Naxçıvan necə bir yerdir, bilirsiniz. Naxçıvan barədə yazılanlar Azərbaycanın yeni əsri üçün “Qorxulu nağıllar” seriyasındandı.
Azərbaycansa möcüzələr diyarı olduğundan, burda qatığın qara olduğunu sübut edənləri, eləcə də Naxçıvanın cənnət olduğunu iddia edənlərlə rastlaşmaq çox təbiidir. Onlardan biri ilə iki gün əvvəl tanış oldum, həmin şəxs özündə cəsarət taparaq Naxçıvanı tam başqa rakursda ictimaiyyətə təqdim edib, hələ yazının sonunda çağırış da edib ki, bəs Naxçıvanın əldə etdiyi uğur və nailiyyətlər öyrənilərək respublikanın başqa bölgələrinə də tətbiq edilməlidir.
Kimdir bu şəxs? Siz onun adını “Möcüzəsiz möcüzə” kitabında eşitmiş olarsınız – Ərşad Əzimzadə. Ərşad müəllimin dövlət mətbuatında Naxçıvan barədə yazdığı məqaləni növbəti möcüzə adlandırmaq olar.
Məqalə qəlbimdə dərin iz buraxdığından ona vaxt ayırmağı vacib sayıram. Müəllif Naxçıvan Ali məclisinin sədri Vasif Talıbovla həmsöhbət olub. O yazır ki, görüş 15 dəqiqə nəzərdə tutulsa da, bir də ayılıblar ki, 3 saatdır söhbət edirlər. 15 dəqiqlik planlaşdırılan işin 3 saata yekunlaşması onun əlamətidir ki, bu görüş qətiyyən yaradıcı, ciddi məzmun daşımayıb, necə deyərlər, it gəldi örkən apardı janrında davam edib. Bunu sübut edən ən ciddi amillərdən biri 3 saatlıq söhbətdən müəllifin cəmi 4 cümlə yaza bilməsidir. Deməli, söhbətin ictimaiyyət içinə çıxarılası məğzi elə bu 4 cümlədə cəmlənib və ilk başdan düz edib bunun üçün 15 dəqiqə müəyyən ediblər, bu 4 cümlə üçün bu qədər vaxtın özü belə israfdı, handa qala 3 saat ola.
4 cümlədə Vasif müəllim maraqlı məsələdən danışıb. O deyib: “Övladımın toyuna ən yaxın qohumları dəvət elədim. Heç bir nazir, təşkilat rəhbəri, idarə müdiri, iş adamı o toya dəvət almadı. Süfrəyə iki növ xörək gəldi. Sadə, təmtəraqsız bir toy oldu. Yaslarımız da elin sağlam adət-ənənəsinə uyğun, yəni çox sadə keçir”.
Vasif Talıbov bu sözləri müəllifin dəhşətli problem kimi qabartdığı yas və toy mərasimlərinə cavab olaraq deyib. Şübhə eləmirəm, mümkündür ki, Vasif müəllim övladlarının toyunu bu cür saya edib. Bunu hətta alqışlamaq olar. Lakin bəyəm Talıbov ailəsinin təmtəraqı, ümumiyyətlə, cəmiyyətin dərdi-səri sadə toyla həll olurmu? Ən müxtəlif nəşrlər Vasif Talıbovun övladlarının hesabı itən varidatından yazır, onların fotsunu yayır. Bu materallarda aşkar israfçılıq, eşy-işrət süzülür. Talıbovun övladlarının özünəvurğunluğu və özlərini məsuliyyətdən azad hiss eləmələri o həddə çatıb ki, onlar öz “facebook” səhifələrində mal-mülkləri barədə müxalifət qəzetlərinin yaydığı məqalələri də sevincək paylaşırlar.
Və bir xatırlatma da vacibdi. Heydər Əliyev də “sadə toy” əhvalatları ilə xalqın başının altına çox yumşaq yastıqlar qoyub. Bir sənədli filmdə o, öz nişanını bir qutu “çeburaşka” şokaladı ilə yola verdiyini, övladına da dar dairədə bir toy keçirdiyini demişdi. Çoxları ağzı aralı bu hekayətləri dinləməkdəykən bir də ayıldılar ki, Əliyevlər ailəsi dünyanın ən cah-cəlallı adamları olub. Mövzudan çox uzaqlaşmayaq.
Azərbaycanda yas və toy mərasimlərində israfçılıq varmı, əlbəttə! Ancaq cəmiyyətin daha ciddi problemlərini gözardı edərək bunun üzərinə getmək yüngülsaqqallıqdır.
Birincisi, heç kim unutmamalıdır ki, özəlliklə toy sektoru məmurların monopoliyasındadır və toy dəbdəbəsinin böyüməsi onların diqtəsidir. Çıxın Bakıdakı şadlıq evlərini monitorinq edin, deyin ki, mən toyumda 2-3 cür yemək verəcəm. Sizi qapıdan qovarlar.
Ikincisi, ənənələr özü-özünü islah edir, heç kimin özünü atdanıb-düşməyinə ehtiyac yoxdur, hamı bu problemdən narahtadırsa, deməli, artıq islahat labüddür, axan su öz yolunu tapacaq.
Azərbaycanda yas mərasimlərində, dəfndə, qəbrüstü abidələrin götürlüməsində israf var, lakin heç kim unutmamalıdır: bu israfın xərcini onu edən özü çəkir. Bəs dövlətin israfı? Məmmədin atasının qəbrinin üstünə mərmər daş qoyması israfdı, ancaq onun pulunu başqa biri ödəmir, ancaq Ziya Məmmədovun mənasız və lüzümsuzcasına yolun qırağına düzdüyü mərmər bordürlərin pulu bizim cibimizdən gedir. Budur ən böyük israf!
Ən böyük israf az qala hər kənddə Heydər Əliyev muzeyi, mərkəzi, heykəli quraşdırmaqdır.
Ola bilsin, Vasif Talıbov yüksək diqqəti və atalıq qayğısı sayəsində Naxçıvanda hazırkı şəraitdə ideal yas mərasimləri keçirilməsini təmin edə bilib. Mənsə istərdim ki, o naxçıvanlıların gözəl ölüb, dəfn edilməsi üçün yox, yaxşı və ləyaqətli yaşaması üçün bir şey düşünsün.
Mən istərdim ki, o yas mərasimlərində Ibrahim Ibrahimli kimi ağsaqqal və abırlı bir şəxsiyyəti siyasi baxışlarına görə təzyiqlərə məruz qoymasınlar.
Indilikdə isə bunlar yoxdur. Və belə bir şərait mənə “Tanatos mehmanxanası” povestini (A.Morua) çox xatırladır. Həmin povestin məzmunu təxminən belədir. Bir işbaz həyatdan bezib ölmək istəyənlər üçün əyləncəli mehmanxana düzəldir. Adamlar yaxşı şəraiti, zövq oxşayan atmosferi, səliqə-səhmanı olan mehmanxanaya gəlir və burda xəbərləri də olmadan ölümlə qovuşdurulurlar.