Hacıbala Abutalıbovun jurnalistlər haqqında dediyi fikrə qarşı mən də qələmimi itiləmək istəyirdim. Ancaq gördüm ki, bahoo, hətta YAP-çılar da bu fikrə görə Hacıbala müəllimi qamçılayır, dedim, Natiq, hövsələn olsun.
Guya ki, Aydın Mirzəzadədən tutmuş, Fazil Qəzənfəroğluya qədər – hamısı Hacıbala müəllimin dediklərindən narahat olublar. Onun jurnalistlər haqqında ifadə etdiyi fikri azad sözə, mətbuata qarşı hayqırı biliblər.
Hətta deyirlər, Siyavuş Novruzov Firon kimi həmin gecə özünü ayaqlarından asıb Hacıbala müəllimin yerinə aman diləyib; Aman Tanrım, axı bu necə ola bilər ki, azərbaycanlı məmur jurnalistlər haqqında naxoş söz işlətsin. Yox, ola bilməz, çox realdır ki, şeytan Hacıbala müəllimin başının qarışıqlığından istifadə edərək, bir anlıq onun ruhuna təcəlla edib və o, bu sözləri işlədib. Bəs nə? Yoxsa, söz azadlığının təntənə yaşadığı ölkədə mer də jurnalisti meyitə bənzədər? Haşa!
Əlbəttə, bunlar əfsanə söhbətdir. Sadəcə, Hacıbala müəllim bir fağır adam kimi hakimiyyətdəkilərin özlərini yaxşı oğlan kimi təqdim etməsinə şərait yaradıb.
Bunlardan mətbuat, jurnalist qayğısına qalan olar?
Bunlar deyilmi 10 illik prezidentliyi boyunca bir dəfə də olsun ölkə jurnalistlərinə müsahibə verməyən adama səcdə edən?
Hacıbala müəllimin mübaliğəli sözündən pəjmürdə olan bu insanlar, bəs nə əcəb fiziki olaraq jurnalistlərə zülm verən nazirlər barədə nəsə deyə bilmirlər?
Qulaq asın, mən lap həyəcanlanıram, ay qardaşlar, nüfuzlu qurumlar bugünlərdə Ilham Əliyevə “Mətbuatın yırtıcısı” adını verdi, onun hələ mürəkkəbi qurumayıb. Əlhəmdülillah, Hacıbala müəllimin adı orada yoxdur. Nə düşmüsünüz onun üstünə?
Hacıbala müəllimi tənqid edən YAP və onun yan-yörəsindəkilərin siyasi riyakarlığından bir bənd də yazımmı?
Bildiyiniz kimi, 3-4 ildir Hacıbala müəllimin rəhbərliyi və atalıq qayğısı ilə Bakıda geniş miqyaslı söküntü işləri gedir. Hacıbala müəllimin mübarək imzası ilə təsdiqlənən qərarlarla evlər məzlumların başına uçurulur. Onların naləsi ərşə dirənir.
Bir beynəlxalq təşkilat Hacıbala müəllimin yaradıcılığına olduqca sərrast formada belə qiymət vermişdi: “Bakıda təkcə evlər yox, insanların taleləri də uçurulur”.
Bəs niyə bu adamlar bircə dəfə də “Insaf ya, Hacıbala” deyə fəryad etməyib? Olmaya, bəsirət gözləri indi açılıb?
Indi gələk Hacıbala müəllimin dediklərinə bir qələm adamı olaraq mənim reaksiyama. O nə demiş: “Jurnalist görəndə elə bilirəm qəbirdəki meyiti görürəm”.
Məncə, çox ağsaqqalyana deyilmiş, ürəkağrıdan fikirdir. Hacıbala müəllim desəydi ki, jurnalist görəndə yaxın adamlarından kimisə xatırlayır və ya qəlbi fərəhlə dolur, yazardım ki, a kişi, ağ eləmə, bizi dolayırsan, yoxsa özünü?
Azərbaycanda jurnalistika diridirmi?
Ölü canlarıq hamımız. Bizi çoxdan qətlə yetiriblər. Hacıbala müəllim bizi çox dəqiq görür. Öz halımızla razılaşmırıqsa, məşhur məsəldə deyildiyi kimi, güzgünü sındırmaq lazım deyil, çöhrəmizi düzəltməliyik.
Azərbaycan jurnalistinə “vızıldama”, “cırıldama”, “rədd ol” demək su içmək qədər asan, onu qana boyamaq milçək öldürmək qədər rahatdırsa, deməli, o, qəbirdəki meyit qədər var. Özü də biz sahibsiz meyitlərik…
Heç basdıranımız, üstümüzdə dua oxuyanımız da yoxdur.
Xülasə, Hacıbala müəllim, başqalarını bilmirəm, məni elə dəqiq öz adımla çağırmısan. Çox sağ ol!