Yanılmıramsa, ingilis atalar sözüdür. Onlar “şeytan xırdalıqda gizlənir” deyirlər.
Həyatda bu məsəlin özünü təsdiqlədiyini çox görmüşəm. Böyük-böyük çıxışların əsl məqsədi əksər hallarda diqqət çəkməyən bir cümlədə, bir sözdə, hətta bir jestdə gizlənir.
Bəzən yaxşı düşünülmüş bir məkrli planı çox kiçik bir səhv hərəkət, söz darmadağın, ifşa edir.
Parlamentin son iclasında YAP-ın “uzaqvuran topu” Rəbiyyət Aslanovanın işlətdiyi bir cümləni də beləcə – “gizlənən şeytanın” görünməsi kimi qiymətləndirirəm.
Rəbiyyət Aslanova soyqırım abidəsi qoyulması təklifinə münasibəti zamanı deyib ki, “əsas məsələ insanlara ürəklərdə abidənin qoyulmasıdır”.
Göründüyü kimi, Rəbiyyət xanımın Bakıda soyqırım abidəsi qoymaqla bağlı xüsusi bir təlaşı yoxdur.
Bütün dünyaya soyqırımı tanıtmaq istəyən bir dövlətin belə bir abidəsinin olmaması nə deməkdir? Zənnimcə, bunun üzərində durmağa dəyməz. Azərbaycanlılara qənim kəsilən bir hakimiyyətin əslində, soyqırım abidəsi yaratmasına da ehtiyac yoxdur.
Azərbaycan hakimiyyəti soyqırım və başqa müharibə dəhşətlərini əhaliyə unutdurmaq siyasəti yürüdür. Özü də bunu daha rahat həyat şəraiti təqdim edərək yox, müharibədən də dəhşətli problemlərlə vətəndaşları girinc qoymaqla…
Mən reportaj hazırlayarkən “bunların bizə etdikləri düşmən erməninin etdiklərindən də betərdir” deyən çoxlu sayda soydaşımızı görmüşəm. Yəqin, siz də az görməmisiniz.
Çox təəssüf ki, bədnam Gül bayramında Ilham Əliyevin “Şuşa” marketinin qarşısındakı qalib, fərəhli görkəmdə fotolarını gec – indilərdə gördüm və dərhal yadıma Remarkın “Zəfər tağı” romanı düşdü.
Remark peyğəmbərcəsinə romanda yazırdı: “Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur! Əsl faciənin ömrü qısa olsun gərək!”
Nə hərb, nə sülh şəraitində 20 ildən artıq çəkən Qarabağ problemi elə o problemin törəmələri olan “Şuşa” maketləri, “Isa bulağı” restoranları ilə çoxdan komediyaya çevrilib, bundan isə hamımızın xəbəri var.
Ancaq yenə də əsas vurğu salmaq istədiyim bunlar yox, Rəbiyyət xanımın “əsas məsələ insanlara ürəklərdə abidənin qoyulmasıdır” fikridir.
Mən Rəbiyyət xanımın yaddaşsız olmasını güman eləmirəm, sadəcə, burdan xatırlatma edirəm: Rəbiyyət xanım, ulu öndər elan etdiyiniz şəxsin Azərbaycanın az qala, bütün kəndlərində abidəsi var. Indi siz biz avam insanları başa salın: bu heykəllər neyçündür bəs?
Bir yandan Heydər müəllimin bütün ürəkləri fəth etdiyini deyirsiniz, o biri yandan da kənd, qəsəbə demirsiniz, hər yeri onun heykəllərilə bəzəyirsiniz… Ya etiraf edin ki qondarma işlə məşğul olmusunuz, çünki sizin məntiqinizlə xalqın qəlbində abidəsi olan adama əlavə heykəllər ucaltmaq əsas iş sayılmamalıdır. Yaxud bunu etiraf edin ki, xalqın qəlbində Heydər Əliyev abidəsi olmadığından kütləvi heykəl istehsalı ilə bu boşluğu doldurmusunuz.
Əlbəttə, Rəbiyyət xanımdan bu məsələ barədə cavab gözləmək özü vecsiz bir işdir. Çatdırmaq istədiyim odur ki, siz də indən belə “xırda şeytanları” axtarın. Onları tapmaq çətin deyil və zövqvericidir.
Bugünlərdə YAP-ın qurucularından sayılan Şahlar Əsgərovun “Azadlıq”a açıqlamasından da xeyli məmnunluq yaşamaqdayam. Müxbirlər Əsgərova siyasətlə bağlı sual ünvanlayıblar, onun cavabı isə çox müdrikyana olub: “Mən indi daha çox ”hara gedir bu dünya?” sualı ətrafında düşünürəm”.
Xırda sualların həllini tapmayan azərbaycanların bu cür bəşəri və ağır sualların altına girməsi təzə xəstəlik deyil. Bir də görürsən, ayaqqabısını mazlamaq kimi bir zərurəti dərk etməyən azərbaycanlı ABŞ-da quldarlıq probleminin tədqiqilə bağlı elmi yaradıcılığın ardınca dartınır. Evinin kartof problemini həll edə bilməyən bir başqası Marsda həyatın olub-olmaması sualı ilə özünə əziyyət verir.
Əlbəttə, Şahlar müəllim bu adamlara tay deyil, alim adamdır, ancaq onun da özünü belə bir çətin sualla qarşı-qarşıya qoymasını anlaya bilmirəm.
Ömür vəfa etsə, Şahlar müəllimdən müsahibə alsam, ona deyəcəyəm ki, hörmətli alim, nəyinə gərəkdir bu dünya hara gedir?
Axı bu dəqiqə sizi niyə bu sual düşündür, amma daha yaxın və real problemlər ətrafındakı suallar düşündürmür? Məsələn, bunlar:
Görəsən, 120 nömrəli marşrutdakı avtobuslar öz xəttilə gedir, ya yolları qazıldığından dəyişib?
Görəsən, metrodakı qatarlarda basabas olmaması üçün intervalı necə tənzimləmək olar?
Görəsən, sərnişindaşımadan mənimsənilən milyonlar kimin cibinə daha çox gedir?
Suallar xeyli çoxdur…