Qibleyi-aləm Ilham Əliyev Ramiz Mehdiyevə “Şərəf ” ordeni verdi. Versin. Qoca kişidir, onun indi belə şeylərlə könlünü xoş edən vaxtıdır.
Ramiz müəllimin şərəfini qətiyyən şübhə altına almaq istəmirəm. Zatən, qanunlar, dünyanın qəbul etdiyi dəyərlər heç kimin şərəfinə toxunmağa izn vermir.
Dərdim hansısa ordenin israf edilməsindən daha ciddidir.
Kim inkar edəcək ki, Ilham Əliyev-Ramiz Mehdiyev idarəetməsi ölkə vətəndaşlarını şərəfli və ləyaqətli ömür sürməsinə ən böyük maneədir.
Mən indi dərin bir sualın düşüncəsi altındayam: Görəsən Ilham Əliyevin medal yox, elə dəyər kimi “şərəf” paylamaq imkanı olsaydı, o, ətrafına qarşı bu qədər səxavətli olardımı?
Yəni “al bu şərəfi elin-obanın gözündə dəyərin birə-beş artsın” deyərdimi? Şübhə edirəm!
Vətəndaşının, çevrəsinin şərəf və ləyaqətini uca tutan insanlardan olmasını istəyən bir hakimiyyət elementar ehtiyaclar üçün insanların üvli duyğularını sınağa çəkməz. Məsələn, müəllimi, həkimi, mühəndisi aşağı əməkhaqqıya ürcah edib işıq, qaz, su oğurluğuna təhrik etdirməz.
Bakını bahalı elektrik dirəkləri ilə bəzəmək, bulvardakı ağacları işıqla sarımaq hələ inkişaf və aydınlıq deyil. Dərd budur; ölkə vətəndaşı elektrik pulunu verə bilmir, məcbur qalıb oğurluq edir və “mən oğurlamıram” yalanını danışır.
Və ya oğurluq qaz xətti çəkməyə məcbur olan bir atanın ifşa olub ailəsinin yanında xəcalət çəkməsini düşünün.
Və ya orduda “var-yoxdan” çıxarılan hərbi qulluqçular…
Bütün cəmiyyəti zəlil günə qolub onların hanısının yaxasından belə “Şərəf”, “Şöhrət” assan nə faydası? Bu, ölüyə kostyum geyindirmək kimi bir şeydi.
Bizim fərqimiz
K.Marksın sinfi cəmiyyət nəzəriyyəsini ha əlimizlə qatlayıb kənara qoysaq da, o hər gün özünü bizə təsdiq etdirməkdə israrlıdır. Sinfi cəmiyyət nədir? Bəsit desək, istismar olunan və istismar edən insanlar. Bu iki sinif, baxmayaraq ki, eyni cəmiyyətdə yaşayır, eyni müəssisədə çalışır, eyni havanı udur, amma onlar fərqlidirlər. Həyəcanları, sevincləri, acıları başqa-başqadır.
Mən bunu iqtidar mətbuatı ilə müxalifət mətbuatını tutuşduranda daha bariz görürəm.
Məsələn, o gün pulsuz paylanan hakimiyyət qəzetini diqqətlə oxudum ki, görəsən bunları narahat edən hansı problemlərdir.
Aha, tapdım, sən demə, məktəbliləri avtomobillərdən qorumaq lazım imiş. Bunun üçün nə qədər dövlət vəsaiti silinəcək, məktəblilərə xüsusi parıldayan material verəcəklər, onlar da onu tikcək pencəklərinə, çantalarına. Bununla da gecə üstləri parıldayacaq və uşaqları avtomobil vurmayacaq!
Adam lap kövrəlir, gör bizim uşaqların nə cür qayğısına qalan varmış…
Azərbaycanda minlərlə uşağın məktəbə getməmək problemi varkən…
Azərbaycanda minlərlə ata uşağına ən zəruri əşyaları alıb məktəbə yola sala bilməzkən…
Azərbaycan məktəblərində şagirdlər qışda sətəlcəm taparkən…
Azərbaycan təhsil sistemi məktəblərdə xalqın balasını manqurtlaşdırırkən, bu adamlar bəs neyçün “işıq parıltısı” problemini ilə uğraşır? Səbəbi sinif fərqidir.
Aşağı təbəqənin dərdi onların nə vecinə.
Futbol və narkotik
Tam səmimi deyirəm, Əli Şəriəti ilə tanışlıq həyatımda tam başqa üfüqlər açıb.
Onunla tanışlıq mənim öz cızma-qaralarıma qarşı dəhşətli ikrah yaradıb. Pafosla desək, Əli Şəriəti mənim yaradıcılığımı tormozlayan adam oldu. Onun hər kəlməsi ilə tanışlıq özümün nə qədər primitiv olduğuma inam aşılayır. Baxıram ki, min bir əziyyətlə düşünüb yazmaq istədiyim şeyi bu adam illər öncə mükəmməl qaydada yazıb. Bayaq hətta dostlarıma zarafata dedim ki, Əli Şəriəti mənim kamil variantımdı.
Facebook dostlarım uzun müddətdir mənim antifutbol qeydlərimlə tanışdır. Bu gün ustadın futbol barədə qeydini gördüm və öz-özümə dedim. Ilahi, mənə ucqar bir guşədə çobanlıq nəsib elə, gedim başımı aşağı salım qoyun otarım, yazı mənlik deyil.
Hər şey yazılıb, oxumaq, oxumaq yenə də oxumaq lazımdır.
Və təbii ki oxuyandan sonra ustadın dediyi kimi fəryad etmək!
Indi isə görün o nə yazır:
“Stadionlardan gələn səslər, davam edən savaşlarda məzlumların səsini batırırsa, Futbol opiumdur (narkotik)”.