Ismayıllı hadisələrinə görə aksiyaya çıxan dostların bəziləri “sutkalıq” cəzalarını çəkirlər. Bu cəzalar o qədər adiləşib ki, biz bir qayda olaraq, “içəridəkilərin” qəndini-çayını vaxtlı-vaxtında çatdırmaqla işimizi bitmiş sayırıq. Təbii, oradakıları məişət qayğılarını həll etmək özü də az iş deyil. Ancaq mən öz başıma gələnləri, güman edirəm, sizin üçün də yad sayılmayacaq bir hadisəni xatırlayanda rahatlığımı bütünlüklə itirirəm.
Uşaq vaxtı dəcəllik edərdim. Əmim buna görə məni küncə qoyardı. Nə qədər qalardım elə? Uzağı 10-15 dəqiqə. Amma bu 10-15 dəqiqə mənə illər kimi uzun, məşəqqətli sayılardı.
Dözmək olmurdu.
Indi dostarımıza haqsız yerə 5-15 sutkalıq həbs verirlər, zülm, avtoritarizm o qədər adiləşib ki, buna da sevinirik. Fikirləşirik ki, hə, nədir 10 sutka?!
Halbuki, günahsız və ədalətsiz yerə insanın 1 dəqiqə belə, azadlığının məhdudlaşdırılması üsyan doğurmalıdır, bu rəzil hadisə adiləşməməlidir.
Oğurluğunun başqa bir variantıdır bu “sutkalıq cəzalar”. Adam oğurluğudur, vaxt oğurluğudur.
O qərarları çıxaranlar, onlara o əmri verənlər bilməlidir ki, insanların həyatını belə oyuncaq kimi istifadə etməyin axırı yaxşı bitməyəcək.
Azərbaycan hakimlərinin çox yox, ikisi, üçü özündə cəsarət tapıb bu kor gedişata etiraz etməlidir. Onları kor-koranə cinayətkar fəaliyyətə (qanunsuz qərar vermək cinayətdir) sürükləyənləri ifşa etməli, vicdanlarının səsi ilə qərar qəbul etməlidilər. Çox çətin işdirmi? Deməzdim. Hər halda, atası, məktəbli oğlu həbsə atılmasına baxmayaraq, mübarizəsini davam etdirən Təzaxan Mirələmlidən ağır iş görməyəcəklər. Sadəcə, evdə, dost məclisində xısın-xısın söylədiklərini bir dəfə bağıraraq deyəcəklər.
Bilirəm, onların çoxu indi boğaza qədər çirkab içindədir. Elə bu zir-zibilə görə də haqq sözü deyə bilmirlər. Ancaq bir şey var: ölkədə Ilham Əliyev idarəçiliyinə o qədər güclü ictimai nifrət var ki, ona qarşı çıxmaq ən pis adama belə, xalq rəğbəti yaradır. Tərəddüd edənlər, Əli Insanov, Elşad Abdullayev nümunələrinə baxa bilərlər. Bu adamlar sistemə qarşı mövqe ortaya qoyana qədər, 10 adamı dindirsəydiniz, 10-u da onlar haqda yaxşı sözlər deməyəcəkdi. Elə ki, rejimi ifşa etdilər, münasibət 180 dərəcə olmasa da, əhəmiyyətli şəkildə dəyişdi.
Odur ki, mən dövlətin zor aparatında yer alan insanlara müraciət edirəm: qorxmayın, həqiqətin gücünə inanın! Heç vaxt gec deyil! Insanları nahaq yerə həbsə göndərməkdə alət olmayın, adam olun!
Ən vacib dialoq
Mən sutkalıqlardan yazdım, illərini həbxsanada keçirənlərimiz də var. Onların arasında inanclı insanların çoxluğu xüsusi narahatlığıma səbəbdir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı müzakirələri canlı izləyəndən sonra bu narahatlığım lap kəskinləşib.
Cənab Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatın keçməməsində bildinizmi ki, hökumətin gətirdiyi “islamçı radikallar” bəhanəsi nə qədər rol oynadı?
Avropalı deputatlar elə danışırdılar ki, sanki islamçı radikallar nəinki Azərbaycanı, az qala, bütün dünyanı od vurub yandırmaq istəyirmişlər, Ilham Əliyevin cəsarəti və kəraməti bu işi önləyib.
Qorxduğumuz şey başımıza gəlir. Nə qədər vaxtdır, dini etiqadı olmayan dostlara tövsiyə edirdim ki, din-dinsizlik kimi polemikalardan qaçmaq lazımdır. Azərbaycanda Islam faktorunu problem kimi qabartmaq bu gün hakimiyyətdən başqa heç kimin işinə yaramır.
“Radikal islamçılar” deyirlər? Kimdir axı onlar?
Niyə ad çəkmirlər, niyə onları təhlükə mənbəyi kimi konkret formada xalqa tanıtmırlar? Çünki yoxdur elə biri?
“Radikal” dedikləri, Islam Partiyasının sədri Mövsüm Səmədovdurmu? Mövsüm Səmədov haranı partladıb, yoxsa o, prezident aparatına mina basdırmaq istəyəndə yaxalanıb?
Hamı bilir ki, bu adamın Ilham Əliyevi Yezidə oxşatdığı video ictimailəşəndən sonra onu həbs edib, 12 il iş veriblər.
Hökumətin məkrlə quraşdırdığı və bir çox halda, avropalı dələduzların da qəlbini oxşayan “islam təhlükəsini” önləməyin bir yolunu bilirəm: milli demokratik düşərgə ilə inanclı kəsim arasında təcili inteqrasiya başlamalıdır. Azərbaycanda zülmün ərşdən enməsi üçün talançı və yalançı rejimlə yox, bu ölkədə haqqın, ədalətin və firavanlığın bərqərar olmasında maraqlı olan, bu iş üçün canını verməyə hazır olanlar arasında dialoq başlamalıdır.