Azərbacandan Suriyada vuruşmağa gedib həyatlarını itirən vətəndaşlarımıza görə ürəyim ağrıyır. Bəziləri onları hətta lənətləyir, Suriya müharibəsinin bu insanların axırına çıxmasına görə alqışlayanlar da var, mənimsə ürəyim ağrıyır, axı ölənlər bizə yad adamlar deyil.
Suriyaya gedənlərin çoxu Bəşər Əsədə qarşı çıxan sələfilərdi, onların ideyaları mənə kifayət qədər yaddır. Ancaq bir mühüm məsələ var və biz onun haqda açıq danışmalıyıq.
Azərbaycanda dindarlarla sekulyarlar arasında mübahisə düşəndə adətən birincilər belə deyir: əşşi, nə zəhləmi tökürsən, bura xoşuna gəlmir, get Irana, Ərəbistana.
Yeri gəlmişkən, bu, qətiyyən yolverilməz haldır, vətəndaşlara qarşı ayrı-seçkilikdir. Heç bir mübahisəyə səbəb olan əqidə ölkə vətəndaşlığından qovulmağa əsas bəhanə ola bilməz. Çox təəssüf ki, belə səhvi sadə adamlar bir yana, bəzən nəhəng siyasətçilər də edir. Necə ki, Türkiyədə prezidenti postmodern inqilabla aşırdılar, mərhum Ərbakanın ardınca onun təəssübkeşlərinə belə demişdilər. Ərbakan tərəfdarları isə ölkədən getmədilər, əksinə, 5 qat güclənib yenidən Rəcəb Tayyib Ərdoğanın timsalında qayıdıb 10 ildən çoxdur türk siyasətində meydan oxuyurlar.
Mətləbdən uzaqlaşmayaq, budur dostlar, dindarlar sizin çağırışlarınıza hay verməkdədilər; onlar gedirlər, özü də kefə yox, ölümə! Bu, həqiqət anıdır, biz o adamların səmimi və əqidələrinə bağlı olmasının təsdiqini görürük.
Siz mənə bu məqamda desəniz ki, bəy, sənin xəbərin yoxdur o adamları pulla ora aparırlar. Şübhə etmirəm ki bu da var. Ancaq siz düşünürsüz ki, bu qədər insan canları ilə alver edirlər? Insan ölümü pulla satın alırsa, gör indi vəziyyət necə dəhşətlidir. Lakin mən bu pul məsələsinin 5-6-cı dərəcəli iş sayıram. Biləsiniz ki, Azərbaycan ordusunda da, xüsusən ön cəbhədə hərbi qulluqçulara – gizir və zabitlərə az maaş vermirlər. Buna baxmayaraq biz ordumuza kütləvi marağı müşahidə edə bilmirik. Əksinə…
Indi gəlirik daha ağrılı məqama.
Bəs biz demokratlar əqidəmizə ölkədən qovmaq istədiklərimiz qədər sadiqik?
Bəs biz inandığımız dəyərlərdən ötəri canımız nədi, ümumiyyətlə, nələrisə itirməyə hazırıq? Mən birmənalı cavab verməyə çətinlik çəkirəm.
Azərbaycandan qürbətə gedən demokratlar da var.
Onların Məkkəsi Qərb ölkələridir, Almanya, Isveç, Fransa, Norveç və s.
Bəs bizimkilər nə edir? Kiçik istisnaları çıxsaq, onlar bizdən – burda qalanlardan beş qat əfəldilər?
Bəzisi hətta əfəllikdən də o tərəfə keçib elbeyihesenlilik edir; zövqden, həqiqətdən məhrum qeydləri ilə katalitik zəhər rolunu oynayırlar. Qərb bunları yalançı filosofa çevirdi. Bizə isə əsgər lazım idi və lazımdı. Xülasə, işimiz çətindi.
Siz dinləməmisiniz?
Əli Kərimlinin AXCP Ali Məclisindəki son çıxışını dinlədim. Mümkünsə dinləyin və bir suala cavab tapmaqda mənə kömək edin: niyə siyasətin təbiəti bu qədər nankordu? Axı bir adam siyasi birlik, iyrənc idarəetmə əleyhinə hərəkət üçün daha nələri etməlidir? Niyə bu qədər güzəştli, barışcıl, gücünə adekvat olmayan dərəcədə iddiasız siyasətçidə hələ də bəziləri “hakimiyyət dəyirmanına su tökmək” əməli axtarır. Ədəb, qanacaq gözləmədən belə fikirləri hətta ictimailəşdirir. Niyə? Bütün ailə üzvləri belə rejimin murdar və amansız repressiyası ilə üzləşən, buna rəğmən yolunu azca da olsun dəyişməyən, mübarizədə tərəddüdə girməyən insanı haqqını yemək niyə bu qədər asan olun axı?
Xahiş edirəm, səhv salmayaq, heç kimin “Əli Kərimli toxunulmazdır”, iddiası yoxdur. Hər kəs kimi Əli Kərimli də tənqid olunmalıdır, tənqid üçün o da açıqdır. Söhbət, gözgörəti iftira atmaqdan, böhtançılıqdan, adamın haqqını yeməkdən gedir.
Şəxsən belə hala mən dözə bilməzdim. Əlimi sallayıb gedərdim. Özünüzü düşünün, lap kiçik bir işi görmüsünüz, haqqınızı vermirlər, əksinə, bu işə xain bir niyyət üçün əl buladığınızı desələr, nə edərsiniz?
Onunçün, hər kəsdən təki Əli Kərimliyə də deyil, zəhmət sərf edən insanlara diqqətli olmaq, onlara qarşı məsuliyyətli davranış seçməyin təmənnasındayam.
Bir dəfə Seymur Baycan demişdi: Təsəvvür et ki, bu qədər xoşagəlməz deyingənlik vaxtı Əli Kərimlini, Isa Qəmbəri axşam xəbərlərdə görürsən və o deyir, mən bezdim, gedirəm. Onda necə olar cəmiyyətin halı?
Sizcə necə olar?