Hakim partiyaya rəsmi (Yeni Azərbaycan) və qeyri-rəsmi (simasız quldurlar) adı verən Sirus Təbrizlinin son müsahibəsi yenə də ziddiyyətli çalarları ilə seçildi.
Sirus müəllim savadlı adamdı, xalq hərəkatını görüb, camaatın dilini yaxşı bilir, buna görə də müsahibələrində rahatlıqla sağdan vurub, sola və əksinə çıxa bilir.
Inkar etmək olmaz ki, onun müsahibələri hakimiyyətdəkiləri əsəbiləşdirmir. Əsəbiləşdirir. Çünki hökumətdəki yalan və talan barədə Sirus müəllim acı danışır.
Ancaq onun müsahibələri həqiqət axtaranlar üçüm olduqca azdırıcıdır.
Bir dəfə, deyəsən, mərhum Ərbakan demişdi: Ən təhlükəli yalan həqiqətə ən çox bənzəyən yalandır.
Sirus müəllimin yalan istehsal etdiyini yazsam, insafı əldən vermiş olaram, ancaq mənə hələ də qaranlıqdır. Bu adam nə istəyir, nədən narahatdır.
Bəli, xalqın ağır güzəranı, kasıblıq, yaltaqlıq, demokratiyanın olmaması onu düşündürür, bunu deyir. Amma ardınca da bu mənfi nəticələri doğuran səbəbləri gizlədir və ya diqqəti onlardan yayındırır.
Konkretləşdirək: Sonuncu müsahibəni avam adam oxusa, elə bilər ki, ölkədə cümlə xəyanətlərə bais Mehdiyev Ramizdir. Məhz bu qoca kadrdır Heydər Əliyev demokratiyasına kölgə salan (görəsən o demokratiyanı Sirus müəllimdən başqa neçə adam görüb), keçmiş dövlət başçısına sədaqət göstərən kadrları pərən-pərən salan.
Sirus müəllim əlavə edir ki, Heydər Əliyev özü deyib ki, Ramiz Mehdiyev ona iki dəfə xəyanət edib. Burda dayanaq.
Sirus müəllimin Mehdiyevin köhnə qvardiyanı baltalamağı ilə bağlı dedikləri doğrudursa, mən “boz kardinal”a təşəkkürlərimi bildirirəm.
Sirus müəllimdən fərqli olaraq Azərbaycan xalqının mütləq əksəri Heydər Əliyevi hakimiyyətə gətirən, onun dayaqlarını bərkidənləri heç də xoş sözlərlə anmır. Bu insanlar ölkəmizin başına tiranı gətirməklə Azərbaycanı onillərlə geri atıblar və belə bir təbəqəyə qarşı Mehdiyev amansız, yorulmadan balta çalırsa, mən deyirəm: Qoluna qüvvət ağsaqqal!
Sirus Təbrizlinin Ilham Əliyevə dolayısı ilə tutduğu ən böyük irad budur: o kadrları atasında fərqli olaraq düz seçmir. Neyçün? Axı elə həmin müsahibədə iki dəfə xəyanət edən, üçüncü üçün hazır dayanan Mehdiyevi vəzifəyə təyin edən Ilham Əliyev olmayıb. Xəyanətkardan komanda yığmaq uzaqgörən, xalqa uyğun siyasətdirsə, daha sözüm yoxdur.
Ümumiyyətlə, Heydər Əlyevlə birgə işləyib sonra müxalifətə keçənlərin və ya incik düşənlərin bir ortaq cəhəti var. Onlar bunu qəbahətləri yox, üstünlükləri kimi cəmiyyətə göstərmək istəyirlər. Guya hakimiyyəti qəsb edən, xalqın arasına nifaq toxumu səpən, ölkədə döyüş ruhunu öldürən biri ilə işləmək xüsusi qabiliyyət tələb edirmiş. Keçməz belə fənlər daha.
S.Təbrizli deyir: “Heydər Əliyevə ən böyük heykəl ölkəni ədalətlə idarə etməkdir”. Bu sözü oxu və başını daşa vurma görüm necə vurmursan?
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlib. Bəlkə, unutmuşam, yada salın, bəlkə 2003-cü ilə qədər hansısa mərhələdə respublika ictimaiyyəti ədalətin təntənəsini görüb, mən kor olmuşam, hardaydı o ədalət.
Bir ölkədə azad seçki olmayıbsa, məhkəmələrdə nizam tərəzini pul müəyyən edibsə, hansı ədalətdən söhbət gedə bilir?
Heydər Əliyevin sevimli bir kadrı vardı – ədliyyə naziri Südabə Həsənova, onun sözüdür, Sirus müəllim unuda bilməz: demokratiyanı beşikdəcə boğmaq lazımdır!
Yəqin, Sirus müəllim belə boğan, asıb-kəsən ədalətin təşnəsidir.
Və gəlirik sona… YAP-ı simasız quldurlar partiyası, xəyənatkarlar oylağı adlandıran cənab Təbrizli prezident seçkisində yarışacaq partiyalar arasında YAP-ın maddi və mənəvi baxımdan ən güclü olduğunu deyir.
Hə, buna türk arkadaşlarımız belə mövqe bildirir: bu nə turşu, bu nə pəhriz, abi.
Sirus abi, mənəvi cəhətdən güclü bir partiyaya simasız dediyinizə görə xudavəndi-aləm sizi heç vaxt bağışlamayacaq!
Ölkənin qaymaq sayılacaq təbəqəsini, şəxsiyyətlərini bütpərəstliyə boyun əymədiyinə görə sındıran, əzən, təqib edən bir partiyanı siz mənəvi cəhətdən gücülü sayırsınızsa, onda izin verin, burdaca sizə “good bye” yazım.