Ziyalı və onun cəmiyyətdə rolu barədə kifayət qədər danışılıb. Ona görə də ümidvaram ki, bu isti yay günlərində bu mövzuya bir daha qayıtmaqla sizi yormayacağam.
Ziyalı barədə kimin hansı təriflə razılaşdığını müzakirə etmək niyyətində deyiləm. Amma gəlin, özlüyümüzdə razılaşaq ki, ya vəlvələdən, ya zəlzələdən bizdə ziyalı səliqəli geyinən, bir çox hallarda eynək taxan, gözəl danışa bilən, üzüyola, qəlbi yuxa adam kimi qavranılır.
Əksər hallarda savadlı adamla ziyalı anlayışları arasında xəsislik etmədən bərabərlik işarəsi qoyulur.
Məsələn, mən siyasi qərəzi olmayan, neytral adamlar tərəfindən Zahid Oruc barədə tərif dolu sözlər eşidib az odlanmamışam. Zahid Oruca bu məhəbbətin mənşəyi nədir? Heç nə… Cümlə quranda nitq üzvlərinin ardıcıllığına əməl edib, bir neçə maraqlı fikir yazıb. Hə, lap o fikirlərdə bəzi elmi detallar da olub. Bəzi dostlar, üzümüzün həyasından sui- istifadə edib Zahid Orucdan nümunə götürməyi də bizə təklif edib. Bəli, bəli, belə hal olub, niyə gizlədək.
Zahid Oruc və onun kimilərə bu cür bəsit meyarlarla qiymət vermək olarmı?
Adamı qiymətləndirmək üçün apaydın bir meyar var; o, Ilham Əliyevin də yox, Fəzail Ağamalının yanındadır. Fəzail Ağamalını da bu cəmiyyətə tanıtmağa ehtiyac qalıbsa, bunu mənə xəbər edin, gedim özümü Alov Qülləsindən aşağı tullayım.
Zahid Oruc seçki saxtakarıdır. Zahid Orucunun qrammatik cəhətdən düzgün tərtib edilən cümləsinə alüdə olanlar, neyçün onun Bərdədə yenildiyi görkəmli iqtisadçı alim, cəbhəçi Nemət Əliyevi görməzdən gəlirlər? Bunun adı arxalıya arxa olmaq deyilsə, bəs nədir?
Yada salım ki, Nemət Əliyev Zahid Orucu iki seçkidə darmadağın edib və bu faktın biri hətta Avropa Məhkəməsi kimi mötəbər mənbə səviyyəsində təsdiqini tapıb.
Zahidorucluluq yarımçılıq deməkdir. Ona heyranlıq isə betər yarımçılıqdır və bu, daha çox rütbəpərəstlərin mərəzidir.
Ustad Əli Şəriəti nə gözəl yazırdı:
“Bizim dərdimiz…
Xalqımızın cəhaləti və savadsızlığı deyil,
Ziyalılarımızın yarımçılığı, yarım təhsilliliyi, yarım savadlılığıdır”.
Bəs o böyük insan “ziyalı” deyəndə necə birini görürdü? Yazıram, məncə, onun qeydləri bizim beynimizi yoran bu sualı nöqtəyə çevirəcək.
“Ziyalının öz dövründə məsuliyyəti, peyğəmbər olmadığı halda, cəmiyyətinə peyğəmbərlik etmək, xalq kütləsinin donub qapanmış qulaqlarına qurtuluşu səsləmək, doğru yönü göstərmək, ölgün cəmiyyətdə hərəkətə öndərlik etmək, hərəkətsiz bir cəmiyyətdə yeni bir iman atəşini alovlandırmaqdır!”
Dəqiq, ifadə edildiyi kimi, ziyalı hərəkətə öndərlik etməkdir, daha çox iman atəşini yandıran, özünü oda vuran şəxsdir. Daha gözəl, ibarəli cümlələrlə insanları yuxuya verən yox…
Regionların analoqu olmayan inkişafı seriyasından
Sosial medianın gücü bizim insanlarımıza gözəl özünüifadə imkanı verib. Mən hər gün “facebook”da onlarla qiymətli qeydlər oxuyuram.
Onlardan birini Israfil Həsənov adlı dostum yazıb. Nə qədər kədərli olsa da, onu sizinlə paylaşıram:
“O gün məhəllələrin birində bir qoca (beli bir az da əyilmişdi) qadın və bir cavan oğlanla rastlaşmışam – ana və oğul.
Rayondan gəlib həyətlərdə quyu qazırlar. Ana və oğul!
Beli əyilmiş ana deyir ki, oğlumun pulunu kəsməsinlər deyə, mən də quyudan qazılmış torpağı çıxarıram. O da müştəri düşsə.
Bu mənzərəni (son zamanlar mənzərələri) görəndə, “ALLAH sizi bu günə salanların bəlasını versin!” deməkdən başqa əlimizdən heç nə gəlmir, hələlik!”