz ki, belə bir hal yenə təkrarlansın. Ancaq diqqətli müşahidəçilərin gözündən yayınmayıb ki, cəmiyyətdə tanınmasına, reytinqinə rəğmən, son illər şirin vədlərə uyaraq AXCP-dən gedənlər çox qısa zamanda özlərini xərcləyiblər.
Belə insanlar ictimai etimadı dərhal itirməklə toplumun sıra nəfəri olur və onlardan AXCP əleyhinə istifadə heç cür baş tutmur. “Yoldan azanı qurd yeyər” məsəli kimi…
Bu mənada, Xalq Cəbhəsindən qopmada ürək ağrıdacaq bir hal varsa da, bu, həmin şəxslərin qazanma həvəsinə qurban gedib xərclənən şəxsiyyətləridir. Ictimai rəy indi obyektiv olaraq çox həssas və çox qəddardır.
Adi bir nümunə: “Davay do svidaniya” meyxanası ilə milyonlar arasında populyarlaşanların Ilham Əliyevin xeyrinə cəmi bir mədhiyyə söyləməsi kifayət etdi ki, onlar sosial şəbəkələrdə, real həyatda vətəndaşların total nifrini ilə üzləşsinlər. O meyxana deyənlər, bəlkə də düşünürdülər ki, qazandıqları ümumxalq məhəbbətinin gözünə Ilham Əliyevi də qatıb xalqa sırıya biləcəklər. Ancaq nəticədə özləri rüsvayçılığa ürcah oldular.
AXCP illərin fırtınalarından elə bir məqama yetişib ki, ona qarşı durmaq xalqın həssaslıq duyduğu həqiqətlərə, ideallara qarşı çıxmaq həddindədir. Keçmiş təcrübələr də göstərir, “müqəddəs yer” onsuz da boş qalmır.
Ocaq sönmürsə, onun hənirtisinə, şöləsinə həmişə toplaşan olacaq.