Canımızı vətən üçün fəda etməyə də imkan vermədi, namərdlər!
Abuturiyentlərin keçid balı bu il yenə endirildi. Təhsilin zəlilliyinin göstəricisi olan bu məqama nədənsə hökumət rəsmiləri aydınlıq gətirmir. Bu biabırçılığı 5-6 nəfərin 700 bal toplaması ilə yaradılan qara-qışqırıqla ört-basdır edirlər. 700 bal məsələsinə isə zənnimcə, ən dəqiq şərhi gənc bloqçu Bəyim Həsənli verib. Bəyim yazmışdı:
“O 700 bal yığan bacı deyib e, ”bu, Ilham Əliyevin uğurlu siyasəti nəticəsindədir”, haqlıdır, qınamayın. Ilham Əliyevin “uğurlu siyasəti” nəticəsində hamımız o bacını tanıdıq, yoxsa, 100 nəfər 700 bal yığsaydı, onların arasında itib-batacaqdı, kim idi onu tanıyan? 700 bal toplamaq Ilham Əliyevin sayəsində möcüzəyə çevrilib”.
Məsələnin ciddiyyətinin itməsinə imkan verməyək. Niyə məzunların göstəricisi ildən ilə aşağı düşür? Hökumətin bu istiqamətdə analizi varmı?
Kitab bəhanəsi artıq aradan qalxıb, məktəbələr pis-yaxşı pulsuz dərsliklər verilir. Bəzi şayiələrə görə, hətta məktəblərdə kompüterlər də var. Bəs niyə xalqın balası Allahın gözündən düşüb?
Keçənlərdə yap-çı deputat Aydın Mirzəzadə imtahanın nəticələrinin aşağı olmasının səbəbini belə izah etmişdi ki, həmin ilin məzunları Cəbhə-Müsavat hakimiyyəti dövründə doğulduğundan travma alıblar, ona görə qabiliyyətləri aşağıdır.
Hökumətin izahının olmadığı indiki halda, bizdə Aydın müəllim kimi sərsəm fikir yürüdüb, “onlar Heydər Əliyevin dövründə anadan olduğundan, travmalıdılar” iddiasını ortaya qoya bilərik.
Ancaq parlaq əks-arqumentlər ortada olduğu halda, böhtana, sərsəm xəyallara nə ehtiyac var.
Bugünkü nəticələr aparılan dövlət siyasətinə uyğundur. Nəticələrin hələ üzünü ağ eləyən fədakar valideynlərdir. Məhz onlar uşaqlarını orta məktəblərə yox, repetitorlara əmanət edərək, təhsilimizi rüsvayçılıqdan xilas ediblər. Bu gün “hazırlıq” deyilən o proses olmasa, 700 bal toplayan nədi, 100 bal toplayanları barmaqla göstərərdik.
Bəs vəziyyət niyə belə acınacaqlıdır? Ona görə ki, savadlı adam avtoritar rejim üçün baş bəlasıdır. Savadlı adamın nəyi də olmasa, qanmağı var. Qanan adamı isə idarə etmək qanmazınla müqayisədə daha çətindi.
Doğrudur, qanan adamı da avtoritar rejimə kölə etmək, ələ almaq olur. Amma fərq var, məsələn, qanmazın səsini bir qaloşla tovlayıb almaq olur, qanana isə gərək qızıl dükanı, bəd ayaqda sayt açasan, altına maşın alıb qoyasan və s.
Bələliklə, hər il olduğu kimi, builki nəticələr də bizə əyan elədi ki, Əliyevlər savadsızlaşdırma siyasətində israrlıdır. Bəs xalq niyə bundan məmnundu, anlamıram. Axı biz insanlarımızın özlərinin bu cahilləşdirilmə prosesinə müqavimət göstərdiyini görmürük.
Şübhə etmirəm ki, Ilham Əliyev çevrəsindən kənardakıların savadlanmasını istəmir. Bəs biz özümüz nə qədər bunda maraqlıyıq? Nə qədər məktəb tanıyıram ki, oradakı müəllimlər nəinki xalqın balası, heç öz övladı ilə məşğul olmur.
Bir müəllimin özü mənə acı etiraf etmişdi: “Suçu atam məni müəllim etdi, mən isə müəlllim olaraq, oğlumu suçu yetişdirdim”.
Tanıdığım nə qədər müəllim var, kompüterə şeytan əməli kimi baxır. Bu bir az şişirtmə oldu, ancaq doğrudan da onlar özlərində yeni texnologiyanı öyrənməyə heç bir mənəvi ehtiyac hiss eləmirlər.
Bu böhran cəmiyyətin və onun avanqard hissəsi olan müəllimlərin əsarət zəncirindən çıxdığı günə qədər davam edəcək. Bu nə zaman baş verəcək, onu bilmirəm. Ümid edək ki, silkələnmək üçün qəbul ballarının 50-ə endirilməsini gözləməyəcəyik.
Suriyada vuruşanlar
Azərbaycan ictimaiyyəti heç vaxt eşitmədiyi xəbərləri eşidir. Bu, Suriyada həlak olan insanlarımızla bağlıdır. Əsədə qarşı döyüşənlərlə bağlı xəbərlər üstünlük təşkil edir. Ara-bir Əsəd tərəfdən “Hizbullah” əsgəri kimi döyüşən azərbaycanlılarla bağlı da xəbərlər gəldi.
Azərbaycan Ordusunda nakam, çiçəyi burnunda sönən gənclərimizin acısı azmış kimi, sərhədlərdən kənardan gələnlər də onlara qoşuldu.
Biz Suriyaya döyüşməyə gedən insanların əqidəsini bəyənməyə bilərik. Mənim özümün də çoxlu tənqidlərim var. Məsələn, neyçün Azərbaycanda diktatorluq edən, küfrü, bütpərəstliyi dövlət siyasətinə çevirən, məscidləri uçuran, bağlayan, möminləri zindana atan bir hakimiyyətə qarşı səssiz qalırlar, ancaq Əsədə qarşı müharibəyə yollanırlar?
Bu sualları vermək asandır, ancaq mən özümüzə sual verməyin tərəfdarıyam. Azərbaycanı nə hala qoydular ki, bu ölkənin vətəndaşları öz yaralarından çox başqasınınkının qeydinə qalır. Razıyam ki, insana ucalıq verən özündən çox başqasını fikirləşməsi, başqasının dərdi üçün canını fəda etməsidir. Fəqət, Suriyaya gedənlərin Qarabağ kimi dərdi yaşadıqlarına nə qədər əminik? Mən əmin deyiləm. Bizim üçün utancvericidir, öz torpağı əsarətdə olan xalqın oğlanları başqa torpaqlarda can verir.
Mən qərib ellərə şəhadətə çatmaq üçün gedənlərdən daha çox Azərbaycan hakimiyyətini qınayıram və haqsız deyiləm. Məhz bu hökumət ölkədə döyüş ruhunu, cəngavərlik duyğularını öldürdü. Qarabağı unutduranlar əslində, müharibə görməyib, o dövrdə taxıllıqda, piştaxtanın arxasında gizlənənlər oldu. Suriya müharibəsi göstərdi ki, azərbaycanlılar heç də hökumətin təlqin etdiyi kimi qandan-qadadan qorxan deyillər. Azərbaycanda ölümə hazır insanlar var. Ancaq o insanları yetişdirən dövlət deyil. Dövlətimiz bu işi bacarmadı, bəlkə də istəmədi. Ilham Əliyevin, Səfər Əbiyevin əmri ilə sinəsini güllə qabağına verə biləcək neçə adam tanıyırsınız?
Ilham Əliyev çıxışlarında tez-tez mürahibə ritorikasından istifadə edir. Təki bu çıxışlar erməniləri qorxutsun, amma qorxudurmu? Cəmiyyətin döyüş əzmi yoxdursa, sərkərdənin asıb-kəsən çıxışı gülüş doğurar, başqa heç nə.
Qarabağda partizanlıq etmək istəyənləri türməyə dolduranda, “Qarabağı ala bilmirsinizsə, silah verin gedib döyüşüb, ölüb biz alaq” deyən Abgül Süleymanova “terrorçu” adı qoyub 11 illik həbsə atan hakimiyyətin nə vecinə ki, vətəndaşı harda, nə üçün ölür.
Canımızı vətən üçün fəda etməyə də imkan vermədi, namərdlər!
Xülasə, himnimizin “səndən ötrü can verməyə cümlə hazırıq” bəndi də funksiyasını itirib.