Kəmalə Bənənyarlı. Bu gənc xanım kütləvi aksiyalarda qəhrəmanlıqlar yaradan birisidir. Cəbhəçidir. Facebookda da durmadan rejim əleyhinə fəaliyyətdədir.
Ötən gecə onun Hüseyn Abdullayevi göyə qaldıran statusunu oxuyub yerə çırpıldım.
Niyə?
Kəmalə Bənənyarlı minlərlə bizim ana bacımız kimi kütləvi aksiyalarda polis vəhşiliyi ilə üzləşənlərdəndi. O ancaq haqqı dilə gətirdiyinə görə vəhşiliyə tuş gəlir; həbs olunur, cərimələnir, anti-insani münasibətlə üzləşir.
Bunu edənlər kimdir? Yeni dövrün hüseynabdullayevləri.
Bəli, yanılmırsız, bir zaman belə namərd hərəkətlərin təşkilatçılarından biri və böyüyü Hüseyn Abdullayev olub.
Kəmalə Bənənyarlının indi onu öyməsi ictimai əxlaq normalarının korşaldan aktdır, bugünkü hüseynabdullayevlərə qol-qanad verməkdir.
Bugünkü hüseynabdullayevlər düşünməyəcək ki, madam istənilən cinayəti, vəhşiliyi edəndən sonra bir həzin mahnı ilə döyüb, təhqir etdiyin insanların könlünü almaq mümkünsə, niyə nanəcibliyimi davam etdirməyim?
Bəlkə mən yanılıram?
Burda bilirəm ki, deyəcəksiniz bağışlamaq uca işdir, alicənablıqdır, bağışlayaq. Mən sizinlə razılaşacam.
Fəqət, sizin yadınıza salacam, bağışlama nəyin qarşılığında olur? Inandığınız Allah özü ən böyük bağışlayan olmasına rəğmən tələb edir: tövbə et, sonra bağışlayım.
Indi sizdən soruşuram, bəli, tutaq ki, Hüseyn Abdullayevin mahnısı gözəldi, amma o tövbəkardımı? Siz onun bir zaman müxalifətçiləri döydürtüyünə, təhqir etdiyinə görə peşimanlıq çəkdiyini, sizlərdən üzr istədiyini eşitmisinizmi?
Mən eşitməmişəm, görməmişəm.
Xülasə, mən baş verən bu hadisəni təhlil edəndə bir daha Leninin əzəmətini gördüm. O, mübarizə aparan insanların sentimentalizmə meyillənməsini az qala inqilabi xəyanət sayırdı.
Mənim baxışım belədir: Qətiyyən şərin cəbhəsini tərk edib demokratik düşərgəyə qatılanlara qarşı deyiləm. Əksinə, həmişə “ziyanın yarısından dönməyi xeyir” saymışam. Belə halları təqdir edirəm. Insan yanıla bilər, onu səhv yerlərə əsir edib saxlaya bilərlər, daha o qədər şeylər mümkündür ki. Ancaq mən bu dəyişənlərin həqiqətən dəyişdiyinə inanmaq istəyirəm. Niyə onlar keçmişlə bağlı susmalıdırlar ki?
Sizin kimi mənə də qaranlıqdı; görəsən Hüseyn Abdullayev və onun kimilər keçmişdə demokratiyaya tutduqları divana görə heç olmaya peşmandılarmı?
Bunu bilmək bizim hamımızın haqqıdır.
Tofiq Yaqublunun aciz qoyduğu adamlar
Çox vaxt biz şüuraltı olaraq zəif adam gəzirik.
Gəzirik ki, girəvəyə salıb, məsələn, onu danlayaq, bu yoxdursa, müdrik-müdrik məsləhətlər verək, ağıl öyrədək, təsəlli verək, qorxma deyək və s.
Di gəl güclü adamlarla rastlaşanda işlər qəlizləşir, belələri də var axı.
Məsələn, Tofiq Yaqublu.
Mən indi aciz, əlim-ayağım bağlı, dilim lal qalmışam bu adamın qarşısında.
Tofiq bəy həbsdədir.
Neynəməliyəm? O, güclü insandır, çöldə qalan balaları Nərgiz, Nigar Yaqublular ondan da cəsur və igiddilər.
Bu insanlara necə təsəlli vermək olar, necə onlara “möhkəm olun”, “qorxmayın” və s. demək olar?
Deyərsən ee, qayıdıb adama deyərlər ki, bekarsan?!
Mən Tofiq bəyin ucalığı önündə susmağı üstün tuturam.
Allah qapını açsın bəy!
Narkomaniyanın çiçəklənməsi
Narimanovda bir kafe var, məşhurdur. Müştəriləri aşıb-daşır.
Diqqətimi çəkən bu qədər müştəri və gəlirə rəğmən kafenin tualetinin qapısının cəftəsiz olmasıydı.
Bu gün dözməyib administratora dedim: niyə bu qədər xəsissiz, niyə müştəriləri düşünmürsüz, ayıbdı axı, bura bir cəftə qoymaq belə çətindi?
Bilirsiz nə eşitdim?
Dedi: qardaş, nə xəsislik, dərdimiz var.
Nə dərd yahu?
Heç demə, narkomanlar tualeti iynə vurmaq üçün istifadə edirmiş.
Soruşdum: axı burda cəftəsizliyin nə mənası?
Dedilər: gec çıxan olanda boylanırıq ora. O qədər orda bayılan olub, götürüb leşin ayıltmışıq.
Bu yerə gəlib çıxdıq.
Heyf xalqımıza.
Hakimiyyət yaxşı olar ki, milli-demokratik düşərgənin, etirazçı insanların cibində “narkotik” axtarmaqdansa, belə yerləri, belə problemləri düşünsün.
Bu bəladan onlar sığırtalanmayıb. Bu ağır dərd onaların da qapısını bir gün döyəcək. Bəlkə də artıq döyüb.