Jurnalistlərə paylanan ev mənim üçün lap “Molla Ibrahimxəlil kimyagər”dəki meymun söhbətinə dönüb. Ha istəyirəm, bu xoşagəlməz hadisəni xatırlamayım, hərlənir-fırlanır yadıma düşür. Belə görünür ki, bu mənzillər hələ çox mövzuya material olacaq.
Özümüzü avamlığa qoyub dövlətin jurnalistlərə ev paylamaq niyyətinin, hətta sağlam və səmimi olduğunu düşünsək, nəticəyə baxıb birmənalı demək olar: Alınmadı!
Ilham Əliyev bu kampaniyadan qazanc götürmək istəyirdi, qarğış, ah-nalə qazandı. Təkcə son iki gündə sosial şəbəkələrdə bu “mənzil maskaradı”na baxmaq kifayətdir ki, buna əmin olasan.
Əvvəla, bu hadisə göstərdi ki, dövlət başçısı onu təbliğ edən media qurumlarından çox-çox mənəviyyatlı və insaflıdır. Əminəm ki, o, bu evlərin tikilməsinə göstəriş verəndə onu da tapşırmamışdı ki, hökumətyönlü qəzet rəhbərləri üç-dörd evləri ola-ola, özləri mənzilə iddia edib, qara fəhləlik edən evsiz müxbirlərini unutsunlar.
Açığı, mən hökumətin şərini bər-bəzək kimi təqdim edən iqtidarpərəst sıravi jurnalistlərin evsiz qalmasından, hətta məmunam. Ancaq bununla bir fakt da bəlli oldu ki, uzun illərdir müxalifətə, ölkənin etirazçı kəsiminə qarşı haqsızlıq edən insanlar, onlara hər imkanda pislik etmək üçün canfəşanlıq edənlər, hətta bir süfrə başında oturduğu, bir yerdə işlədiyi yoldaşlarına qarşı da namərddilər, onların da haqqını “uf” demədən yeyə bilirlər.
Dövlət hesabına tikilən evlər gülməli vəziyyət yaratdı. Bəlli oldu ki, məsələn, Azərbaycanda inkişaf, hətta almanların paxıllığına səbəb olacaq qədər yüksəlib, ancaq 20 ildir YAP-ın mətbuat xidmətində çalışan Hüseyn Paşayev evsizmiş. Lənət şeytana, Hüseyn Paşayevin heç cümlə qura bilməyəcək qədər jurnalistikadan kənar olması bir yana, bəs bu adam niyə ev ala bilməyib?
Başqa bir yoldaş – Asəf Hacıyev. Asəf bəy “Xəzər” telekanalının prezidentidir. Özünü dərk etdiyi gündən Əliyevləri dəstəkləyib. Asəf bəy artıq babadır. Dəhşətə bax, o da evsiz imiş. Bütün dünyada telekanallar özləri biznes nəhəngi sayılır, qaz vurub, qazan doldururlar. Bizdə isə telekanalların rəhbərləri belə, hökmdarın ətasına möhtacdılar.
Belə rüsvayçı nümunələr çoxdur, təsəvvür edin, mən hələ abırlı örnəkləri yazdım.
Bir məqam da düşündürücüdür. Orada ev alan jurnalistlərin çox bazar iqtisadiyyatının tərənnümçüləridir. Hansını dindirsən (çoxu ilə bu haqda bərk mübahisəm düşüb), sosializmi pisləyəcək, dövlətin bazara müdaxiləsinin yolverilməz olduğunu cild-cild kitab adı çəkməklə “əsaslandıracaqlar”.
Yaxşı, qardaş, bəs sizin indi yaşadığınız nədir?
Əliniz var, qolunuz var, di gedin, özünüzə ev alın də. Bəs niyə ala bilmirsiniz? Dövlət niyə qarşılıqsız ev paylamalıdır? Niyə bu ölkədə jurnalist özünə ev almaq gücündə deyil?
Və gəlirik işin həssas məqamına…
Bir dəfə Zamin Hacı lap cavan vaxtlarında yazmışdı: “Heydər Əliyev elə ürəkdən ”bizim bir milyondan artıq qaçqınımız var” deyir ki, adam düşünür, sanki ağsaqqal bizim “bir milyon ton qızılımız var” deyir”.
Bunu niyə xatırladım. Mən dövlətin paylayacağı ev üçün namizədliyimi verməkdən imtina edən jurnalistlərdənəm.
Evdən imtina etməyənlərin arasında çox ciddi mənzil problemi olduğunu da dərk edirəm. Inanın, mənimki də çox ağırdı. Maaşımın belini qıracaq qədər kirayə verirəm. Amma bu, mənim üçün dözüləndir.
Bunlar heç, indi gələk bu qədər uzunçuluq etməyimə. Evsizlik yamandır. Əli-qolu olan bir insanın özünə ev qura bilməməsi betər yamandır. Bir quş da özünə ev qura bilir, bizsə yox. Buna səbəb isə zalım Əliyevçi rejimdi, bizim qabiliyyətsizliyimiz yox.
Ona görə normalda bir insanın, Zaminin sözlərinə yaxın olmasın, “evim yoxdur”u fəxrlə deməsi normalda ayıb sayılmalıykan, bizdə sayılmır.
Qədim bir məsəl də var: Insanlara balıq vermək lazım deyil, balıq tutmağı öyrətmək lazımdı. Azərbaycan vətəndaşlarının, o sıradan jurnalistlərin mənzil qayğısını düşünən hökumət ağlabatan və əlçatan ipoteka sistemi yaratmalıdır. Belə olanda heç kimin nə ev üçün zarıyıb, minnət götürməyinə ehtiyac olar, nə də hökmdar lütfünə.