Azərbaycan və bu kimi ölkələr üçün şəhidlik, şəhadət çox ciddi məsələdir.
Müstəqilliyin ilk illərində bu anlayış özünə yaxşı da yer tapırdı. Xatırlamağa çalışın; elə böyük-başımızda nə qədər gənclər şəhadət şərbətini dadmaq üçün mənəvi cəhətdən hazır idilər…
Indiki kimi valideynlər görüntü xatirinə “oğlumun şəhidliyilə fəxr edirəm” demirdi, doğrudan da şəhid atası bir simvola dönürdü. Şəhidlik ali zirvə kimi cəmiyyətdə özünə layiqli yer tuturdu.
Bəs sonra nə baş verdi? “Ulu öndər” hakimiyyəti zəbt etdi və xalqda qəhrəmanlıq ruhunu öldürmək üçün şəhidliyi gözdən saldı. Bu proses mərhələli şəkildə və ustalıqla aparıldı.
Ən başlıca, anti-şəhidlik kampaniyasının özəyində Heydər Əliyevin bu sözləri dururdu: “Mən atəşkəs elan etdim və bununla da anaların göz yaşı qurudu. Daha evlərə şəhid gəlmir!”
Halbuki, qəsb olunan bir ölkə vətəndaşının evinə şəhid gəlməsi nəinki təbii hadisədir, həm də vacib hadisədir.
Daha sonra nə oldu? Şəhid ailələri hörmətdən salındı. Onları min bir sosial bəla, problemlə üz-üzə qoyub, vadar etdilər ki, belə ailələr hər dəfə şəhid verdiklərini xatırlatsın.
Beləcə, bir gün də elə naqqal məmurlar tapıldı ki, “oğlunu vuruşmağa mən göndərməmişəm ki…” desin.
Bununla da biz şəhidliyin izzətindən kam almamış onu itirdik. Dərk etsək, bu, Qarabağı itirməkdən də böyük bəladır.
Ölüm bahadır, qəbir yeri?
Ötən gün bir taksidə gedərkən adətimə xilaf çıxmayıb, rejimdən, ölkədəki qudurğanlıqdan şikayətlənirdim.
Sürücünün də dərdli adam olduğunu görüb, “vaxtımı saxlayıb” sözü ona verdim.
O, ölkədə söz azadlığının bərbad durumundan, neft gəlirlərinin talan olunmasından, Ilham Əliyevin yəhudi lobbisinə lakeylik etməsindən yox, tam başqa şeylərdən danışdı.
Danışdı və mən başımı əllərimlə qucaqladım. Hər nə qədər ölkədəki reallıqları bildiyimizi desək də, faciəmizin miqyasını az dərk edirmişik, dostlar!
Vəziyyət dəhşətli dərəcədə ağırdır. Insanlarımız çox adi, məişət problemlərində ilişib qalıb, çapalayırlar.
O sürücünün mənə dediklərindən bunu anladım.
Bəs o, nə dedi?
Dedi ki, bugünlərdə Bakıda bir əzizi rəhmətə gedib. Heç demə, Bakıda hüzr mərasimi bir yana, ölünü basdırmaq ciddi problem imiş. Mərkəzdəki qəbiristanlıqda bir məzar yeri 2 min manat-filan edir. Bir az ucuz qiymətə qəbir yeri tapmaq üçün xüsusi maklerlər varmış.
2 min manat! Bu pulu bizim ölkədə qazanmaq bilirsinizmi nə qədər çətindir?! Mən dərhal dəfn mərasiminin başqa xərclərini də bu məbləğin üstünə gəldim və dedim ki, qələt edərəm, bir də həyatımla zarafat etmərəm; ehtiyatlı olmaq lazımdır, ilin-günün bu vaxtında ölüb yaxınları zibilə salmaq olmaz.
Bunları qoyduq bir kənara.
Indi mənim sözüm siyasətçilərədir. Xüsusən, ölkədə dəyişiklik etmək istəyənlərə.
Başa düşürəm, ciddi və savadlı görünmək üçün çıxışlarda NATO-dan, Avropa Ittifaqından, Ağ Evdən sitatlar vermək lazımdır. Ancaq biləsiniz, xalqın qəlbinə yolu belə şeylərdən danışmaqla tapmaq mümkün olmayacaq.
Sadə, kasıb və məzlum xalqı narahat edən, riqqətləndirən problemlər dilə gətirilməlidir. Özü də sadə, onların başa düşəcəyi dildə.
Azərbaycanda dəyişiklik kasıb və məzlum xalqın əli ilə olacaq. Müftəxor, qorxaq, fürsətcil və hələ sümükləri bərkiməmiş “orta təbəqə”, sahibkar ordusundan gözünüzü çəkin.
Azərbaycan kimi avtoritar rejimdə müxalifətə sahibkarlardan yar olmaz.
Üzümüzü ölüsünü basdıra bilməyən məzlumlara tərəf çevirməliyik!
Ürəyimi partladan səbəblər
Azərbaycandakı sosial ədalətsizlik, dəhşətli təbəqələşmə mənim ürəyimi parçalayır.
Bəli, mən qəbul edirəm ki, insanların hamısı eyni qabiliyyətdə, bacarıqda deyil.
Biri zirəkdir, biri tənbəl.
Amma siz də insafla danışın; bu gün yüzminlik avtomobil sürənlər, milyon manat dəyərində mülki olanlar onlara qabiliyyətləri hesabınamı çatıb?
Yoxsa, bu gün dərmanlarına pul tapa bilməyən, kasıblıqdan öz övladına normal geyim ala bilməyən yüzminlərin səfalətli aqibəti qabiliyyətsizliyinə görədir?
Məni isə sosial ədalətsizlikdən daha çox “sosialist Azərbaycanın” yetirməsi olan insanların bu hallara sükutla yanaşması yandırır.