Günün hadisəsi Milli Şuranın vahid namizədidir. Rüstəm Ibrahimbəyov yekdilliklə müxalifətin namizədi oldu.
Bu, müxalifətin çətinliklə tapdığı, çox əlverişli qərardı.
Rüstəm müəllim bütün parametrlər üzrə rəqibi Ilham Əliyevdən üstündür. Parlaq bioqrafiya, ziyalı obrazı, intellekt… Bunlar Ilham Əliyevə nəsib olmayan şeylərdir.
Ən əsası bilirsiz nədir? “Doğru yolda olmaq elə qələbə qazanmağın özüdür” (Əli Şəriəti).
Rüstəm Ibrahimbəyovun indi seçdiyi yol kifayət qədər doğrudur. Bu yol Ilham Əliyevin talan və yalan siyasətinin tərkib hissəsi olan “yol layihələri”ndən qat-qat üstündür.
Ilham Əliyevin hazırkı şəraitdə udmaq, tanınmış dramaturq, “Oskar” mükafatı laureatı üçün su içmək qədər asandır.
Ilham Əliyevin bərbad siyasəti onu şərtləndirib ki, azad seçkidə onu nəinki tanınmış ziyalı, hətta Moşu Göyəzənli kimi biri də uda bilər. O, uduzmağı üçün əlindən gələn hər şeyi edib.
Xalqın güzəranı, ölkədə hökm sürən məmur qudurğanlığı, ağır sosial həyat hər gün Ilham müəllimə “Get!” xitabını edir. Deməli, ana məqsəd Ilham Əliyevi seçkidə udmaqdan çox, onun Məzahir Pənahov adında saxtakarlıq maşınını dayandırmaqdır.
Demək istəyirəm ki, indi Milli Şura ağır bir əzabdan azaddır. Dünyanın hər yerində siyasi opponentini qabiliyyətsiz, uğursuz, işbacarmaz kimi təqdim etmək təbliğatın əsasında durur. Bunu Milli Şuranın əvəzinə Ilham müəllim özü edib. Obrazlı desək, o, bir avtoqola imza atıb, ona görə də indi Milli Şuranın fikri-zikri 16 oktyabra hədəflənməlidir – seçkidən bir gün sonraya. Hər kəs saxtakarlığa qarşı nə edəcəyini müəyyənləşdirməlidir.
Hərbi paraddan sonra
Hakimiyyətyönlü qəzetdə bir yazı oxudum. Məqalədə Göygöl Ağsaqqallar Şurası sədrinin imzası vardı. Yazı çox əyləncəli olduğundan, ona bir köşə həsr etməyi özümə borc bildim.
Məqalənin adı “Gördük, heyran olduq” idi.
Ağsaqqal yazır ki, parada baxdıqca Azərbaycan vətəndaşı olmağımızla ürəkdən fəxr edirdik. Ağsaqqal ötən günləri xatırlayır və yada düşür… Komediya da burdan başlayır…
Müəllif yazır ki, Azərbaycana fərəh bəxş edən siyasətin təməlini Heydər Əliyev atıb, onun üzərində əzəmətli binanı isə Ilham Əliyev inşa edib. Keçmişdə isə belə olmayıb, yəni, heydərizmdən qabaq zülm-zillət və başıpozuqluq hökm sürüb. Ancaq ağsaqqal, görünür ki, zehninin koşalması ucbatından, az keçmir, özünü tələyə salır. Yazır ki, yaşadığı ərazini mütəşəkkillik olmasa da, ordu zəif, silah-sursat az olsa da, gənclərin rəşadətli vuruşu nəticəsində nankor ermənilərdən biryolluq azad edilib.
Ağsaqqal etiraf etməsə də, dilindən qaçırdığı böyük bir həqiqətdir.
Çox təəssüf ki, Azərbaycan hakimiyyəti elə bilir ki, ordunu zəfərə çatdıran puldur, paradır. Halbuki, ta keçmişdən indiyədək sübut olunur ki, ordunun müzəffər olmasının tək şərti xalqa dərin bağlılıq və mənəvi hazırlıqdır. Ruh yüksəkliyi olmayan ordu heç nəyə qadir deyil. Əsgərin ruhu güclü olmasa, onun əlindəki “Stinger” raketi “raqatka” qədər öldürücüdür.
Azərbaycan hakimiyyəti bu sahəyə qətiyyən fikir vermir, çünki buna qabiliyyətləri çatmır.
Adi bir faktı sizə deyim, paradın aparıcısı Abdulla Qurbaninin adı gələndə Milli Orduda hamı gülür. Bu adam karikaturadır. Zəlimxan Yaqubun suyunun suyu olan bu adamın yazdıqları ilə hansı əsgər özündə əzəmət tapa bilər ki?
Xülasə, ağsaqqalın yazısına dönək.
Ağsaqqal etiraf edir ki, onun yaşadığı ərazi ermənilərdən biryolluq təmizlənib. Nə gözəl. Indi mən sual verirəm: ermənilərdən təmizlənən o müqəddəs torpaqlarımız bəs indi kimin əsarətindədir?
Xəbəriniz varmı ki, Göygöl hasarlanıb? Göygölə bizim kimi fəqir-füqəranın baxması belə qadağandır. Səbəb sadədir, orda Ilham Əliyevin özü və əyanları gözəl imarətlər tikdirib, istəmirlər ki, bizim kimi məzlumlar, hətta gözləri ilə o ehtişama toxunsunlar. Ona görədə, ey göygöllü ağsaqqal, sən çalış, arada imkan tap, Göygölə bax, bəlkə onda da heyranlığın kükrəyər!
Göygöllü ağsaqqalı öz heyranlığı ilə baş-başa buraxaq, mənə Göyçaydan, Imişlidən, Biləsuvardan paradla bağlı gələn zənglər də çox təsirliydi.
Yoldaşlar deyirlər, istəməyənin gözü çıxsın, gördük ki, ordumuzun silah-sursatı boldu, hətta ağır hərbi texnika da istehsal edirik. Və soruşurlar: bu ölkə tank istehsal edə bilirsə, neyçün traktor düzəltmir bəs? Axı, tank öz yerində, şair də demişdi ki, çörək bol olarsa, basılmaz vətən!
Camaat min bir əziyyətlə ərsəyə gətirdiyi məhsulu – taxılı biçə bilmir. Onların fəryadını isə hökumət eşitmək istəmir, eşidən mənim kimilərdir, bizim də əlimizdən yazmaqdan başqa nə gəlir ki?!