Şair çox gözəl buyurub:
“Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi”.
Pafosdan uzaq düşüncəm belədir, həqiqətən bizim xalq qədirbiləndi. Ancaq minlərin başın elə qatıblar ki, hamı o qədər şəxsi problemləri ilə yüklənib ki, bəzən başımızı qaldırıb ətrafımızda qiymətli hadisələri görə bilmirik. Sözün əsl mənasında qəhrəmanlıq edən insanlara haqqını verib, quru “əhsən” əta etmirik.
Bütün bunları iki gün əvvəl 25 sutkalıq həbsdən azad olan Tehran Musayevlə danışandan sonra düşündüm.
Tehran Musayev kimdir?
Biz bu suala cavab verməzdən əvvəl onun yaşadığı yerlə bağlı suala cavab verməliyik.
Tehran Musayev Qəbələdə yaşayır.
Böyük tarixi adı olan Qəbələdən, son illər Kəmaləddin Heydərovun şərəfinə Qəbələddin adı almaqda olan yerlərdən söz açıram.
Qəbələ Azərbaycanda yeni təşəkkül tapmaqda olan Naxçıvanın allı-güllü formasıdır. Hakimiyyət oranı qızıl teştə döndərib yerli əhalini o bahalı qaba qan qusdurmaqdadır.
Qəbələdə ictimia-siyasi təsisatlar çökdürlüb, mətbautın ora gedib çıxması Kolumbun ABŞ-ı yenidən kəşf etməsi kimi haqq-hesabdır, az-çox fəallıq göstərən insanlar isə total repressiya maşını önündədir.
Belə bir şəraitdə meydana Tehran Musayev kimi fenomen çıxdı. Yadınızda varsa, ilin əvvəlində o, Qəbələdə fəhlələrin etirazına liderlik edənlərdən idi.
Musayev sonra mübarizəsini daha peşəkar fazada davam etdirmək üçün AXCP-yə yazıldı və qısa müddətdə o sükut çökmüş yerlərdə intizamlı təşkilatlanma işinə başladı. Bu fəaliyyət hər kəsdən əvvəl hakimiyyətin diqqətini çəkdi. Diqqət budur: Tehran bəy az qala hər ay ən gülməli bəhanələrlə şərlərənək inzibatı qaydada həbsə atılır. Məlumatlar gəlir, bu mübariz insanı daha uzun müddətə həbsə atmaq planı var. Yaxşı indi nə etməli?
Biz də “müdriklik” edib “ay Tehran bəy, ac qulağın, dinc qulağın, başını sal aşağı hamı necə, sən de elə” tövsiyəsin verək?
Mən Tehran bəyin məşəqqətli mübarizə yolunu və hətta onun potensial həbs təhlükəsini görərək belə o sözləri deyə bilmərəm. Çünki həbs-filan boş şeylərdir. Hər gün Azərbaycanda az qala yüzlərlə insan ən düşük və axmaq şeylərə görə həbsə düşür, oları dərd etmək lazımdır.
Özünü əqidəsi yolunda fəda edən insana isə yazığımız gəlməməlidir. Tehran Musayev və onun kimi əyalət mübarizləri böyük işlər görür. Bəli, ola bilər ki, onların indi etdiyi gözümüzə balaca görünür, onlar cığırlar açır və bu çox mühümdür. Bu cığırlar üzərində böyük yolların salınacağına kimsə şübhə etməsin. Bəşəriyyəti qabağa aparan həmişə tək-tək fərdlər, onların cəsarətli addımları olub.
Buna görə Tehran bəyi alqışlayıram, o, ehtirama layiq iş görür. Bizə düşən iş nədir bəs?
Birincisi, yuxarıda yazmışam: Bu insanı, eləcə də bu tipli əyalətdə Spartaklıq edən insanları tanımalı, onları dəstəkləməliyik. Bilin ki, o insanların çox umacağı da yoxdur, siz bir telefon zəgi ilə, bir SMS, bir facebook qeydi ilə onlara bitməyən fərəh yaşada, basılmaz enerji verə bilərsiniz.
Ikincisi, Tehran Musayevlər çoxalmalıdır. Onları təkləmək bu qədər asan olmamalıdır.
***
1998-99. Iranın Azərbaycandakı səfiri kim idi, adın unutmuşam. Yanılmıramsa, Qəzzai idi. Milliyətcə türk idi.
Bir dəfə o Əbülfəz bəy barədə xoşagəlməz fikir işlətmişdi. Təxminən belə ki, filan sözü deyəndə Elçibəy yəqin özündə olmayıb.
Özüm şahidəm, bəy danışırdı ki, bu məsələyə görə səfirlə hansısa tədbirdə qarşılaşanda sərt söhbəti olur və səfir ondan üzrxahlıq edir. Səfir deyir ki, bəy, axı sən dəÿ düz eləmirsən, hara çatdın Iranı, məni tənqid edirsən, özü də mənim türk olduğumu bilə-bilə.
Elçibəy: “Dedim, yaxşı edirəm, niyə o cavan uşaqları həbs edib incidirsiniz, axı belə olmaz! (o vaxt hansısa məsələyə görə Iranda xeyli tələbə tutulmuşdu) Səfir də qayıtdı ki, bəy, axı, sizin özünüzdə də betər tuturlar cavanları”.ÿÿ
Bu o vaxt idi ki, Azərbaycanda da Heydər Əliyev seçkiyə görə xeyli insanı dama salmışdı.
Əbülfəz bəy vicdanlı adam idi və elə buna görə də deyirdi ki, səfirə daha irad tutmadım.
Bütün bunları isə rus polisinin əclaflığına qızıb yerli polislərimizin vəhşiliyini görməyənlərin yazdıqlarını oxuyandan sonra xatırladım.