Deyəcəm ki, “qardaş, bu nə bayram idi keçdi, nə kefimiz açıldı, nə də əhvalımız”… Bilirəm deyəcəksiniz ki, elədi.
Etiraf edək ki, məsələn, 10-15 il əvvəlkinə nisbətən camaatımızın Novruz süfrəsinə qoymağa şirniyyatı, qoz-fındığı daha çox olur. Ancaq əhval-ruhiyyə yoxdur.
Bəli, yoxdur, bunu gizlətmək olmaz.
Insanlar bizi gözləyən iri çaplı fəlakəti – Qubad Ibadoğlunun təhlillərini eşitməsələr də, duyurlar. Üstəlik, heç bu gün də rahat deyilik axı.
Məgər yemək-içmək tapmaqla iş düzəlir?!
Ölkədə gərginlik var, əsəb var. Onların çöhrəsini kosa-keçəllə çətin açmaq olsun.
Bayram səssiz ötüşsə də, bu tətil günlərində düşünmək üçün mənə xeyli material verdi.
Məsələn, qibleyi-aləm Ilham müəllimin pəhlivanla qol güləşdirməsi… Gördünüz, o, pəhlivanın qolunu qatladı.
Qatladımı?
Qardaş, bu adam yumurta döyüşdürəndə cığallıq edir, udur…
Qol güləşdirəndə də…
Futbol oynayanda da…
Seçkidə yarışanda da.
Və o, bizim rəhbərimizdi. Hələ bu azdır, deyirlər o, ölkədə ədaləti bərqərar etmək üçün Qurana və Konstitusiyaya and da içib. Nəcə ağlamayasan bu halda?!
Hacıbala Abutalıbovun oğlunun seçimi
Bayram günlərində Bakı meri Hacıbala Abutalıbov da düşünməyim üçün material oldu. Bilmirəm eşitmişdinizmi, illər öncə Bakıda belə bir şəhər əfsanəsi dolaşırdı. Bir qız dükana girir, satıcıdan bir köynəyin qiymətini soruşur. Satıcı deyir ki, sənlik deyil. Qız bir də soruşur, satıcı yenə “sənlik deyil” cavabını verir. Qız 3-cü dəfə soruşanda lap kobud münasibətlə qarşılaşır və ağlayıb çıxır.
Bir azdan o, oğlanla geri dönur. Bu dəfə oğlan qiyməti soruşur və cavab: 2 min dollar! Oğlan köynəyi alır, sonra satıcının gözü önündə onunla maşınını silib, tullayıb gedir. Deyirlənə görə, bu oğlan Hacıbala Abutalıbovun oğluymuş.
Mənə daha sonra baş verənlər daha maraqlıdır. Bilirsinizmi, onu da deyirlər ki, həmin oğlan sələfilərə qoşulub, atasının cəh-cəlalından da imtina edib.
Sizdən soruşuram, çoxlarının bəyənmədiyi vəhhabilərin işini biz (yəni, rejimə qarşı olanlar) niyə bacara bilmirik?
Niyə bir məmurun uşağını yaxşı mənada yoldan çıxarmağı bacarmamışıq? Niyə?
Nə yapırsan, Ismayıl abi?
Bəzən həyat insanı ağır suallar qarşısında qoyur. Bayram günləri belə bir ağırlıqla üzləşdim. Iki gün əvvəl gecə saat 2-də Ağcabədili dostum Xəyaldan zəng gəldi. “Allah, özün saxla” deyib, hürkək nəzərlə telefonu açdım.
Xəyal bircə kəlmə dedi: “ITV-yə bax”.
Ürəyim qarnıma düşdü, o dəqiqə fikirləşdim ki, görəsən, yenə kimin videosunu yayırlar?!
Açdım kanalı. ITV gecə saat 2-də cizgi filmi verirdi. Həyatın məni və ümumiyyətlə, bizi amansızcasına üz-üzə qoyduğu sual da buydu: gecə saat 2-də ITV o cizgi filmini kimin üçün verirdi?
Ağlıma gələn cəmi bir varinat oldu. Yəqin, Ismayıl Ömərovun (ITV-nin rəhbəri) Azərbaycanla saat fərqi olan Avropa ölkələrində nəvəsi-zadı yaşayır, o da qayğıkeş baba kimi gecə saat 2-də onlar üçün özəl yayım yapır. Başqa nə ola bilər axı?
Ismayılı tanımalı!
Hər kəs öz “Ismayıl”ını tanımalıdır.
Hər kəs, bəlkə də yox. O kəslər ki, ölkəni dəyişmək istəyir.
O adamlar ki, ölkəmizdə zülmün kürəyini yerə vurmaq istəyir.
“Ismayıl” verəcəyin qurbandır.
O təkcə qoyun deyil, adam da ola bilər, başqa şey də.
Ismayılınızı tanıyın, sonra davam edərik. Onu tanımaq istəyirsinizsə, ustad Əli Şəriətinin köməyini sizə təqdim edə bilərəm. Ismayılınızı düşünün, gerisi su içmək qədər asandır.
“Sənin Ismayılın kimdir?
Və ya nədir?
Məqamınmı? Qürurunmu?
Mövqeyinmi? Statusunmu? Peşənmi?
Pulunmu? Evinmi? Bağınmı? Avtomobilinmi?
Sevgilinmi? Ailənmi?
Elminmi? Rütbənmi? Sənət və məharətinmi?
Ruhaniyyətinmi? Alimliyinmi? Geyiminmi?
Adınmı? Sanınmı? Şöhrətinmi?
Canınmı? Ruhunmu?
Gəncliyinmi? Gözəlliyinmi?
Mən hardan bilim…
Bunu sən özün bilirsən.
Hər nə və kimdirsə, onu sən özün Minaya gətirməli və Qurban üçün seçməlisən.
Dr. Əli Şəriəti…”