Yanılmıramsa, sonuncu dəfə 5 il əvvəl belə şənlənmişdim. Bu o vaxt idi ki, Ramiz Mehdiyev nədənsə telekanallardakı bayağılığa qəzəblənib bir məqalə yazmışdı. Məqalə isə iqtidar cəbhəsindəki boşboğazlara danışmaq, ziyalı kimi görünmək üçün yaxşı fürsət vermişdi.
Heç unutmaram, Mehdiyevin mübarək qeydlərindən ilhamlanan ilklər arasında dövlətin rəsmi qəzetlərindən birinə rəhbərlik edən Bəxtiyar Sadıqov da var idi. Bəxtiyar müəllim cuşa gələrək, bir səhifə həcmində məqalə yazıb orada Faiq Ağayevi, ATV-nin o zamankı yüngülməcaz aparıcısı Yusif Ağayevi yıxıb sürümüşdü. Bəxtiyar müəllimə görə, bu cür adamları sənətkar kimi xalqa təqdim etmək xəyanətə bərabər bir şey idi.
Bəxtiyar müəllim yazısından aldığı mənəvi gücün bəxtiyarlığını yaşadığı bir anda bahoo, Ilham müəllim eyni gündə iki sərəncam verdi. Bu sərəncamlara əsasən, Bəxtiyar müəllimin tənqid etdiyi hər iki şəxs Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə yüksək adla mükafatlandırıldı.
Eşitdiyimə görə, bu sərəncamdan sonra Yusif Ağayev onun mükafatlandırıldığı haqda xəbəri dərc edən Bəxtiyar müəllimin rəhbərlik etdiyi qəzeti, bir də onun tənqidi məqaləsini zərfə qoyub onun ünvanına göndərir və ora cəmi bir cümlə yazır: “Nooldu, rəis alınmadı?”
Avqustun 15-i daha tarixi gün idi. Bildiyiniz kimi, hanısa mübhəm səbəbdən bir müddət idi ki, hakim düşərgədə müğənni Ilhaməni gözümçıxdıya salmışdılar. YAP-ın parlamentində mədəniyyət işlərinə baxan deputat Nizami Cəfərov belə, “primadonna”nın tənqidinə girişmişdi. Hakimiyyətin bir çox “ziyalıları” yaman fəallaşmışdılar, Ilhaməni asıb-kəsirdilər.
Budur, Ilham müəllim növbəti dəfə onların qəhrəman olmaq arzusunu gözündə qoydu – Ilhamənin sinəsindən “Şərəf” ordeni asmaqla!
Açıq deyim ki, Ilham müəllimin öz lakeylərini belə söndürməsindən həzz alıram.
Təşəkkürlər, Ilham müəllim!
Təbriklər, Ilhamə xanım!
Kimlərsə Ilhamə xanımın “Şərəf”lənməsinə hirslənibsə, düz eləmir. Bu medalı sizcə kimə verməliydilər? Ramiz Mehdiyevin daşıdığı ordenin bir tayını siz kimə rəva bilirdiniz ki?
Mitinq əhval-ruhiyyəsi
Əziz dost!
Avqustun 18-də Milli Şuranın keçirəcəyi mitinqə artıq rəsmi icazə verildi. Indi çox kreativ olmalısan ki, mitinqə getməmək üçün səbəb, bəhanə tapasan.
Bu mitinq hamının işidir.
Bu mitinq dəyişiklik istəyən bütün kəslər üçün nəzərdə tutulub.
Qardaşlar, bacılar, sizi müharibəyə, yaxud şadlıq sarayına toya çağırmırıq ki, çətinlik çəkəsiniz.
Dəyişiklik, boynumuzdakı bu əsarət və miskinlik yükünü atmaq üçün avqustun 18-də mitinqə bir saatınızı ayırın.
Məndən soruşurlar: bəy, axı 18-i mitinqə gəlməklə nə dəyişəcək?
Mən isə deyirəm: sənin özün dəyişəcəksən, ölkədə baş verən alçaqlığa münasibətin dəyişəcək, artıq laqeyd insan olmayacaqsan, yumruğunu sıxacaqsan, saxtakarlara qəzəbini, müqavimətini göstərəcəksən. Və bu, dəyişikliyin təməli olacaq.
Kim nə deyir desin, avtoritar rejimləri, tiranları xalqın kütləvi etirazları kimi heç nə tərbiyələndirə bilmir. Bunun çoxlu nümunəsini sadalamaq mümkün olsa da, mən ən yaddaqalan bir hadisəni nəql edim. Iranın devrilən şahı Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi xatirələrində yazır ki, o, həmişə ABŞ-ın xəyalı ilə yaşayıb. Şah bir dəfə onu ABŞ-a aparır. Illərin xəyalına qovuşan xanım gecə yatdığı otelin pəncərəsi önündə kiçik bir piketçi dəstəni görür. Onlar “Şah rədd olsun!” qışqırır. Bu kiçik aksiya Fərəh Pəhləvini necə yaralayırsa, o, ikinci dəfə şahın ABŞ səfəri təklifinə “yox” deyir.
Analoji hadisə şah hər il Isveçə qış istirahətinə yollanarkən baş verir. Isveç hökuməti şahı xəbərdar edir ki, iranlı mühacirlər burada aksiya keçirmək istəyir. Bu dəfə nə şah, nə də arvadı ora gedir.
Illərdir bizim rahatlığımızı əlimizdən alanlara biz də bir saatlıq narahatlıq yaşatmaq üçün meydanda olaq!