Vicdan məhbusu Rəşadət Axundovun məktubunu oxudunuz? Çox təsirliydi. O, məktub “Azadlıq”da işləyən bütün insanlara dərdlərini unutduracaq gücdəydi. Əli-qolu bağlı bir məhbusun sənə dayaq durması, özündən çox səni qorumaq üçün çalışması nə deməkdir?
Siz Azərbaycanda neçə belə qəzet tanıyırsız ki?
Belə bir söz var: “Pis dost kölgə kimidir, günəşli gündə ayağının altında sürünər, səni tək buraxmaz, buludlu gündə isə sən onu axtararsan, tapa bilməzsən”.
Rəşadətin məktubu göstərdi ki, “Azadlıq”ın əməyi itməyib. “Azadlıq” öz prinsipal davranışı ilə qiymətli dostlar qazanıb.
Rəşadət Axundovun “Azadlıq”da şəxsən tanıdığı dostları var, fəqət onun məktubu bir dost yanğısı deyil ki. Mən yada salım, üzünü belə xatırlamadığı gənc ADP-çi vicdan məhbusu Rəşad Mürsəlovdan da biz belə məktub almışıq. Rəşad hətta türmədən bizə boğazından kəsib abunə pulu da yollamışdı.
Bu işi ilahiyyatçı alim Tale Bağırzadə də hətta bizi utandıracaq iltifatla etmişdi. Tale bəy də ağır günümüzdə həbsxanadan abunə kampaniyamıza qoşulmuş, dostlarını da bu iş üçün səfərbər etmişdi.
Zaur Qurbanlının yazısı…
Bu yazıda “Azadlıq” o qədər birmənalı yüksək qiymət vardı ki, hətta özünü “Azadlıq”a dost sayanların bəzisi o yazını həzm edə bilməmişdi.
Bütün bunlar çox yaxşı hadisələrdir. Cəmiyyətdə yeni tendensiyanın başladığını göstərən əlamətlərdir.
Və mən əminəm, bu qədər sadiq və qayğıkeş oxucusu olan qəzetə heç kim, heç nə qalib gələ bilməz. “Azadlıq”ı susmağa qoymayan onun arxasında dayanan bu gücdür.
Söyüş kralı Etibar Hüseynov
Bu günlərdə jurnalist həmkarımız Nicat Dağlar ağır günlər yaşadı. Onun sağalması üçün dövlət başçısı Ilham Əliyev pul ayırdı. Dərinliyə getmədən, Nicatın, ailə üzvülərinin başına bu hökumətin nələri gətirdiyini xatırlamadan Ilham Əliyevin bu addımına mən də “sağ ol” deyirəm. Sözümsə bu iki hadisəni əsas tutub zəlil mənəviyyatını ictimailəşdirən “lidertv”inin törəməsi Etibar Hüseynovla bağlıdır.
Etibar məqalə yazıb və özünü Siyavuş Novruzovdan da qatı Ilhampərəst göstərərək Nicata qaxınc edib, ona müdafiə etdiyi Rəsul Quliyev yox, “prezidentim kömək etdi” yazıb. Etibar Nicatın vaxtilə Əliyevlər əleyhinə yazdığı məqalələri də xatırladıb, sanki böyük bir günahı ifşa edib.
Azərbaycan çox qəribə yerdi, dostlar. Ictimai rəyin kütləvi zəhərlənməsi nəticəsində adamların yaddaşı bir az korlanıb, üstəgəl ictimai qınaq sıfırın altındadır, bu isə etibarkimilərə rahat nəfəs alıb, min bir hoqqadan çıxmağa imkan verir.
Axı öz keçmişindən (eləcədə bu günündən) utanmalı olan biri varsa, bu, Etibardı.
Bəyəm o Etibar deyil ki, “Lider”in qapısından hələ keçməmiş “bir atam öləndə ağlamışam, bir də Əbülfəz Elçibəy öləndə” yazan?
Axı bu sənin keçmişindi, Etibar Hüseynov…
Atana Elçibəyi bərabər tutmuşdun, amma indi Elçibəyin “E”sini dilinə gətirə bilmirsən. Barı sən keçmişdən danışma.
Mən heç onun üzərinə qayıtmaq istəmirəm ki, Nicatdan fərqli olaraq qardaşın Əliyevlərin üstünə qələmlə, yazı ilə getməyib, “Kalaşnikovla” gedib, silahlı dəstə ilə Əliyevlərin axırına çıxmaq istəyib.
Bunlar da heç. Məni dəhşətə gətirən nə oldu? Etibar yazır ki, Nicatı heç vaxt bağışlamayacaq, Nicatla edəcəyi çoxlu söhbəti var, çünki jurnalist vaxtilə onu təhqir edib.
Aman Allah! Həyatında “uğur” saya biləcəyi hər nə varsa, hamısını təhqirin hesabına qazanan Etibar Hüseynov, sən dəmə, təhqirdən pis olurmuş. Etibar Hüseynov Azərbaycan cəmiyyətinin ən ləyaqətli, ən vətənsevər, vicdanlı şəxsliyyətlərini təhqir etməklə deputat mandatına yiyələnən adamdı. Təhqirlərinə görə ona kostyum alıblar, altına maşın qoyublar, ev alıblar və bu indi durub təhqirin acısından danışır.
Nicat onun haqqında bilmirəm nələri yazıb, ancaq Etibarın anatomik və bəsirət gözü hələ tam kor olmayıbsa, məsləhət bilərdim, “youtube”də, başqa sosial şəbəkələrdə onun öz və əzizlərinin ünvanına yazılanları bir-bir oxusun.
Azərbaycanda onun qədər antipatiya, söyüş ünvanı olan ikinci adam, yəqin ki, Köçəryandı.
Və Etibar onu da unutmamalıdır, necə ki o keçmişdə təhqir edilməyini unutmayıb, hər kəs də onun kimidir, əmin olsun, onun da təhqirləri hər kəsin yadındadı və buna görə o, cavab verəcək.