Sədi Şirazinin “Gülüstan”ında bir ibrət hekayəti var. Yazır ki, bir falçı insanların taleyinə baxırdı. Amma fala baxarkən oturduğu daşın altında 2 kisə qızıl olduğundan xəbərsiz idi.
Bu hekayəti həmişə avtobusda astroloq Firudin Qurbansoyla qarşılaşanda xatırlayıb, öz-özümə dəli kimi gülürəm. Çünki Firudin müəllim ölkəmizin ən tanınmış ulduzla falabaxanıdır. Bu azmış kimi, o həm də “Xəzinə tapmağın yolları” adlı kitabın müəllifidir.
Ancaq dərdimiz bu gün Firudin müəllimin kitabları və onun xəzinəsiz qalması, heç kirayələrdə yaşaması da deyil. Mən hakimiyyətin hərəkətlərini anlamağa çalışıram.
Bunlar öz əleyhdarlarını rüsvay etmək üçün min bir yol düşünürlər, ancaq hər gün, hər saat özlərinin daha da rüsvay olmalarından xəbərsizdilər.
Hakimiyyət insanları total nəzarətə götürməklə – onların telefon danışığını, yazışmalarını güdməklə əbədiyyət qazanacağına inanır. Fəqət, elə bu total nəzarət onların sonunu gətirəcək, ürəklərini partladacaq.
Bunun sadə bir səbəbini biz “Dikdaban” hekayəsindən öyrənə bilərik. Adını unutduğum türk müəllifin yazdığı hekayənin qəhrəmanı varlı bir qadındır. Bu qadının hər şeyi var, ev-eşik, bağı, çoxlu qulluqçusu və s. Xanım zifayətlərdə öz rəfiqələrinin həyatlarından narazılıqların eşidib həmişə təəccüblənir. Məsələn, onların hər biri dürüst, oğru olmayan bağban, aşbaz, çoban tapa bilmədiklərindən şikayətlənir, xanım isə hər dəfə onun belə qayğısı olmadığına şükür edir. Bir gün o, şiddətli təzyiq xəstəliyi tapır. Həkim onu müayinə edib deyir ki, problem ciddi deyil. Sadəcə, kifayət edir ki, bundan sonra xanım daha dikdaban ayaqqabı geyməsin. Bunu etməyə nə var ki…
O, ayaqqabılarını dəyişir. Elə o gündən təzyiq getsə də, onu daha ağır iztirablar əvəzləyir. Səbəbkar isə onun sədaqətli qulluqçuları olur. Xanım dikdabanı çıxardandan dərhal sonra mətbəxdə aşbazın ət oğurladığının üstünə çıxır, onu qovur. Növbəti gün isə o, bağbanın meyvələri yığıb qohumlarına payladığını ifşa edir. Aman Allah, növbəti gün sağıcının südə su qatdığını aşkarlayır.
Xanım, başını tutub düşünür: nə baş verir axı, olmaya gözə gəldi? Yox, qısa analizdən sonra hər şey aydın olur, səbəb dikdabansızlıqdır. Heç demə, dikdaban xanımı xoşagəlməz hadisələrlə üzləşməkdən sığortalayırmış. Onun taqqıltısını eşidən qulluqçular özlərini yığışdırırmış, indi isə heç bir səs olmadığından yaxalanırlar…
Dönürük özümüzə. Mümkün idi ki, hakimiyyətin lap yuxarı kürsüsündə oturanları AzTV, yalançı qəzetlər və məruzələrlə özününkülər aldadırdı; onlara hər şeyin əla olduğunu, insanların ömürlərindən kəsib onların ömrünə calamaqdan ötrü sinov getdiklərini deyir və inandırırdılar. Indi isə gizli izləmə qurğuları belə imkanları, illüziyaları yox edib. Bu güdmələr onları özlərilə üz-üzə qoyur.
Sadə bir faktı ötən gün Elşad Abdullayevin yaydığı videonu izləyənlər gördü. Camaat içində Əliyev deyəndə sevindiyindən gözü hədəqəsindən çıxanlardan biri rejim mənsublarının ardınca ana-bacı söyüşü söyür. Bundan əvvəl Ağır Cinayətlərə Cair Məhkəmənin hakiminin iqtidardakıların ünvanına “murdar” dediyi də ictimailəşmişdi.
Söyüş pis şeydir, bununla ikiəlli razıyam. Ancaq nə edəsən ki, ölkə vətəndaşları bizi idarə edənləri onun vasitəsilə obrazlaşdırırlar. Belə acı mənzərə olduğu halda, ölkə vətəndaşlarını ucdantutma güdən adamlara mazoxist adı verməkdən başqa əlacım qalmır.
Nəyi güdürsünüz, söyülməkdən ləzzət alırsınız?