“Azadlıq” qəzeti, xüsusən üçüncü səhifə Ilham Əliyev hakimiyyətinin inikasıdır. Ilham müəllim hakimiyyəti qəsb etdiyi gündən bu səhifə siyasi məhbusların fotoları ilə bəzənir. Illər gəlir-gedir, ordan biri çıxır, bir başqası daxil olur.
Siyasi məhbuslarla bağlı cəmiyyətin də, elə qəzetin də ağzının yandığı az olmayıb. Məhbəs həyatından sonra onların bəziləri əvvəlki mətanətini qoruya bilmir, bəziləri isə açıq-aşkar hökumətin buyruqçusuna dönür. Bütün bu hallar isə heç kimin doğrulardan üz döndərməsinə səbəb ola bilməz.
Mənim fikrimcə, hətta həmin siyasi məhbusun həbsdən çıxar-çıxmaz alovlu YAP-çı olacağını dəqiq bilsək belə, yenə də onu tuş gəldiyi haqsızlığa görə müdafiə etmək lazımdır. Çünki adamın adı üstündədir – siyasi məhbus, vicdan məhbusu! Bu isə o deməkdir ki, adamla hakimiyyət qərəzli davranıb, onu baxışlarına, qanundan kənar olmayan siyasi davranışına görə azadlıqdan məhrum edib. Belə bir insanı niyə də müdafiə etməyəsən?
Adi bir nümunə deyim; lift bağlanıb, orada kimsə qalıb və kömək istəyir. Əminəm ki, sizin ən daş qəlbliniz belə, o vaxt haray diləyən adamın kimliyini araşdırmayacaq, dərhal tədbir görüb, o qapının açılmasına çalışacaqsınız. Eləcə də suda batan birini görsəniz, zərrə qədər də olsa, insanlığınız qalıbsa, həmin şəxsin xilası üçün əlinizdən gələni edəcəksiniz!
Bu gün bizim siyasi məhbuslar, vicdan məhbusları o adamlar kimi dardadır. Biz hər gün onların harayını eşidə bilmirik. Düzü, çoxu haqsız yerə həbs olunmalarına baxmayaraq, heç fəryad eləmirlər. Ancaq bu azadlıqda olan heç kimə rahatlıq verməməlidir. Bir insanın bir saat liftdə qalması necə dəhşətdirsə, fikirləşin ki, bir günahsız insanın aylarla, illərlə zindanda qalması 10 qat və daha ağırdır. Və indki halda, o adamların fəryadı hər gün bizə “Azadlıq” qəzetindən boylanan fotolarla əvəz olunub. Bu insanların azadlığı üçün çalışılmalıdır.
Hə, indi bizim Kürdəxanı təcridxanasını və vicdan məhbuslarının saxlanıldığı başqa “zon”ların qapılarını sındırıb onları azadlığa qovuşdurmaq imkanımız yoxdur. Amma başqa yollarımız var. Onlardan birini bizə mərhum doktor Əli Şəriəti belə göstərir: “Batili məhv etmək olmursa, onu rüsvay etmək olar. Əgər haqqı bərpa etmək olmursa, onu sübut etmək, zamana tanıtdırmaq və diri saxlamaq olar!”
Vicdan məhbusları bizim incilərimizdir, onların adı mərhum doktorun buyurduğu kimi, hər an dilimizdə zikr olunmalıdır.
Sizə başqa bir məsələni deyim. Bütün illərdə həbsdə olan vicdan məhbusları Azərbaycanda mübarizə tarixinə müsbət impulslarını verib. Onların yaratdığı örnəklər azyaşlı siyasi tariximiz üçün bir kapital olub, amma açıq deyim, indiki kontingent tam başqadır. Müsbət mənada “Azadlıq” qəzetinin üçüncü səhifəsindəkilər çox seçilir. Sanki say-seçmə insanlar bir-bir bura üçün yığılıblar.
Qəribə görünsə də, deməliyəm, onların siyahısı elə mükəmməlliklə seçilib ki, adam özü orada olmadığına görə paxıllıq çəkir.
Biz bu gün mübarizə aparan o insanlara görə əzab çəkirik, ancaq əmin olun, daha böyük əzabı hakimiyyət özü dadacaq.
Fakt istəyirsinizsə, buyurun: Ictimai Palatanın 2 aprel mitinqinə görə hakimiyyət 14 nəfəri tutmuşdu. Onların hamısına say-seçmə demək mümkün deyildi. Məsələn, aralarında YAP-çı da vardı, mübarizədə ilk addımını atan sıravilər də, təcrübəsizlər də… Bəs nəticə nə oldu?
Bu insanların hər biri məhkəmə prosesində saxta ittihamları, prokurorları, hakimləri darmadağın edib rəzil günə qoydular. Həmin vəzifəlilərin timsalında hakimiyyətin həm xofu qırıldı, həm də xalq arasında onlara qarşı ikrah artdı.
Bəs indi necə olacaq? Hər biri yaradıcı insan olan, hüququn incəliyini bilən, geniş ictimai dəstəyi, çevik zəkası olan bu üçüncü səhifədəkilərin qarşısında kim və necə duracaq?
Xülasə, hazırlaşaq, bizi gözəl və dramatik məhkəmə səhnələri gözləyir. Vicdan məhbuslarının hökm oxuyacağı məhkəmələr!