Bu günlərdə yorğun demokrat dostlarla oturmuşduq. Söhbət başqa bir müxalifətçidən düşəndə yorğun demokratlardan biri mənə dedi: “Bəy, mən ona inanmıram”.
Neyçün?
Heç demə haqqında danışdığımız bəyin övladı hakim ailənin biznes strukturlarından birində fəhlə işləyir.
Bu xəbəri eşitdiyim an ölkəmizdə vətəndaş müharibəsi üçün gözəl bir zəmin hazırlandığını hiss etdim. Ola bilər rəngləri çox tündləşdirirəm, ancaq siz də vətəndaşlar arasında dəhşətli səddlər yarandığını ört-basdır etməyə qalxmayın.
Söhbətləşdiyim insanlar sadəlövh, lap kobud desək, qaragüruhçu ünsürlər deyildi. Onunçün verilən xəbərə gülüb keçmək olmaz.
Əminəm, haqqında danışdığımız müxalifətçi hökumətlə heç bir xain anlaşmada da deyil. Sadəcə Azərbaycan hakimiyyəti ölkədə elə faşist mühiti yaradıb ki, hakimiyyətdəkilərin biznes strukturunda lap süpürgəçi işləmək möcüzə sayılır.
Axı biz bu yaxın ilhamlı keçmişdə təkcə cəbhəçi olduğuna görə işdən çıxarılan hətta çox sayda qaynaqçı, gözətçi gördük.
Vəziyyət bu qədər ağır və faciəlidir.
Ilham Əliyevi misal gətirib Heydər Əliyevi övməyin, tərifləməyin tərəfdarlarından deyiləm. Ilham Əliyev sözün əsl mənasında Heydər Əliyev siyasi kursunun layiqli davamçısıdır. Lakin dövrün şərtlərinin və siyasi bacarığının üstün olmasına görə biz Heydər Əliyev zamanında indiki kimi ürəkbulandıran səhnələri az görürdük.
Məsələn, yadıma salıram, 2000-ci ildə bərəkətli Muğan torpaqlarına müəllim işləməyə gedəndə azı 4-5 məktəb direktoru, “zavuç” olan müxalifətçi görmüşdüm.
Indi isə dövlət qurumlarında belə halla rastlaşanda hamımız “işin içində iş olduğunu” düşünürük.
Ilham Əliyevin idarəetmə sisteminin Azərbaycanda bərqərar etdiyi düzən bax budur: müharibə etmək istəyən dövlətin vətəndaşları arasında düşmən ab-havası hökm sürür. Deməli, dövlət üçün əsas şərt olan vətəndaşlararası həmrəyliyə, vəhdətə bir quş!
Bizə tez-tez Sovet repressiyalarından danışırlar, özümüz də o illər haqqında az oxumamışıq. Əlbəttə, sovet repressiyaları da murdar olub və buna görə elə o dövlət özü 50-ci illərdə üzrxahlıq edib.
Sovet repressiyaların neyçün xatırlatdım? Cılız insanların repressiyasının da cılız olduğunu yazmaq üçün.
Biz bir dəfə repressiya olunan antisovet Hüseyn Cavidin yaxınlarına o dövlətdə yaradılan imkanlardan ətraflı bəhs etmişdik.
Bu gün də ÿantisovet Əhməd Cavadın oğlunun elə o sistemdə prokuror olduğunu da yada sala bilərik. Çoxlu belə nümunələr var. Qısaca demək istədiyim, Sovet sistemi insanlara qarşı qəddarlığında da cılızlığa getmirdi.
Bəs bizimkilər?
Mən hakimiyyətin ailələri ancaq siyasi baxışlarının fərqliliyənə görə necə pərəm-pərəm etdiyini ürəkağrısı ilə seyr edirəm. Avropaya sığınanları bir yana qoyun, Rusiya isə lap çoxdan azərbaycanlılar üçün ikinci vətən olub, bu günlərdə öyrənmişəm ki, Iran və Ərəbistana da mühacirətlər artır. Ailəsi Irana sığınan neçə siyasi məhbus tanıyıram.
Əlbəttə, çox rahat yoldur ki, qalxaq o adamların ailələrini də Iran-Turan agenti çıxaraq. Vicdanımız sakitləşəcəksə, bunu edək, amma bunu edərkən atası, qardaşı, oğlu Əliyevlərə baş əymədiyi üçün zindana düşən Təzəxan Mirələmli və onun kimiləri, qızı ilə bərabər məhbus həyatı yaşayan Tofiq Yaqublunu da düşünək.
Xülasə, ölkəmizdə ailə hakimiyyəti var deyib keçməməliyik, bizdə ailə hakimiyyəti həm də ailəvi düşmənçilik anlamındadır.
Arada düşünürəm ki, bizim hakimiyyətdəki insanlarımız deyəsən, özlərinin əbəbi vəzifədə qalacaqlarına doğrudan da inandırıblar. Axı necə ola bilər ki, bu gün etdiklərinin sabah qarşına çıxmayacağından bu qədər əmin olasan?
“Saqqalı uşaqlar”
“Terrora yox” həbsə atılan gənclərin – Əbülfəzin, Turqutun və Ilkinin dünən məcburən saçlarını qırxıblar. Yəqin, rejimin nökərçələri bu addımları ilə böyük qəhrəmanlıq etdiyini düşünürlər. Olsun.
Seyyid Qütub deyirdi: “Bizim yol tikanlıdır, ayağını sevənlər gəlməsin”.
Indi qardaş, saçın kəsilməsi nədir ki, Ilham Əliyev bizim başımızı da kəsə biler; saçınızı sevirsinizsə, gəlməyin!
Ən əsası isə bu gün o zindana düşənlər və düşməkdən zərrə qədər də qorxmayan gənclik başını haqq-ədalət, bu ölkədəki yalan və talanın məhv olması üçün verməyə hazırdır.
Və icazənizlə Səddam Hüseyni də bu saçqırxma mövzusu ilə bağlı yad edək.
Ey Səddamın Azərbaycandakı mənəvi qardaşları…
Əbülfəzgilin saçını qırxdınız, çox sağ olun. Ancaq unutmayın ki, bir gün yetişəcək, tale sizin başınızı o qədər qarışdıracaq ki, Səddam kimi saçınız vız-vız duracaq, onu nəinki qırdırmağa macal edəcəksiniz, heç daramağa imkan etməyəcəksiniz.
Bir sözlə, kanalizasiyada gizlənməkdən başınızda bildirçin yuva quracaq. Yəqin Səddan tutulanda onun saçlarını görmüşdünüz, bax, onun dərdini çəkin, yoxsa bizim üçün saçlı Əbülfəz, keçəl Əbülfəz, fərq etmir.