Milli Şuranın elanından sonra bəzi yoldaşlar çıxıb Əli Kərimlidən çox cəbhəçilərin, Isa Qəmbərdən çox müsavatçıların təəssübünü çəkməyə başlayıblar.
Məsələn, onlar deyir: əşi, 93-2003-də hardaydı bu Rüstəm Ibrahimbəyov ki, indi gəlib müxalifətin əsas simalarından birinə çevirilir, Milli Şuraya sədrlik edir?
Əminəm, AXCP və Müsavatın rəhbərliyi R.Ibrahimbəyovu yaxın buraxmasaydı haqqında danışdığımız o yoldaşlar partiya liderlərini firqəçilikdə, eqoizimdə, xalqın maraqlarını öz ambisiyalarına qurban verməkdə qınayacaqdı.
Milli Şuranın təsisi ilə AXCP və Müsavat öz ərdəmliklərini sübut etdilər. Nəticənin nə olacağından asılı olmayaraq bu iki qurum göstərdi ki, onlar öz uca partiya maraqlarını xalqın mənafeyi tələb etdiyi anda qurban verə bilirlər.
Milli Şura elan edilən günü mən Əli Kərimli barədə tərif sayılacaq bir cümləlik status yazdım. Yazdım ki, bu insan həyatda peşiman olmadığım 2-3 ciddi seçimimdən biridir.
Niyə bunları yazdım? Çünki Milli Şura çətiri altında yığılan insanları süzdüm və öz-özümə dedim; Natiq, Əli Kərimli sən olsaydın bu stolun arxasında heç vaxt oturmazdın. O stolun arxasında oturanlaran elələri vardı ki, AXCP, onun lideri barədə bir batman balla yeyilə bilməyəcək qədər haqsız sözlər demişdilər.
Ancaq Kərimli bunu bacardı, birlik üçün onun təşəbbüslərini vicdanı olan hər kəs gördü və yüksək qiymətləndirdi. Onun özü isə bu yöndə tarixi sözü dedi: “Xalqımızın bükülən qamətini dikəltmək, taqətdən düşən dizinə təpər vermək üçün biz keçmişin ağır dəftərini bağladıq”.
Bəli, indi mövsüm yeni tarix, yeni kitablar yazmaq dövrüdür. Keçmişlə, adətən, insan gələcəklə bağlı işi, planı, xəyalları olmayanda daha çox əlləşir.
Bu arada milli-demokratik düşərgə səngərdəyişmələrlə də bağlı aydın mövqe ortaya qoymalıdır.
Nə qədər inkar edilsə də Ilham Əliyevin sayəsində ölkəmizdə kəskin vətəndaş qarşıdıruması var. Adi bir nümunə verim: 1998-ci il AXCP-nin qurultayında Brilyant Dadaşova gəlib mahnı oxudu, elə həmin il “Azadlıq”ın yubileyinə Faiq Ağayevdən tutmuş, Aygün Kazımovaya qədər xeyli incəsənət xadimi gəlmişdi və bu, sıradan bir hadisə kimi qarşılanmışdı.
Ancaq 2013-cü ildə Nazpəri Dostəliyeva Isa Qəmbərin oğlunun toyunda oxuduğuna görə ona azı 2-3 tövbə bəyanatları yazdırdılar. Indi siz baxın, hardan hara gəlmişik: toyda oxumaq hara, qurultayda oxumaq hara?
Yəni toyda-filanda gopa basıb hamımız azərbaycanlıyıq deməklə deyil, azərbaycanlılar çoxdan ağ və qara rəngə bölünüblər.
Buna görə də hökumət tərəfə adlayanlarla bağlı heç bir müzakirəyə ehtiyac qalmır: belələrini hakimiyyət dərhal qucağına alır, otun-suyun verib, altına da bir maşın qoyub başını tumarlayır. Bu cürələri ağılının səviyyəsindən, qazandığı nüfuzdan asılı olmayaraq cəmiyyətin gözündən düşür, ikrah, məzəmmət obyekti olur. Bu yaxşıdır. Çünki insanın öz əqidəsini mala-pula görə dəyişməsi həmişə lənətə layiqdir.
Bəs əks-prosesə yanaşma necə olmalıdır?
Bu haqda danışmaq çox çətin və məsuliyyətlidir. Biz bunu Rüstəm Ibrahimbəyovun, daha qabarıq formada isə Hüseyn Abdulayevin misalında görürük.
Adamlar Əliyevlərlə məhrəm münasibəti olanları rahatlıqla qəbul edə bilmir. Onların üzərində bir şübhə buludu görürlər. Geniş analiz etsək, bu da yaxşıdır, xalqın şərə barışmaz münasibətinin təcəssümüdür.
Ancaq bu barışmazlıqda da bir qızıl xətt tapılmalıdır.
Nə etməli? Proseslər qızışdıqca hökumətdə mərkəzdən qaçmaq meyilləri güclənəcək. Onda Milli Şura neynəməlidir, idealist xətt seçib, yox bura gəlməyin, siz namərdlərsiniz deməlidir? Belə olan halda biz istəmədən hakimiyyətdaxili həmrəyliyi bərkitməli oluruq. Özünüzü qoyun əliyevçi komandada olan birinin yerinə, “sizlərə aramızda yer yoxdur” şüarları ilə hər gün üzləşən biri kimi siz, obrazlı desək, “həm bu dünyanızı, həm o dünyanızı” itirmək istəyərdinizmi?
Bu baxımdan, mən hətta Milli Şuranın hakimiyyətdən qopanlar üçün təşviqedici proqram hazırlamasına tərəfdaram.
Qoy, gəlsinlər. Onlar da bu rejimdən az çəkməyib. Biz kasıblıq və illətdən şəkər tapmışıq, onlar stress və kölə kimi rəftardan.