Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı baş verənlər çox dəhşətli və maraqlıdır. Hüseyn Abdullayevi ancaq ilk dəfə qəzet oxuyan adamlar tanımaya bilər. O bir zamanların bəxtəvər oğlanlarından idi. Heydərizmin sadiq keşikçilərindən, vuran qollarından.
Əldə edilən məlumatla görə, o, keçən yüz ilin axırlarında qoçu dəstələri formalaşdıraraq müxalifətçilərə qarşı amansız zorakılıqlar törədib, buna görə rejim onu bol da təltifləyib.
Bizə hələ tam bəlli olmayan səbəbdən Hüseyn müəllim 2005-ci ildə deputat oldu və fəaliyyətə başlar-başlamaz daxili işlər nazirini hədəfə aldı, tənqidi çıxışlara başladı. Elə bu çıxışların biri zamanı Fəzail Ağamalının peşəkar təxribatına tuş olub davaya düşdü, ordan isə türməyə.
Son günlər o, xalqın qəlbinə yenidən yol axtarmaqdadır. Insafən “Susma” mahnı və klipi ilə o geniş xalq kütlələrinə sarı xeyli məsafə qət edib. Xalqın problemlərinə yaxınlaşsa da, Hüseyn müəllim camaatımızdan çox uzaqdadır, xaricdədir.
Elə xaricdə olduğuna görə, onun burda qoca valideynlərini incidirlər. Hüseyn müəllimin dediklərinə inansaq, onun yaşlı anasının səhhəti təzyiqlərə görə kəskin pisləşib.
Və Hüseyn müəllim bu təzyiqlər qarşısında geri dönməyərək dünən kəskin bir bəyanat da verib: “Mən Ilham Əliyevə nifrət edirəm!”
Nə demək olar, çox pis.
Bunun adı siyasi mübarizədirsə, Ilham Əliyev və onun komandası başqa şeyə yox, elə dövlət başçısının 5-6 il qabağ dediyi sözə “siyasi mübarizə də kişi kimi aparılmalıdır” sadiq qalmalıdır.
Siyasi baxımdan gözə yaxşı dəyməyən adamları ailə üzvləri ilə, xüsusən ailənin qadın üzvləri ilə sıxmaq heç hara yazılan hadisə deyil. Bu işi edən adamlar bir azca vaxt edib 1937-ci ilin lənətlənən repressiya tarixini oxusunlar. Kafir saydığınız insanlar da belə etməyib. Repressiya olunan insanlarla sərt davranıblar, amma onların ailə iffətlərinə əl uzadılmayıb. Hər halda tarixçilərimiz bu barədə bizə bir şey ötürməyiblər.
Azərbaycan hakimiyyəti o qədər sərməst olub ki, ana, arvad, qız mövzularının bir Şərq ölkəsində nə olduğunu tam unudub.
Ismayıllı, Quba dərsləri, görünür, yetərli olmayıb.
Bu cür axmaq və namərd işlərə qol qoyanlara onu da xatırlatmaq faydalıdır ki, bu gün dünyanı qan çanağına döndərən Taliban hərəkatı elə qadına təcavüzdən mənşə götürüb.
Mən hər fürsətdə moizə oxumağa həvəsli olan ziyalılara, ruhanilərə, səslənirəm; niyə dilə gəlib bu adamlara “ağılınızı başınıza yığın, odla oynamayın” demirsiniz?
Bu arada Hüseyn Abdullayevin də bir izahatına ehtiyac var. Tövbə yox, izahat deyirəm. Biz hələ onun 90-cı illərin sonunda etdikləri ilə bağlı peşmançılığını eşitməmişik.
Bəlkə, o, keçmişi ilə hələ də qürur duyur.
Kim bilir, bəlkə, Hüseyn Abdullayevin mitinqlərdə döydürdüyü, kəllə-beyin travması alan nə qədər adam var. Sizcə, onlardan üzrxahlıq edilməməlidir? Çox çətindir, ancaq bundan da qaçmaq olmaz.
Və sonda bir çağırış etmək istəyirəm.
Hörmətli dostlar, seçki yaxınlaşır. Bu isə o deməkdir ki, gərgin anlara qədəm qoyuruq.
Hakimiyyətdə olanlar, onlara qulluq edənlər, bu həssas günlərdə diqqətli olun. Çirkin, ürəyinizin “yox” dediyi işlərə getməyin, müxalifətçilərə qarşı ləyaqətsiz oyunlarda rol almayın.
Bunu qulağınızda sırğa edin, insanlar onlara edilən yaxşılığı rahat unudur, pisliyi isə əsla. Pislik etməyin. Onsuz da hakimiyyət dəyişəcək və onda “mən pisliyi Siyavuş Novruzovun əmri ilə etdim” söhbətinə kimsə inanmayacaq!