Xüsusi bir məqsədim olmadan iki gün evdən çölə çıxmadım. Sizdən nə gizlədim, evdə nə çölün isti hərarətindən əsər-əlamət duyulurdu, nə də yeyib-içmək sarıdan korluq.
Xoşbəxtlikdən hamam da qaydasındaydı, yatıb istirahət etmək üçün yorğan döşək də. Hə, əlimin altında sürətdən xali olmayan internet də vardı.
Cəmi iki gün kifayət etdi ki, evdə boğulduğumu – bu qədər rahat imkanlara baxmayaraq, hiss edim. O an həbsxana divarları arxasına düşən, ədalətsizcəsinə, qanunsuz, böhtanla ittiham olan siyasi fəallarımızı düşündüm.
Axı, onların, hər biri sadaladıqlarımdan məhrumdu. Üstəlik, onlara heç o narahat yerdə sakit dərdləri ilə başbaşa qalmağa da imkan vermirlər. Gah “kars”a salırlar, gah da başqa insanlıqdan uzaq davranışa tuş edirlər.
Belə bir vəziyyətdə insan özünü çox pis hiss edir. Sanki gözünün qabağında od tutub yanan var, amma sən bir damcı su ilə də ona kömək edə bilmirsən.
Ancaq vəziyyət o qədər də çıxılmaz deyil. Həqiqətən bizim indi o vicdan məhbuslarını azad etməyə qüdrətimiz yetmir. Onlarla bağlı bacara biləcəyimiz işlər isə az deyil.
Nədir o? Bir dəfə yazmışdım, “haqqı bərqərar etmək mümkün deyilsə, batili ifşa, rüsvay etmək olar. Beləliklə, həqiqəti həmişə diri saxlamaq olar”.
Aydın bir düsturdur, yəni dostlarımızı azad edə bilmiriksə, onların haqsız yerə həbsə atıldığını hər yerdə, hər gün deməliyik. Görməmiş və zalım hakimiyyət buna görə imkan olan bütün yerlərdə rüsvay edilməlidir.
Bu baxımdan 17-24 iyun aralığının “Tale Bağırzadə həftəsi” elan edilməsini yüksək qiymətləndirirəm.
Tale Bağırzadənin həbsi gözlənilməz deyildi. Bilmirəm nə qədər xəbərdarsınız, o, həbsxanadan yenicə çıxmışdı. Ilk həbsi hicab qadağasına görə keçirilən aksiyaya görə idi. Azadlıqa çıxdığı andan ölkədəki avtorirat rejimə qarşı savaşa başlayan bir gənc din xadimi, unversal dəyərlərin də sərt müdafiəçisi oldu.
Siyasi fəhmi, ölkədəki talan və yalanın dəqiq ünvanını göstərmə Tale Bağırzadənin dərhal yenidən hədəf olmasını şərtləndirdi.
O, elə bir təbəqələrə xitab edə bilirdi ki, illərdir həmin təbəqələr blokada vəziyyətinə salınıb, ölkədəki reallıqlardan uzaqlaşdırılmışdı. “Bir oyaq, min yatmışı oyada bilər” deyirlər. Tale bəy də belə oyaqlardan idi və oyadırdı da.
Onun həbsi gözlənilməzdi yazdım, bəli həbs üçün hazırlıq çoxdan başlamışdı. Ancaq mübaliğəyə varmadan yazıram, aydan arı, sudan duru fəaliyyəti rejimə həbs üçün bir kövrək bəhanə də vermədiyindən ümid yenə namərdlik etməyə qaldı. Hacı Taleni də narkotiklə şərlədilər.
Mənim bir dostum var, o, hakimiyyətin müxalifləri narkotik ittihamı ilə türməyə yığmasını özünəməxsus formada izah edir.
Deyir ki, hakimiyyətdəkilər düşünür ki, mal onlarda, pul onlarda, qoşun onlarda, xülasə, var oğlu var onlarkən bu müxalifətdəkilər hansı ağıl və cəsarətlə onlara qarşı çıxır. Beləliklə, onlar səmimi olaraq düşünür ki, həbsə atdıqları bu “diliuzun” müxaliflər təbii hallarından çıxış edərək yox, “hallanaraq” onları tənqid edir.
Bu bir zarafatdır, həqiqətdə isə hər kəs bu qurma ittihamlara gülür və ona görə hakimiyyətə ikrah bəsləyirlər.
Hacı Tale insanları oyaqlığa çağıranlardandı, uyumağa meyilləndirənlərdən yox. O, böyük ustad Əli Şəriəti kimi dualarında “Xudaya, yatanlarımıza oyaqlıq, oyaqlarımıza əqidə, susanlarımıza fəryad bəxş et” təmmanası edənlərdəndir və buna görə də cəzalanıb.
Burda bir anlıq dayanaq. Hökumətin verdiyi cəza ilə Tale Bağızadə və başqa bu aqibətlə üzləşənlərə qarşı xalqda formalaşan izzət və məhəbbəti müqayisə etsək necə? Kimdir udan, kimdir uduzan?
Və kimdir sözün əsl mənasında cəzalanan?
Yayda isti otaq, dar həbsxana kameraları işgəncədir, narahatlıqdır. Nə qədər çətin olsa da bunlar hamısı ötüb keçəcək. Ancaq bu ədalətsiz qərarlarla, hökmlərlə xalqın öndə gedən insanlarını zülmə düçar edənlər tək yayda yox, bütün mövsümlər, bütün illər boyu canlarında cəhənnəm istisini və lənətini duyacaqlar. Budur əsas məsələ.