Qurban Məmmədov da həbs olundu.
Beləliklə, Azərbaycan həbsxanaları daha bir nümunəvi sakini ilə zənginləşdi.
Arada mənə elə gəlir ki, hökumət həbsxanalarımızın timsalında nümunəvi Azərbaycan yaratmaq istəyir.
Orda kimlər yoxdur ki…
Qurban Məmmədovu çoxdan tanısam da, bizi dostlaşdıran facebook oldu. O, facebookda gecə-gündüz bilmədən coşquyla işləyir, yazır, şərh edir, video-foto çəkilişləri edib paylaşırdı.
Bütün bu fəaliyyətinin məhvərində isə ölkəni xilas etmək məqsədi dururdu. Bunlara görə də mən Qurban bəyi “facebook” məhbsusu sayıram.
Qurban Məmmədovu şərləyiblər, bu hadisənin izahına çox vaxt ayırmağa dəyməz.
Mən bu yaramaz hərəkəti edən insanlardan soruşuram: Hər gün öz balaca nəvələri ilə bağlı yazılar yazan, fotolar, videolar çəkib özünü də, çevrəsini də müsbət haləyə qərq edən adamı şərləməklə nə qədər vəhşiliyə əl atdığınızı düşündünüz?
Qurban Məmmədova neynəsəniz o, düz bildiyini deyəcək, yolundan da dönən deyil. Onu ölümünə hazır olan bir insan kimi qiymətləndirirəm. Beləliklə, siz Qurban Məmmədovdan daha çox onun körpə nəvələrinə zülm edirsiniz, onların ahı sizi mütləq tutacaq.
Qanundan qorxmaya bilərsiniz, iliyinizə qədər işləyəcək lənətdən isə qurtara bilməyəcəksiniz.
Doktor Əli Şəriətinin məşhur kitablarından biri “Insanın dörd zindanı” adlanır. Ustad yazır ki, insan üçün təbiət, tarix, cəmiyyət və özü bir zindandır. Əsil insan və özünü inqilabçı kimi yetişdirmək istəyən insan ilk növbədə özünü o sadalanan zindandan azad etməlidir. Doktor bu prosesi həm də insanın özünü yenidən inşası kimi qiymətləndirir.
Dörd zindandan azad olmuş insan üçünsə Kürdəxanı türməsi heç nədir. Necə ki, Hacı Abgül Süleymanova türmə rəisi “xox” gəlib “səni Qobustana yollayaram” (Qobustan türməsi qapalıdır və ən ağır sayılır) deyəndə, Abgüldən “Qobustan Gülstandır bizə” cavabını almışdı.
Xülasə, son həbslər məni qətiyyən məyus etmir, çünki Azərbaycan hakimiyyəti hələ heç vaxt bu qədər düşük, effektsiz, faydalı iş əmsalı sıfır olan həmləyə yol verməmişdi. Izn verək, şərait yaradaq özlərini rüsvay etməkdə davam etsinlər.
“Azərbaycan saatı”
“Azərbaycan Saatı” ilə bağlı yaranan problemdən xəbərdarsınız. Iki həftədir proqramın yayımı əngəllənir. Iki proqramın dalğasını vurdular, ikisinin isə efirə getməsi, ümumiyyətlə, mümkün olmadı. Işin arxasında Azərbaycan hakimiyyəti dayanır. Elin sözü ilə desək, pis iş deyil ki əllərindən gəlməsin, bunu yaxşı bacarırlar.
Azərbaycan hakimiyyəti bir müddət dodağını çeynəyə-çeynəyə də olsa proqrama dözə bildi. Görünür, daha bacarmırlar.
Həftədə çox yox, cəmi 2 saatlıq proqram Əliyevlərin media-təbliğat resurslarını darmadağın etməyi bacardı. Bunu bilmək, hiss etmək çox xoşdur. Mən indi təkəbbürə qapılıb yaza bilərəm ki, bu, Qənimət Zahid başda olmaqla “Azərbaycan saatı” kollektivinin gücüdür, uğurudur. Yox, bu qədər eqoizmə qapılmıram.
Şübhəsizdir ki, proqramın ərsəyə gəlməsində sizin adını bildiyiniz, bəzisinin isə bilmədiyiniz insanların böyük fəfakarlığı, cəsarəti var. Bu işin arxasında yuxusuz gecələr, əsəbləri tarıma çəkən iş mühiti, qorxulu risk və başqa şeylər var. Ancaq təkcə bunlar olmadı “Azərbaycan saatı”nı dillər əzbəri edən.
“Azərbaycan saatı” ona görə qəlblərə yol tapdı ki, insanlar orda özlərini gördülər, dərd-sərləri ilə bir yerdə gördülər. Daha AzTV və onun törəmələrindəki kimi “acından ölən avropalı bomjları” yox, Azərbaycanın analoqsuz inkişafı barədə nağılları yox, Qubadan, Gədəbəyə, Qazaxdan Talış dağlarına qədər hər yerdə sadə insanlarımızı düşündürən problemlərə qapı açmağı proqramı doğmalaşdırdı.
Azərbaycan insanı həqiqətə o qədər təşnə qalmışdı ki, proqramda peşəkarlıq baxımından bəlkə də kafi kimi qiymətləndiriləcək materalları tamaşaçılar can-dildən, şərbət kimi qəbul etdilər. Məkrli qərəzliləri istisna etsək, heç kim türkəçarə yolla hazırlanan materallara dodaq büzmədi.
Biz bu qısa müddətdə əsil xalq sevgisinin də, ictimai televiziyasının da nə olduğunu gördük.
Və artıq şad xəbər də var; bu sevinc davam edəcək. Bu həftə yenə efirdəyik!