Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın amnistiya təşəbbüsü ilə çıxış etdiyini oxudum. Nə demək olar? Əslində çox söz. Ancaq etiraf edək ki, asan deyil.
Birincisi, işin müsbət tərəfi var. Bu amnistiya aktı ilə yüzlər azadlığa çıxacaq. Ailələr sevinc dadacaq. Bundan gözəl nə ola bilər?
Amma məni narahat edən hal başqadır, bu işin ikinci ağır tərəfidir.
Amnistiyaya düşəcək o binəsiblər kimlərdir? Qətiyyən onların hamısının məsum, günahsız olduğunu iddia eləmirəm. Ancaq istənilən, ən qırmızı üzlü yapçı ilə mübahisəyə hazıram ki, bu gün həbs həyatı yaşayan çoxluğun məsuliyyəti hakimiyyətin üzərindədir.
Azərbaycanda elə bir hakimiyyət bərqərardır ki, o, adamı cinayətə sövq, təhrik edir. Bu ölkədə qanunu pozmadan, cinayət etmədən yaşamaq balığın sudan kənarda yaşaması qədər müşkülə dönüb.
Ölkəmizdə total cinayət, cinayətkar mühit var.
Və bu vəziyyət bizi idarə edənlərin çörəyi üçün yağdır.
Çox yaxşı düşünüblər: dövlətin adı ilə insanları tutub onları dövlətə qarşı qıcıqlandırırlar, Heydər Əliyev Fondunun adı ilə isə amnistiyaya salıb xal yığırlar.
Azərbaycanda bütün dövlət qurumlarının izzəti, hörməti Heydər Əliyev Fonduna qurban verilib. Qəsdən elə vəziyyət yaradıblar ki, vətəndaş ixtiyar nazirliyə gərək “çerez” Heydər Əliyev Fondu müraciət etsin. Tutaq ki, bir imkansız qoca gözünü əməliyyat etdirməlidir; icraya yazır, rayon səhiyyəsinə, polisinə, nazirliyə yazır, fəryadını eşidən olmur. Amma eyni şeyi Heydər Əliyev Fonduna yazır, fond da təqdimatla bu məktubu yollayır cavabdehlərin üzərinə, iş bəzən həll edilir. Bu halda sadə vətəndaşları qınamaq da olmur, çıxır AzTV-yə fond üçün həmdü-sənalar yağdırır.
Mən dərk edirəm ki, bu dünyada insan həyatından, azadlığından, sağlığından qiymətli nəsə yoxdur. Ona görə çarəsiz insanların Heydər Əliyev Fondundan mədəd ummasına sakit baxıram. Nə bilmək olar, bəlkə sabah elə bu yazıdan sonra məni həbsə atsalar, mən də o fondda əfv ərizəsi yazdım?
Amma nə qədər tutmayıblar, sındıra bilməyiblər, ixtiyarım öz əlimdədir, yazıram: Heydər Əliyev və ya ixtiyarı bir fondun insanlara sağlamlıq, azadlıq bəxş etməyinə, bunun üçün səbəb olmağına çox sevinirəm, çox bəyənirəm bu işi. Ancaq dövlət adının belə işlər üçün ucuza xərcləməsinə qarşıyam və buna üsyan edirəm.
Azərbaycan dövləti təcili özünə gəlməlidir.
Azərbaycan dövləti insaniləşməlidir. O, insanın başını küt yox, iti qılıncla kəsməyi humanizm saymamalıdır. Ümumiyyətlə, baş kəsməməlidir.
Insanların şərlənərək zindanlara salınmasından, başqa cür fikirləşənləri dustaq etməkdən ayıb bir iş kimi əl çəkilməlidir.
Sadə insanları cinayətdən qoruyan mexanizmlər, proqramlar yazılmalı, həyata keçirilməlidir.
“Çox əzablıdır”
Xəzinə olub, gizli qalmaq!
Xəzinə olub, xarabalıqlarda unudulmaq!
Böyük əzabdır elm olub alimsiz qalmaq!
Elm olub alim tapmamaq!
Gözəl olub, görülməmək!
Fəryad olub, eşidilməmək!
Nur olub, işıqlandırmamaq!
Alov olub, isitməmək!
Eşq olub, qəlb tapmamaq!
Cismsiz ruh omaq!
Çeşmə olub, təşnə tapmamaq!
Söz olub, peyğəmbər olub, bir kəs tapmamaq!
Oxucusuz əsər olmaq!
Əl olub, nəvaziş etməyən bir əl olmaq…
Nə deyim?! Allah olmaq və insansız qalmaq…
Yuxarıdakı “çox əzablıdır” yarımbaşlığı ilə oxuduğunuz qeydlər Ustad Əli Şəriətinindir. Biz sizlə onun barədə kiçik bir söhbət etmişdik.
Əli Şəriəti Fransanın Sarbon Universitetində doktorluq müdafiə etmiş sosioloq olub. Inqilabçı, sosial baxışları ilə məşhur olan Şəriətini Şah rejimi daim təqib edib. 1977-ci ildə onu Irandan çıxarıblar. 3 həftədən sonra isə SAVAK onu Ingiltərədə qətlə yetirib.
Doktorun məzarı Suriyadadır.
Qəbrinin üstünə bu sözlər yazılıb: “Necə öləcəyimi bilirəm, sən mənə necə yaşayacağımı öyrət!”.