Azərbaycanın hər yerində siyasi gərginlik var, ancaq nədənsə, mənim Lənkəranla bağlı “dalağım xüsusilə sancır”.
Hakimiyyət bu cənub rayonu üçün nə planlaşdırır, bilmirəm, bildiyim odur ki, bu heç də yaxşı bir şey deyil.
Əvvəlcə ruhani alim Zülfüqar Mikayılovu orada qaraladılar, hətta yenidən həbsinə hazırlıq getdi, uzun müddət onu yaşadığı kənddən kənara çıxmağa qoymadılar.
Sonra iki dəfə ard-arda Müsavat başqanına qarşı Lənkəranda təxribat oldu, onu şəhərə buraxmadılar.
Sonra AXCP rəhbərliyindən ora gedənlərə qarşı zorakı bir hadisə baş verdi, cəbhəçilərə daş-kəsək atıldı, avtomobilləri sındırıldı.
Və hadisələr Müsavat başqanının lənkəranlı müşaviri Yadigar Sadıqovun həbsilə kulminasiyaya (kulminasiyamı? Hələ dəqiq yazmaq olmur) çatdı.
Azad və fərqli fikirliliyin bu qədər qəddarlıqla boğulduğu şəhərdə dünən YAP böyük konfrans keçirib. YAP-çılar bu konfransda dəhşətli dərəcədə güclü olmalarından, siyasi bacarıqlarının yerə-göyə sığmadığından xeyli gopa basıblar.
Buna “özü çalıb, özü oynamaq” deyirlər. Siyasi gücünə arxayın olan təşkilat öz siyasi və mənəvi rəqiblərilə qarşılaşmaqdan qorxmaz. Onların qarşısına bazar arvadlarını, cəmiyyətin dibində bərqərar olanları yox, yetkin şüuru olan funksionerlərini çıxarar.
Işin ən gözəli bilirsinizmi nədir? “Müxalifət yoxdur, onların heç bir dayağı yoxdur” bəyanatını verən bu adamlar toplantılarının 85 faizində müxalifətin qarasına deyinməklə məşğul olublar.
YAP-ın bu sərsəm siyasəti öz yerində, biz yox, onlar narahat olsunlar. Çünki gözüyumulu uçuruma gedən onlardır. Dünyanın az qala, hər yerində sübut olunub ki, zorakılıqla rəqibin susdurulması heç vaxt uğur gətirmir. Bu, ötəri, taktiki qələbə qazandırsa da, strateji olaraq məhvə, məğlubiyyətə məhkum olan siyasətdir. Siyasət fikir davasıdır, daha boks, yumurta döyüşü, bazar arvadlarının qarğış sənəti deyil. YAP nə qədər bu yoldadır, ona dirilik nəsib olmayacaq və daim öz siyasi rəqiblərinin qorxusu altında diskomfort keçirəcək.
Gələk, YAP-çıların Lənkəran səfərinin daha ciddi tərəfinə. YAP-ın əsas siması, deputat Əli Əhmədov bu yığıncaqda Milli Şura əleyhinə həqiqətdən uzaq, böhtan xarakterli çıxış edib və bunlar bir kənara, lənkəranlıların Ilham Əliyevin namizədliyini dəstəkləyəcəyini bəyan edib. Bu tədbirdə analoji çıxışı Lənkəranın icra başçısı Taleh Qaraşov da edib. Deyəcəksiniz ki, noolsun?
Məsələ burasındadır ki, bu, Seçki Məcəlləsinin kobud pozuntusudur, seçki kampaniyasına start verilmədən təbliğata başlamaqdır.
Ən əsası, bu, seçki kampaniyasında qanuna zidd olaraq, dövlət resurslarının istifadəsidir. Hələ başqa bir iş də var – bu xəbərin təqdimatı. Qanun buna da “yox” deyir.
Ümidvaram ki, Milli Şura rəhbərliyi hakimiyyətin ötürdüyü bu “pas”ı lazımınca qiymətləndirəcək.
15 milyon üçün “ah” çəkdim
Iki köşə bundan əvvəl kəndlilərin dərdlərini dilə gətirmişdim. Kimin kəndlərlə əlaqəsi varsa, bilir ki, bu il onlara zülm oldu. Min bir zəhmətlə ərsəyə gətirdikləri taxılı biçməyə kombayn çatmadı. Yazım işıq üzü görəndən bir gün sonra qibleyi-aləm Ilham müəllim texnikanın alınması üçün 15 milyon manat ayırdı. Elə bu xəbəri oxuyub sevinməyə başlayırdım ki, iqtisadçı alim Azər Mehtiyevin “facebook”dakı qeydlərini oxudum və ah çəkdim. Siz də oxuyun:
“Çox əzabverici siyasətdir. Fermer üçün bundan ağır əzab düşünmək olmazdı:
Taxıl yığımının gur dövründə məlum olub ki, kombayn çatışmazlığından ölkə boyu fermerlər becərdiyi taxılı toplaya bilmir, taxıl sahələrdə batır. Kimi danışdırırsan, “Aqrolizinq”dən şikayətçidir. “Aqrolizinq”in bütün texnikası hazırda məmurların iri təsərrüfatlarında məşğuldur. Bu qurumda fermerlərə elə qiymətlər oxuyurlar ki, fermer heç yaxın düşə bilmir. Bu gün prezident problemin həlli üçün büdcədən 15 milyon manat ayırıb, amma “Aqrolizinq”ə, yəni, problemi yaradana pul ayırıb ki, problemi həll etsin…
Təsəvvür edin ki, susuzluqdan ölmək üzrə olan adama bir səhəng su göstərirsən, sonra da həmin suyu onun gözü qarşısında yavaş-yavaş yerə tökürsən…”