Neçə vaxtdır, hakimiyyətin növbəti seçkiyə yönələn əsas fikrini axtarmaqdaydım. Deyəsən, tapmışam, onların əsas şüarı budur: artıq xalq qara ilə ağı ayırd edə bilir.
Axırıncı belə frazanı Əli Əhmədov işlədib. Nə gözəl. Təklif edərdim ki, müxalifət heç bu şüara qarşı getməsin, elə Milli Şura da bu fikrə sahib durmalıdır.
Sadəcə aydınlaşdırmalıyıq ki, ağ kimdi, qara kim?
Əvvəlcə onu yada salaq ki, uzun illərdir “cəmiyyəti ağ və qara rəngdən ibarət gördüyümüz” üçün biz tənqidçi yazarlar qınanmaqdayıq. Budur, hakimiyyət özü də dolayısıyla da olsa, cəmiyyətimizin iki rəngli olduğunu etiraf edir.
Bəs kimdir ağ? Şəksizdir ki, hökumətdəkilər. Ağ ağalar və biz qara kasıb-füqəralar. Azərbaycanın da dərdi elə budur. Bir qrup azlıq millətin sərvətlərinə yiyə duraraq, onu yeyib talayıb, özü üçün xanimanlar yaradıb, yerdə qalan çoxluq isə qara günlərə düçar edilib.
Builki seçimin taleyini qaralar həll edəcək, özü də ağların xeyrinə yox, bu zülmət taledən qurtulmaq üçün. Ona görə də əgər yapçıların dediyi kimi, xalq ağı qaradan seçmək qüdrətini əldə edibsə, buna sevinmək lazımdır, bu seçimdən narahat olacaq tərəf hökumətdəkilərdir.
Azərbaycanda builki dəyişikliyi təkcə ona görə istəmirəm ki, indi iş başında olanlar harın, xalqı sayasalmaz və qanunsuzdular.
Şübhəsiz, bizimkilər əndazədən çox çıxıblar. Üzərlərində heç bir ictimai nəzarətin olmaması, ölkədəki kriminal dövlət aparatı bizdə hədsiz özbaşınalıq yaradıb. Məsələn, sizə bir fakt deyim. Bizim tanışlardan biri varlı bir adamın evində qulluqçu işləyir. Onun şəhadətinə görə işlədiyi evdə ən ucuz əşya – 12 min manata alınmış uşaq arabasıdır. Təsəvüvr edirsinizmi?
Azərbaycanın dörd bir yanında insanların 12 manatdan ötəri ar-namusunu bazara çıxarmaq faktlı var.
Azərbaycanda 12 manatlıq ehtiyac üçün nə qədər oğurluğa gedənlər var.
12 manatlıq borcunu ödəyə bilmədiyi üçün nə qədər tənə yeyən vətəndaşımız var.
Və belə bir şəraitdə insan öz evinə ən ucuz əşya olaraq 12 min manata uşaq arabası alır…
“Necə olmalıdır? O adam uşaq arabasının pulunu kasıblara paylamalıydı ki?” – deyəcəksiniz.
Xeyr. Ancaq düşünək, bizim ölkədə 12 minlərin haqqını tapdamadan, şeytanla ittifaqa girmədən 12 minlik əşyalara sahib olmaq asan iş deyil.
Sərvətlər dar bir dairədə fırlanır. Qabiliyyətli adamların onu əldə etməsi çox çətindir və ya çox alçaq sazişlərin bahasınadır.
Fəqət, bunları da boş vermək olar, kim deyir ki, kasıbyana yaşamaq olmaz. Olur, biz milyonların qibtə ilə baxdığı kasıb ailələri nümunə gətirə bilərik. Di gəl, o da var ki, neyçün kasıblıqdan qurtulmaq əlçatan olduğu halda, bizim camaatımız onun ağır məşəqqətini çəkməlidir? Axı heç nə yox, neftdən gələn gəlirlər azca insafla paylaşdırılsa, nə qədər yaralarımıza dərman olar.
Ancaq dərdimiz təkcə pulsuzluq deyil ki. Azərbaycanda məsuliyyətsiz bir hakimiyyət dəyərsizləşdirmə terroru aparır və bu da ən dəhşətlisidir.
Azərbaycan hakimiyyətinin apardığı məqsədyönlü siyasət nəticəsində zədə görməyən dəyər qalmayıb. Insanlarımız çox rahatlıqla şərə də qol qoya bilir, böhtana da. Özü də çox vaxt adamlar bu işi qorxusuz, hürküsüz edir. Bunun ən parlaq əlamətini “2 aprel” məhbusları Səbail məhkəməsində ittiham olunarkən gördük. Orada belə bir səhnə baş verdi. Bəlli oldu ki, təqsirləndirilən Məhəmməd Məcidliyə qərəzli olaraq mənfi xasiyyətnamə verən adamın babası da eyni məzmunlu xarakteristikanı 1937-ci ilin repressiyasında Məcidlinin babasına verib.
Yəni, tarix bu qədər dəyişməz qalıb bizim ölkədə. Insanlar kitablardan, nəsihətlərdən çox öz həyatlarından nəticə çıxarırlar. Və ixtiyari bir vətəndaş baxır ki, filan vaxtı babası, atası yaramazlığa qol atıb, buna görə onu, hətta deputat ediblər, öləndə də camaat hüzründə gəlib ehtiramla iştirak edib, o dəqiqə düşünür ki, mən niyə bu sınaqdan keçmiş yolu getməyim?
Ona görə də çox iddialı səslənsə belə, yenə yazılmalıdır: cəmiyyətin özünün yenidən qurulmasına, tərbiyələnməsinə ehtiyac var. Bu isə dəyişikliyi tələb edir.