Sizə bir sirr açım. O gün cəbhəçi gənc Daşqın Məlikovun məhkəməsindəydim. Bilirsiniz ki, Daşqın saf bir fəaldır, ona böhtan atıb tutublar. Daşqının üzünə duranlar polislərdir. Məhkəmədə onlar ifadə verirdilər.
Yalan çətin şeydir, kənardan asan görünməyinə baxmayın.
O yalançı və böhtançı polislər ifadələrində, xüsusən vəkilin sualları qarşısında çox gülünc vəziyyətə düşürdülər.
Zaldakılar da bu vəziyyətə biganə qala bilməyib gülürdülər.
Gülüşlər nəhayət, üzəduranları dilə gətirdi. Polisin biri geri – zala tərəf dönüb: “nəyə gülürsüz, gülməliyəm?” soruşdu.
Bu çox pərt vəziyyət idi. Kaş o an polisin sifətindəki mimikanı görsəydiniz.
Siz Azərbaycanda polis olmağın şərtini bilirsiniz. Əksər polislərimiz savadsızdır, heç bir ictimai yükləri yoxdur, belələrinə qohum-əqraba arasında da sayğı duyulmur, bir qayda olaraq, onların çoxu başqa sahədə özlərini təsdiqləmək gücündə olmadığından bu sənəti seçib. Və çox təəssüf, bu çağacan onu görürük ki, bizim polis “uf” demədən cəmiyyətin ən şərəfli insanına böhtan atmağa, onun üzünə durmağa hazırdır.
Bəs sirr nədir?
Sirr bu cür qırmızı adamların da ictimai qınaq qarşısında aciz olmasıdır. Biz o sirri məhkəmə zalında aydın gördük.
Gördük ki, ağ yalana, böhtana qarşı kövrək ironiyalı gülüşlər, təbəssümlər necə öldürücüdür.
Indi bir anlığa təsəvvür edin ki, bu işverən, üzəduran yığını toyda-vayda, küçədə-bayırda o zaldakı ictimai təpkini görsə, nə hallara qalarlar? Demirəm, o zaman dünya cənnətə dönəcək, lakin mütləq və mütləq üzədurma indiki kimi asan, rahat və balalar üçün pul qazanma vasitəsi olmayacaq.
***
Brüsseldə Ilham Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun görüşünü heyrət içində izlədim.
Açıq deyirəm, mən, Ilham Əliyevin polisindən, həbsxanalarından zərrə qədər qorxusu olmayan insan kimi, qibleyi-aləmin tərəddüdsüz, azca da dili dolaşmadan, təntimədün yalan danışmasından qorxmağa balşamışam.
Bu çox pis haldı.
Ilham müəllim dedi ki, mənim siyasi rəqiblərimə qarşı heç bir təzyiq yoxdur, onlardan həbsə atılanı yoxdur, ümumiyyətlə, bizim ölkəmizdə siyasi məhbus mövzusu qapanıb, sərbəst toplaşmaq azadlığı da tam təmin edilib.
Dövlət başçısının bu cür bəyanatı – opponeti Ilqar Məmmədovun şərlənərək həbs olunmasından da betərdir.
Dövlətə yiyəlik edən şəxsin internet dövründə pırıl-pırıl gəncliyi siyasi əks-fikirliyi üçün həbsxanalar doldurmasına rəğmən “bizdə heç kim siyasi baxışlarına görə təqib edilmir” deməsi “Azərbaycanda 1 milyon 200 min iş yeri açmışam” deməkdən də acı və qorxuludur.
Belə bir rəhbər sabah bizi rahatlıqla ət maşınında keçirər, sonra isə durub deyər, siz kimi deyirsiniz, axı elə adamlar, ümumiyyətlə, olmayıb.
Ən dəhşətlisi budur ki, Əliyev belə çıxışları uşaq-muşaq, siyavuşnovruzovlar, fəzailağamalılar, səmədseyidovlar qarşısında etmir. Möhtərəm Avropa qurumlarında edir. Düşünürsünüz ki, o, auditoriyanın, etdiyi çıxışların fərqində deyil? Əsla.
Çox təəssüf ki, prinsiplərini neftə-qaza qurban verən Avropa özü ilə belə təhqiramiz davranışa Əliyevə çoxdan izn verib.
Bəli, inkar etmək olmaz, Avropa qurumları burda Əliyevçi rejimin pəncəsi altında əzilənlərə görə narahat olur, buna görə bəyanat da verirlər. Ancaq bunlar nəyə oxyaşır?
Uşaq vaxtı qaçardıq, yıxılıb əlimizi, dizimizi əzərdik. O əzik yerləri sarımağa bintimiz, sağaltmağa dərmanımız olmadığında yaraları üfürməklə guya dərdimizə əlac edirdik.
Bəli, indi Avropanın da bu vəhşi rejimə qarşı gördüyü tədbir müalicəvi işlər deyil. Üfürməkdir.
Və sonda…
Bu gün vicdan məhbusu, ilahiyyatçı Tale Bağırzadənin doğum gündür. Mən ona deyirəm:
“Zindan gülüstandır bizə
orda gül derilir ümmətə
bir addım var şəhadətə
dörd duvar səd deyil bizə”.