Hakimiyyət qəzetlərini oxudum. Milli Şura onları xeyli pərt eləyib.
2003-cü ildə Heydər Əliyevin sağlamlıq durumunu ələ salan, “Heydər Əliyev öldü, heydərizm də gəbərəcək” kimi xalqımızın milli, mənəvi, əxlaqi dəyərlərinə hayqırı sayılacaq mətnlərə imza qoyan nadirazərilər, pərvizsadayoğlular indi “Yeni Azərbaycan”da Milli Şuranı öldürüb, kəfənə bükməkdədir.
Nadirazərilərin Milli Şuraya qarşı ümumiləşdirsək, iki əks-təbliğat tezisis var.
Bir: Rüstəm Ibrahimbəyov qocadır. Onun qocalığını elə ələ salırlar, adam düşünür ki, görəsən, bu adamlar yaşlanmayacaq? Yoxsa, yaşlılıq bircə Ibrahimbəyova urcah olan pis hadisədir?
Bu ölkəni faktiki idarə edən adam – Ramiz Mehdiyev 75 yaşında deyimi? Qocalığı ələ salmaq, həm də “Yeni Azərbaycan”ın simasında “boz kardinal”a ilişmək deyil?
Bundan başqa, bəlkə nadirazərilər 80 yaşında ali kürsünü heç cür əlindən buraxmaq istəməyən Heydər Əliyevə sataşırlar?
Azərbaycan hakimiyyəti uzun müddətdir ki, yaşca, başca qocalmış əldən düşmüş insanlardan təşkil edildiyindən, Ibrahimbəyovu qoca olduğuna görə tənqid etmək tezisini hökumət qəzetlərinə kim veribsə, sağ olsun. Müxalifətin dəyirmanına bundan daha yaxşı su tökmək olmazdı.
Qocaları bəyənməyən bu hakimiyyətin cavanlara münasibəti necədir, görəsən?
Azərbaycan gəncliyini səfil həyatına, işsizliyə, cinayətkar olmağa sövq edən bu hakimiyyət deyilmi?
Azərbaycan həbsxanalarına bu ölkənin fidan gəncliyini dolduran kimdir, görəsən? Bəlkə bunu da Milli Şura edib?
Riyakarlığın dozası göz deşir.
3 gün əvvəl radioda Mikayıl Müşfiq haqda verilişi dinləyirdim. 29 yaşlı Müşfiqin ömrünün yarıda kəsilməsinə görə o dövrün repressiyası lənətlənirdi. Süjetin aparıcısı deyirdi ki, hörmətli tamaşaçılar, təsəvvür edirsiniz də, Müşviq həbsdə yox, azadlıqda olsaydı, xalqımız üçün nələr edərdi?
Gözəl sual idi, amma onu verən kimdi?
Kim olacaq, “Ilham Əliyev” deyəndə ürəyinin ritmi 2 dəfə artan, gözlərindən alov çilənən, Avropa Şurasında Azərbaycanda aparılan repressiya siyasətini coşqu ilə müdafiə edən, ancaq müxalif olduğuna görə türmələrə salınan 20 yaş həndəvərində məsum gənclərimizi görməyən Rəfael Hüseynov!
Bu cür davranışın adı ikiüzlülük deyilsə, bəs nədir?
Ədəbi söhbət nə qədər şirin olursa olsun, o, reallıqdan qaçış üçündürsə, cəhənnəm olsun! Turgenev məhz buna görə yazırdı ki, bir kimyaçının gübrə üçün başını yorması, min bədii mətn quraşdırmaqdan faydalı işdir.
Keçmiş bizim üçün əziz ola bilər, keçmişdə törədilən xətalara, cinayətlər görə əsib-coşmaq da mümkündür. Ancaq sən bir izah verməlisən, niyə görə sən keçmişdəki cinayətlərdən ahu-zar edirsən, bu gün isə analoji hallar üçün əl çalırsan?
Xülasə, mövzudan gen düşmək, Milli Şura əleyhinə yönələn ikinci iddia: Deyirlər, Milli Şura anti-millidir, xarici havadarları var, hələ o Rüstəm Ibrahimbəyov, lap betər rusofildir!
Çox yox, il yarım əvvələ gedirik. Əl atıb, dövlət başçısının övladının rəhbərlik etdiyi “Baku” jurnalını vərəqləyirik. Aman Allah, bəs axı burada Rüstəm müəllim başqa cür təsvir olunub. Məsələn, yazırlar ki, o, hüceyrələrinə qədər milli, Azərbaycan xalqının ərsəyə gətirdiyi nəhəng insandır. Onun vətən sevgisi, humanistliyi, intellekti vəsf olunur.
Nooldu, nə baş verir? Ya çıxın, o jurnallarda özünüz yazdıqlarınızı təkzib edin və xalqa izahat verin ki, anti-milli, dövlətimizin marağını özgələrə satmağa hazır bir insanı elə tərif etməyimiz səhv olub, bunu edərkən bağışlanmaz xətaya yol vermişik. Ya da qədərinizlə barışın, susun.
Milli Şuradakılar və ümumiyyətlə, bu təsisat anti-millidirsə, Azərbaycan hakimiyyəti nadirazərilər səviyyəsinə enib qeybət və böhtanla məşğul olmamalıdır. Iddianı bu ölkənin təhlükəsizliyilə məşğul olan qurumlar irəli sürüb, bunu ağlabatan formada sübuta yetirməlidir.
Nəhayət, bir dəfə indi nala-mıxa vuran siyasətçi müxalifətçi olarkən Cəlal Əliyev onun barəsində xoş sözlər demişdi. Jurnalistlər həmin siyasətçidən bunun səbəbini soruşanda demişdi ki, görəsən nə səhv iş görmüşəm ki, Cəlal Əliyevin rəğbətini qazanmışam.
Elə buna görə də millətə qənim kəsilənlərin Milli Şura barədə böhtanlarını yaxşı hal kimi qiymətləndirməliyik.