Tarix Əliyevin qarşısında səxavət süfrəsini açıb, qalır onun dadmağı
Bir dəfə Əbülfəz Elçibəy Heydər Əliyev haqqında təxminən belə demişdi: “Tarix çox az adama göstərdiyi mərhəməti Heydər Əliyev üçün edib. Tarix ona imkan vermişdi ki, sovet vaxtı pambıqla kəsdiyi başların yerinə məlhəm sürtsün, insanlara verdiyi zülmü xidmətləri ilə unutdursun, amma o bunu etmədi”.
Əbülfəz bəyin sözündən çıxış edərək yaza bilərəm, tarix Heydər Əliyevin də oğluna qarşı xəsislik etmədi. Ilham Əliyev atasının etdiyi zülmləri unutdurmaq üçün şans yaratdı. O, reklamlarda deyilən kimi, hələ bunlar son deyil, tarix Ilham Əliyevə əyyamını cah-cəlal içində sürməyi də qıydı, ona iki illik külli-ixtiyar sahibliyi əta etdi. Və tarix yenə də ona qarşı mərhəmətlidir. Indi Ilham Əliyevin əlinə çox az adama nəsib olacaq fürsət düşüb. Indi onun imkanı var, həm atasının, həm özünün etdiyi cinayətləri unutdursun, həm də Azərbaycanın tarixinə adını parlaq qeydlə salsın.
Nələri nəzərdə tuturam?
Qarşıdan seçki gəlir, artıq sanılı günlər qalıb. Hakimiyyətin namizədi Ilham Əliyevdir. Doğrudur, söhbətlər gəzir ki, Ilham müəllim tərəddüd içindədir, seçkiyə qatılmaq istəmir, Mehriban Əliyevanın namizəd olmasına maraqlıdır. Mən pərdəarxası işlərə qatışmıram, tam bilmirəm Əliyev, yoxsa Əliyeva namizədliyi ilə bağlı hakim ailənin təəssüratları necədir. Dəqiq bildiyim şeylər var, mənə xoşdur ki, onlardan yazım.
Azərbaycanda siyasi böhran elə bir həddə çatıb ki, Mehriban Əliyeva da deyil, hətta başqa biri ixtiyarı hakimiyyət namizədinin arxasında Ilham Əliyev olacaqsa, bu yenə də fiaskodur. O baxımdan ki, azərbaycanlılar bu üsul-idarədən sadəcə beziblər. Adamlar sadəcə belə qaba, harın, saymazyana hakimiyyətdən yorulublar. Hazırkı hakim komanda min bir cilidə girsə də insanların qəlbinə yol tapa bilməz. Dəyişiklik labüddür, bəli, ola bilsin ki, cəmiyyətin indiki hakimiyyəti dəyişməyə, yeniləməyə taqəti çatmır, buna görə qətiyyən elə başa düşülməməlidir ki, hakimiyyət vətəndaşların “dilin bilir”, onların problemlərini həll edib, buna görə də qurdla quzu yanaşı otlayır. Qətiyyən belə deyil, sadəcə bizim camaat hesabını yaxşı bilir, risk etmək onun təbiətinə ziddir, sistemə müqavimət göstərməyə azca fürsət tapan kimi nəinki bu müqəddəs işi görür hətta sistemin atasına od vurur. Biz bu odun alovlarını, şöləsini çox uzaq keçmişdə Quba və Ismayıllıda gördük. Eləcə də odlanan Heydər Əliyev Mərkəzinin necə ümumxalq şadyanalığı yaratdığına da şahid olduq.
Beləliklə, bu hissəni ümumiləşdirək; əliyevlərin namizədi olacaq istənilən şəxs Ilham Əliyevin, eləcə də Heydər Əliyevin ağır siyasi irsinin daşıyıcısı sayılacaq və buna görə cavabdehlik daşıyacaq. Belə birinin seçki uğuru böyük sual altındadır.
Ona görə də əminliklə yazıram ki, tarix Ilham Əliyev qarşısında böyük səxavət süfrəsini açıb. Lazımdı onu qiymətləndirib, ondan istifadə etmək. Ilham Əliyev dönəminin başa çatdığını qəbul edərək seçki yarışından imtina etməlidir. Bəli, bu onun üçün ən uyğun variantdır. O, qısa vaxt ərzində seçki yarışı üçün əlverişli şərait yarada bilər, ədalətli seçki ilə demokratiyaya keçidin təməlini qoya bilər. Başqasının ağzını güdməyin, o bu addımı atsa, “əhsən, Ilham Əliyev” deməyəcəksiniz?
O bu addımı atsa, seçkidə qalib gələn hər kim olur olsun, bu ilin qəhrəmanı Ilham Heydər oğlu Əliyev sayılacaq. Bu, qətiyyən məğlubiyyət deyil, əslində şahlıq quşunun başa qonması kimi bir haldır. Axı onsuz da bu vəzifədən getməlisən, bundan daha ağıllı, qəlbəyatan başqa variant varmı? Inqilabla devrilməkdir gözəl, yoxsa hər gün lənət qəbul edərək ölməklə (təbii ölüm)? Bu variant hətta demokratik seçkidə uduzub hakimiyyəti əbəb-ərkanla təhvil verməkdən də ağrı-acısızdır.
Gəlin düşünək, bu variantda Ilham Əliyevin qazandıqları çox olacaq, itirdikləri?
O, kürsünü itirəcək, haqlısınız.
O, Azərbaycan sərvətlərindən hər gün ələ keçirdiyi pullardan məhrum olacaq, bu da doğrudur. Fəqət dayanmayaq, daha dərindən düşünək. Bu kürsü ona nə üçün lazımdı?
Onun ən qatı bədxaxlarının dediyi budur; ata və oğul Əliyevlər bu vəzifəni Azərbaycan xalqından qisas almaq üçün istifadə ediblər, edirlər. Düzü, mənə qaranlıqdır ki, onlar bu məzlum xalqdan niyə qisas almalıdılar? Xalq onlara səltənətlərini və həyatlarını rövnəqləndirmək üçün daim şərait yaradıb. Amma hesab edək ki, lap belədir, Əliyevlər bizə bəlli olmayan səbəbdən azərbaycanlılara düşmən kəsilib. Burdan bəyan edirəm, Ilham müəllim, gerçəkdən belə niyyətiniz olubsa, daha toxtaq olun, siz bu xalqdan necə lazımdı qisas almısınız. Bu xalqın düşünən beyinlərini zəlil etdiniz, ən dəyərli insanları bir tikə çörəyə möhtac edib alçatdınız, Azər Həsrəti kimi “7 dövlət bir konseyi” başqanını özünüzə mədhiyyə dedirtməyi bacardınız, qərhəmanlığı, sücaətli olmağı, torpaq təəssübü çəkməyi bizlərə yadıxdırdınız, milləti əsarətdə məhv olmağa qoymayan dəyərləri deqradasiya etdirdiniz… bundan artıq qisas olmaz. Yox, siz bu xalq üzərinə tam qələbə çalmaq istəyirsinizsə, bağışlayacaqsınız, obyektiv səbəbdən bu mümkün deyil. Xalq üzərində əbədi qələbə mümkün deyil, tarix bunu istisna edir. Demək, qisas alınıb, daha burda nöqtə qoymaq olar.
Kürsü sonra nəyə lazımdı? Həvəs üçün idisə, 10 il bu həvəsi təmin edir. Yoxsa, çoxlu dost-tanış, çevrədən diqqət görmək üçün? Hmm, bu təbii, insani hissdir, ancaq kim mübahisəyə hazırdır, mən desəm ki, Əliyev ailəsini dostsuz, səmimi insani münasibətdən məhrum edən elə bu kürsüləri olub…
Heydər Əliyevin çoxsaylı müsahibələri var, o deyirdi ki dostu yoxdu. Ağır günlərində, canı ilə əlləşəndə çörək verdiyi kimsə onu yad eləməyib, yoluxmayıb! Ilham Əliyevin Heydər Əliyevdən daha qabiliyyətli olduğunu zənn etmirəm. Zatən, o da bir neçə dəfə ətrafına qarşı etimadsızlıq göstərdiyini nümayiş etdirib. Dostsuz bir insan ömürünün necə faciəli olduğunu düşünə bilirsinizmi? Axı o zəhrimara qalmış kürsü heç cürə dostu, sirdaşı əvəz edə bilmir. Onunla dərd-sərini, sevincini paylaşmaq olmur.
Daha nəyə lazımdır kürsü? Hə, yuxarıda yazmışdıq-pul yığmaq üçün. Hələ bizə çatan adda-budda xəbərlərə görə, Ilham müəllim və ailəsinin pul problemi yoxdur. Onların varidatı milyardlarla ölçülür. Indi Ilham Əliyevin qayğısı daha çox pul yığmaq yox, yığdıqlarını rahat xərcləmək olmalıdır.
Yox, hələ də Ilham Əliyev fikirləşirsə ki, onun hakimiyyətdə olması üçün əhali gecə-gündüz dua edir, ona qarşı xalqın eşqi bitib tükənmir, onun qurduğu Azərbaycanın doğrudan da dünyada analoqu yoxdur, hə, onda vəziyyət xarabdır və burda rasional elm və təhlil öz gücünü itirir. Belə yerdə ancaq bunu demək qalır: Allah qəlbinə rəhm salsın, bəsirət gözünü açsın!..