29 aprel 1992-ci il. Zərdüşt Əlizadənin baş redaktorluğu ilə çıxan “Istiqlal” qəzeti. Prezidentliyə namizəd Əbülfəz Elçibəylə müsahibə. Bir səhifəlik müsahibədən bizim öyrənə biləcəyimiz bir çox şey var.
Məsələn, müxbir Elçibəydən soruşur: “Yunus Oğuz sizin haqqınızda ”Elçibəy fenomeni” adlı məqalə yazıb. Bu yazıya münasibətiniz necədi?”.
Elçibəy: “Mən onu çağırıb, dedim ki, o cür yazılar yazma, xahiş edirəm. Mən elə şeyləri xoşlamıram”.
Il olub 2013, Elçibəy haqq dünyasındadır, Yunus Oğuz isə rəhbərlik etdiyi nəşriyyat orqanlarında elçibəyçilərə böhtan yağdırır, Ilham Əliyevə isə hər kəlməsindən sabun süzülən məhdiyyələr yazır, yazdırır. Indi ona yazma deyən yoxdur, Yunis Oğuz və onun kimilərinin məddah xislətlərinin çiçəklənən dövrü, zəmanələridir. Bir mədhiyyə yazır, ağaları deyir: Yunus, daha sabunlusun bacarmazsanmı?
Indi onlara mədhiyyə yazma XAHIŞi edilmir, məhdiyyə yaz əmri edilir. Cavab isə birdir: Ləbbeyk, ya rəhbər!
Yunusu rahat buraxaq, daha maraqlı şeylər var.
Məsələn, siyasi portretlər. Azərbaycanda Heydər Əliyev və Ilham Əliyevin portretlərindən məhrum çox az yerə rast gələrsən. Bu bol protretlər şübhəsizdir ki, şəxsiyyətə pərəstiş elementləridir. Şəxsiyyətə pərəstiş isə axmaq bir hadisədir.
Portretləri xatırlamağım əbəs deyil…
Ötən prezident seçkiləri ərəfəsində Ilham Əliyev növbəti populist çıxışlarından birini edib şəhərdəki fotolarının yığışdırılması göstərişini verdi. Zatən bu olmalıydı, çünki Seçki Məcəlləsi namizədlərin bərabər şərtlər altında yarışmasını tələb edir. Amma nə edəsən, onun qurduğu bu bəsit oyundan müxalifət nümayəndələri də imkan yaratdılar ki, Ilham Əliyev xal yığsın. Mən Iqbal Ağazadə kimi “təbrikçi müxalifətin” Ilham Əliyevin bu addımına əl çalmasını demirəm. Pənah Hüseyn kimi birinin “prezident Ilham Əliyev də çox güman ki, çağdaş siyasi mədəniyyət nümunəsi kimi bu addımı atıb. Yəqin ki, dövlət başçısının bu göstərişindən sonra portretlərin yığışdırılması davamlı bir şəkil alacaq”- kimi lazımsız fikirini ürək ağrısı ilə xatırlayıram.
Nə isə. Həyat sübut etdi ki, Ilham müəllimin qurduğu bu oyun qısa müddət üçün idi, çünki seçkidən sonra onun portretləri böyük küçələrdən tutmuş, kənd cığırlarının qırağına qədər peyda oldu. Amma biz bu hadisəni siyasi mədəniyyətdən uzaq hadisə kimi dəyərləndirən Pənah Hüseyni görmədik.
Əls siyasi mədəniyyət nümunəsini isə Pənah Hüsyenin prezidenti olan Elçibəy yaradıb. Yuxarıdakı müsahibədən sitatlar verirəm:
“Bəzən mən qəzetdə oxuyuram, mənim barəmdə yazırlar ”peyğəmbər ruhlu adam”, “millətimizin atası”. Görünür, məni ya düz başa düşmürlər, ya da ələ salmaq üçün deyirlər”.
Müsahibənin davamında Elçibəy deyir ki, hətta seçki təbliğatı dövründə maşınlara vurulan plakat fotolarını görəndə gülməyi gəlir.
Nəhayət, seçki kampaniyası yaxınlaşır, namizədlər özləri üçün uğurlu çıxış və vədlərin axtarışındandır. Mənə görə, bu seçkidə ən uğurlu seçki vədini Ilham Əliyev verə bilər. Formasını da düşünmüşəm, məqbul bilsə, halal xoşudur, götürüb işlətsin. Bax belə:
“Hörmətli seçicilər!
Ötən on ildə sizə söz verdim ki, 1 milyon iş yeri açacam.
Açdım da!
Bu dəfə məni seçin, söz verirəm, açılan o iş yerlərində maaş da veriləcək!”