Cəmil Həsənlinin çıxışları siyasi qibləni dəyişməli idi. O çıxışların hər bir kəlməsinə baş qoymalı idi bu xalq.
Onu çox ciddiyyətlə dinlədim.
Məncə, o çıxışlar varkən məğlubiyyət söhbəti gedə bilməz. Bir gün bu məmləkət ayağa qalxa bilsə, o cümlələrin enerjisilə qalxacaq.
Bu, siyasi məqam deyildi.
Bu, əxlaq və mənəviyyat məqamı idi.
Belə qələbə əbədidir!
O, tarixçidir.
Beş illik plan yerinə yetirmədi.
O, tarixə ötürdü ki, bu millət sonacan məhv olmayıb.
Hələ də belə mübarək kişilər var və heç nədən qorxmadan bu millətin haqqını onu yeyənlərin alnının ortasına güllə kimi çaxmağı bacarır.
O göstərdi ki, hətta 6 dəqiqə də çoxdur həqiqət üçün.
2-3 dəqiqə də bəs edər.
Mən eyforiyasız bu düşüncədəyəm.
Və fəxr eləyirəm ki, nə yaxşı, belə bir insanla bir dövrə düşdüm.
Sağdan-soldan bu məmləkətə istehza atan adamlara göstəriləcək elə bir örnəkdir ki, başımız aşağı olmasın.
Bunun nəticələri hökmən olacaq.
Sadəcə istərdim ki, bunu Cəmil müəllim özü də, biz də görək.
Allah zülmkar deyil.
Sınaqdır.
Keçəcək.
Bizi siyavuşnovruzovlara möhtac qoyacaq qədər məntiqsiz bir qanunauyğunluq ola bilməz.
***
Yuxarıda oxuduğunuz qeydləri rahat dövlət kürsüsü olan bir ziyalı mənim üçün yazıb.
O, təkdimi? Qətiyyən. Əminliklə yazmaq olar; bu seçki, Cəmil Həsənlinin çıxışları ən qatı cinayət hadisələrinə oylaq olan dövlət orqanlarında böhran yarada bilib. Indi çoxları, isti ocağına, dövlət himayəsinə, yaxşı gəlirinə baxmayaraq, Cəmil Həsənlinin oğurlanan qələbəsi haqqında düşünür.
“Axı o qalibdir”, “axı o udub”, “axı o, cəsarətlə həqiqəti dedi”… fikirləri bu gün çox beyinləri yormaqdadır. Ona görə rahat olaq, işin ən ağırı görülüb: şüurlarda, düşüncələrdə çevrilişmi, inqilabmı deyək, hər nədirsə, o, baş verib. Həm də bu dəyişiklik xalqın, ədalətin xeyrinədir.
Prosesin gedişində biz bu cür vicdan hayqırtılarına daha sıx rast gələcəyik.
Oğru işini gördü, növbə doğrunundu!
Hamımız gördük: 9 oktyabrda Ilham Əliyev bizim haqqımızı oğurladı, əslində, ölkədə dövlət çevrilişi baş verdi.
Şükürlər olsun, bu dəfə deyəsən, beynəlxalq təşkilatlar qara kürüyə uymayıb. ATƏT, ABŞ Dövlət Departamenti, Ingiltərə hökuməti seçkilərin saxta olduğunu deyir.
Bəs sonra nə olacaq?
Proqnoz vermək indi asandır: 12 oktyabrda keçirilən, saxtakarlığa etiraz mitinqi və ümumiyyətlə, oğurluğa qarşı kütləvi qəzəb sistemli xarakter alsa və yüksəlsə, şər rejimi rahatlıqla cəhənnəmə vasil olar.
Günün bir nömrəli işi psixoloji üstünlüyü qoruyub saxlamaq, təşkilatlanmaq və dinc etirazları davamlı etməkdir.
Bunları edə bilməsək, küsməyə, taleyimizdən üz döndərməyə, beynəlxalq təşkilatlardan inciməyə dəyməz.
Niyəsini başıma gələn hadisə ilə izah edəcəm.
Türməyə təzə düşdüyüm günlər idi. Hələ polis idarəsində saxlanılırdım. Yanıma bir cavan yeniyetmə gətirdilər. O, tutularkən polisin onun başına gətirdiklərini danışırdı, saçlarım biz-biz dururdu.
Məsələn, deyirdi ki, onu it kimi döyüblər, bu öz yerində, sonra isə ana-bacısını ağır söyüblər, daha sonra deyiblər ki, əzizlərini gətirib o söyüşdə ifadə olunanları gözünün önündə onların başına gətirəcəklər.
Mən xeyli əsəbiləşdim. Adama dedim ki, sənə görə nə lazımdısa, etməyə hazıram, öz işimi lap unuduram. Başladım onunla bağlı Daxili Işlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, beynəlxalq təşkilatlara, qəzetlərə şikayət yazmağa. Yazıb bitirdim, sonra dedim ki, gəl, imzala. Yeniyetmə duruxdu və imtina etdi. Daha betər əsəbiləşdim. Ona imza atması üçün bütün cəhdlərim divara dəydi.
Bütün bunlardan sonra dedim ki, igid, sənə deyəsən, axı hələ az söyüblər, sən o təhqirlərin hamısını qəbul etməyə hazırmışsan ki…
Bunları yazmaqda məqsədim odur ki, çox beynəlxalq təşkilatların bizə ürəyi yana bilər, burada dəyişiklik olmasını istəyərlər, fəqət, biz Əliyevlərin zülmünü, haqsızlığını həzm edəcəyiksə, onda heç…
Ümidvaram ki, zülmdən, haqsızlıqdan pəhriz saxlamağı qəbul edənlərin sayı indi daha çoxdur və artmaqdadır.