Ermənistandakı seçki pozuntuları ilə bağlı hakimiyyətdəkilərin, onların tör-töküntülərinin çıxışı ilə tanış oluram və deyirəm: Ya Rəbb, ey ana təbiət, o meteroidləri niyə Çelyabnskiyə-zada atıb israfçılıq edirsən? Neyçün ondan bir-ikisini bizim parlamentə, o da mümkün olmasa, mənim kəlləmə salıb, bizi bu rüsvayçılıqdan qurtarmırsan.
Inanın, arzum baş versə, həmin meteroid tarixə qızıl hərflərlə düşər, bəlkə də Odlar Yurdunda bəşər tarixi yeni bir parlaq səhifədən başlayar.
Səslə yox, milyonlarla manat qarşılığında Milli Məclisdə kürsü zəbt edən ünsürlər Ermənistanda seçki saxtakarlığına görə əsib coşmuşdular.
Biri bu küncdən erməni xalqının səsini boğanlara “ar olsun” deyirdi, o biri Ermənistandakı demokratiyanın yolunda əngəl olanları lənətləyirdi, bir başqası beynəlxalq təşkilatları Ermənistanda azad seçkiyə ikili standartla yanaşdığı üçün kəskin tənqid atəşinə tutmuşdu.
Sanki Azərbaycanda “Ermənistan demokratlarına dəstək qrupu” peyda olub. Ürək bulandırırlar.
Ermənistanda vəziyyət zəlil gündədir, bu heç. Ancaq Ermənistana baxıb təsəlli tapmaq betər zəlillikdir. Bir nümunə deyim.
Bilirsiniz, Kipr probleminə görə Türkiyə ilə Yunanıstan arasında münasibətlər xoş deyil.
Bir ildən çoxdur ki, Yunanıstan problemlər içində çabalayır; aksiyalar, tətillər, vətəndaş qarşıdurması. Bir dəfə türk mediasında, ictimai fikir sahiblərinin dilində qonşunun faciəsindən öz üstünlüyü kimi yararlananı görmədim. Bu təkcə ədəb məsələsi deyil. Ən ciddi səbəb odur ki, Türkiyədə sabit bir inkişaf var, arxayınlıq var. Türk iqtisadiyyatı sağa-sola baxmadan irəliləyir. Üstünlüyünü başqasının enişində, faciəsində axtarmır.
Ən əsası…
Bilmirəm bizim hökumətyönlülər niyə naşükürdülər? Əslində onlar Ermənistanda seçki saxtakarlığına görə qurban kəsməlidirlər. Bir anlıq fərz edin; orda azad, ədalətli seçki keçirilir və onun nəticəsində hakimiyyətə Saakaşvili kimi demokrat gəlir.
Müharibə cəlladı, avtoritar Köçəryanla, Sərkisyanla bacarmayan Azərbaycan diplomatiyası ixtiyari bir Saakaşviliyanın qarşısında nə edə biləcək? Bu, ən azı Qarabağın adını 10 il çəkməmək deməkdir.
Buna görə deputatlar ötən gün göstərdikləri tamaşa üçün bizdən alqış-filan gözləməsinlər. Əziyyətləri bihudə getdi.
Əlvan (boz) qəzetlər
Bu gün səhər metrodan çıxanda yenə cavan uşaqlar mənə əlvan qəzet verdilər. Pulsuz. Qəlblərini qırmayıb aldım, az keçmədi tulladım getdi.
Bu qəzet və ona oxşarları hökumətin iki namərd niyyəti üçün çıxarılır.
1. Qəzet vasitəsi ilə çirkli pul yuyurlar.
2. Həqiqəti pərdələyirlər, hökumətdən başqa yaxşı yoxdur təbliğatı aparırlar.
Bu qəzeti çıxaranlar onun ideya generatorları, görünür, puldan başqa bir şey düşünə bilmirlər. Elə bilirlər ki, qəzet pulsuz çıxarsa, əhaliyə paylanırsa, vəssalam, hamı onların yazdığı ilə oturub-duracaq.
Prosesləri azca zəka süzgəcindən keçirərək düşünmək olardı ki, ən güclü təbliğat vasitəsi – televiziyalar hökumətin əlindədir. O televiziyalar da evlərə al-əlvan formada, pulsuz girir. Amma onlara baxan varmı? Binaların damlarından boylanan peyk antennaları, kabel televiziyaları şəhadət gətirir ki, yox, baxmırlar.
Beləliklə, oxucunu, tamaşaçını qazanmağın, onun yanında etibarlı olmağın yolu aydın görünmürmü? Bunun üçün həqiqəti deməlisən, dürüst olmalısan, problemləri öz adı ilə deməlisən.
Ziya Məmmədovun iti hardadır?
“Facebook” dostum Baxtiyar Əlirzayev dünən yazmışdı ki, Ziya Məmmədovun nəsli ən istedadlı nəsil imiş… Özü nazir, qardaşı millət vəkili, qardaşı oğlu Göyçayın icra başçısı, o biri qardaşı oğlu Baş Narkotiklərlə Mübarizə Idarəsinə rəis müavini, bacısı direktor, başqa bir əmioğlusu DIN Pasport Idarəsinin rəisi və s.
Təklif etdim ki, araşdırmaq lazımdır, bəlkə də Ziya Məmmədovun itinə, eşşəyinə də hansısa müəssisədə iş veriblər.