Yəqin razılaşarsınız ki, Ilham Əliyevin çıxışları cansıxıcılığı, monotonluğu ilə həmişə fərqlənib. Bu il isə o, şeytanın qıçını qırıb xalqın könlünə yatan iki çıxış edib. Bunların hər ikisi isə öz komandasını, məmurlarını tənqidə həsr edilmişdi. Yadınızdan çıxmayıb, bəzi məmur övladlarının, məmurların harınlaşması ilə bağlı olan çıxışları deyirəm.
Siz necə düşünürsünüz, Ilham müəllimin adətinə xilaf çıxıb belə ritorika seçməyi seçki ilində təsadüfdümü?
Mən təsadüf saymıram.
Bəli, o həqiqəti tam da olmasa dilə gətirib. Ancaq bu, həqiqətpərəstlikdən doğan addım deyil.
Başa düşməliyik ki bu məmur harınlığı əliyevçi idarəetmənin mahiyyətindən doğur.
Budur, sizə materail təqidim edirəm. Orda da Ilham Əliyevin atası məmurlarının harınlaşdığını etiraf edir.
“Bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər.ÿ
Hər bir vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var”.
Göründüyü kimi bu ölkədə illərdir, rəsmən etiraf olunan mənsəbə söykənən qudurğanlıq, harınlıq var. Bu tendensiya günü-gündən də artır. Heç bir bəlağətli çıxış real və sərt dövlət siyasəti görməyincə bu harınlığı önləyə bilməz.
Harınlıq, qudurğanlıq bu hakimiyyətin canından qidalanır. O gün Şahvələd Çobanoğlu facebookda yaxşı bir müşahidəsini yazmışdı. Uzaq rayonlardan birinə səfər edən yazar yolboyu qəzaları görərək yazmışdı ki, bu qəzaların arxasında “polisə 5-10 manat verib xətamı ötüşdürəcəm” düşünən zehniyyət durur. Təkcə yolda belədirmi? Hər yerdə, hər sahədə ədalət itib, hüquq ayaqlar altındadır.
Siz bir yan-yörənizdən soruşun: Azərbaycanda adam öldürüb hüquq mühafizə orqanlarının əli ilə o qanı batırmağın qiyməti var. Bu qiymət hardasa 30 min manatdan başlayır. Günlük qazancı (əslində xalqdan talanı) 25-30 min olan insan niyə də qudurmasın?
Bu suala seçki vaxtı hamı cavab axtarmalıdır.
AXCP-də hesabat xarakteli iclas keçirirdik. Əli Kərimli (partiya sədri) hamını dinlədi, vəziyyət yaxşı deyildi, hesabatların məzmunundan görünürdü ki, mən daxil çoxu öz vəzifəsinə etinasız yanaşıb, vəzifə borcunu gərəyincə yerinə yeriməyib.
O zaman Əli Kərimli ömrü boyu unutmayacağım və hər kəs üçün ibrətlik fikir dedi.
Təxminən belə: “Mən heyrət edirəm, siz o sıravi ”JEK” işçilərini görmüsünüz, onlar 5-10 manat maaş alırlar, ancaq seçki saxtakarlığı üçün qarışqa kimi çalışırlar. Bütün qüvvələrini bu işə qoyurlar.
Mən soruşuram: niyə bizdə o “JEK” işçisində olan qədər öz işinə bağlılıq, can yandırma yoxdur?
Niyə?
Niyə o “JEK” işçisi nahaq işin qalib gəlməsi üçün can qoyur, amma biz haqq işimiz üçün iki addım atıb yoruluruq, bir həftə yatırıq?
Bu suallar indi, seçki kampaniyasının bu gərgin anlarında xüsusən aktualdır. Siz hafiz hacıyevin mitinqini gördünüz. Pis demək olmaz. Babat idi. Əlbəttə, ora yığışanlar hafizlik deyil, Ilham Əliyevlikdir.
Ağa deyib, davay dərəyə, onlar da sürüblər ora.
Mən jurnalist Sevinc Vaqifqızının qeydlərindən oxuyanda ki, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev tələbələri başına yığıb Hafizin mitinqinə gətirib, yerə çökdüm, başım hələ də ağrıyır.
Bu alçaq mənzərənin, Azərbaycan insanının qürurdan məhrum edilməsinin baiskarı hazırkı hakimiyyətdir və mən buna görə əliyevləri şiddətlə lənətləyirəm. Fəqət, o lənətdən daha artığını özüm, dostlarım, əqidədaşlarım üçün edirəm.
Axı niyə biz “onlar” qədər işimizə bağlı deyilik?
Necə olur ki, universitetdə vəzifəsi olan bir müəllim hətta özünə rəva bilir ki, meydana gəlib Hafiz Hacıyevi dinləsin, ancaq biz Cəmil Həsənli kimi cəsarətli və ləyaqətli adamın mitinqindən yayınmaq üçün min bir yol tapırıq, yolu tapmayanda da qarnımız ağrıyır.
Xülasə, söz budur: şər cəbhəsi qədər öz dəyərlərimiz uğrunda fədakar və inadcıl olmasaq, biz əbədiyyən Ilham-Hafiz tandemindən çox bəlalar dadmalı olacağıq.
Ilham Əliyev və Yezid
Bakı Dövlət Universiteti…
Bu təhsil ocağından M.Ə.Rəsulzadənin adını Əliyevlər götürüb. BDU-nun yaranmasında Rəsulzadənin danılmaz rolu olduğunu bilə-bilə. Bu hakimiyyət BDU-da illərdir Rəsulzadəyə abidə qoymağa da “pul tapmır”.
Bu hakimiyyət illərdir dərsliklərdən Rəsulzadə ilə birgə nə qədər şərəfli insanı mövzu olaraq çıxarır, onların yerini Əliyevlərlə, Paşayevlərlə doldurur.
Bunlar, demək, hələ şükürlük imiş.
Xəbəriniz olsun, BDU-da Müaviyyə oğlu Yezidin şeirləri tədris olunur.
Bəli, bəli yanılmadınız imam Hüseynin başını kəsən Yezidin!
Bu torpaqlarda imam başı kəsən adamın şeirlərini tərənnüm edən zehniyyət səs ala bilməz. Təki xalq bundan agah olsun!
Tünzalə Ağayevanın mesajı
Müğənni Tünzalə Ağayevə Ilham Əliyevə mahnı həsr edib. Mən bu hadisəni sevinclə qarşıladım. Tünzalə xanımın dilinə düşmək siyasətçilərə baha başa gəlir.
Oxuyun.
Tünzalə Ağayeva Hüsnü Mübarəkin arvadının şeirlərinə mahnı bəstələyib oxudu, 8 ay sonra Mübarəkin mitilini atdılar.
Tünzalə Ağayeva Gülər Əhmədovanın sözlərinə aid mahnı oxudu, 6 ay sonra Güləri dama saldılar.
Indi növbə Ilham Əliyevə çatıb.