Azərbaycan hakimiyyətini pis tanımıram. Bu ölkəni kimlər idarə edir, hansı qabiliyyətin, maddi, mənəvi keyfiyyətin sahibləridir, onları da az-çox bilirəm. Onu da bilirəm ki, bunlardan (hakimiyyətdəkilərdən) nə desən gözləmək olar. Bunu bilə-bilə, hər dəfə hökumətlə bağlı bir ağlagəlməz hadisə ifşa olunanda yenə təəccüblənirəm.
Gizlətmirəm, bəzən təəccübüm aşırı olur. Dostlarımdan üzümə deyən olmasa da, belə təəccüblənməyimə görə məni dəli sayanlar da var. Məsələn, kimsə mənə deyəndə ki, bəy, Cavid Qurbanovun (“Azəryolservis”in rəhbəri, deputat) atası o gün, ictimai bir tədbirdə tənqidçi jurnalistləri söyüb, onlara “ata-anasından xəbərsiz binəsib” deyib, mənim reaksiyam belə olur: “Baa, yaxşı görək, ola bilməz!”
Qəsdən belə edirəm. Mən narahatam. Ən dəhşət doğuran hadisələrin insanlarımızı təsirləndirməməsi, təəccübləndirməməsi, heyrətləndirməməsi məni çox narahat edir.
Deyirsən, xəbərin var da, Ramiz Mehdiyevin otağına çamadanlarla pul daşınır və bu, azmış kimi, o boyda kişi özü çamadanın ağzını kəlbətinlə açır, pulu bir-bir sayır.
Deyirlər, noolsun, sən nə gözləyirdin?
Deyirsən ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında mütəşəkkil cinayətkar dəstə özünə yer edib.
Deyirlər, bunu indi bilirsən?
Deyirsən ki, Elşad Abdullayev videosunda deyir ki, deputat olmaq üçün 2 milyon manat rüşvət vermək lazımdır.
Deyirlər, hə də, necə olmalıdır ki?
Inciməyin, bu cür anormallıqları sakitcə, hissiz qarşılamağı müdriklik saya bilməyəcəm. Qoy, məni dəli saysınlar, amma qəti qərarlıyam ki, bu cür hallara təəccüblənmək lazımdır. Bu cür yaramazlıqlara təəccüblənməyib özümüzh ağıllı göstərməklə, əslində, hakim rejimin təbliğatının yeminə çevrildiyimzin fərqinə varmırıq.
Hökumətə də bu lazımdır: bütün eybəcərlikləri hamı təbii, norma kimi qəbul etsin. Bilirəm, deyəcəksiniz ki, təəccüblənməmək hələ razılaşmaq deyil. Razıyam. Bəs siz o təəccübünüzü, heyrətinizi nə üçün, hara üçün saxlayırsınız?
Təəccüb, heyrət vacib hisslərdir. Insanı hərəkətə gətirən duyğulardır. Adamlar tanıyıram ki, təəccüblənməmək üçün az qala, özünü zorlayır. Nə olub, ay qardaş?! Təəccübləmək ayıbdır?
Heyrətlənmək günahdır?
Yaramazlıq, oğurluq, quldurluq nə qədər çoxalır, çoxalsın, onların adiləşməsinə imkan vermək olmaz. Oğrularla mübarizəyə gücünüz, həvəsiniz yoxdursa, heç olmasa, duyğularınızla buna cavab verin. Qorxmayın, təəccüblənməyə, heyrətlənməyə görə bizdə hələ adam tutmurlar.
Gülər Əhmədova ilə bağlı videonun ilkini xatırlayın…
Guya, kim bilmirdi ki, Gülər Əhmədova saxta yolla deputat olub?
Kimə sirr idi ki, Gülər Əhmədova rejimin bir çox əlaltıları kimi korrupsiya içindədir?
Indi düşünün, ilk gündən bu video ajiotaj yaratmasaydı, təəccüblər aşıb-daşmasaydı, hakimiyyət indiki böhrana hardan girəcəkdi? Sual verirəm, özünüzü eşitməzliyə vurmayın: Deyirəm ki, Gülərin çirkin oyun oynadığı sirr olmadığı halda, yayılan videoya heyrətlər ifadə olunmasaydı, YAP öz mübarək üzvünə dələduz deyib onu sıralarından azad edəcəkdimi? Ramiz Mehdiyev dili topuq vura-vura izahat verəcəkdimi? Əlbəttə ki, xeyr!
Fikir verin; ölüm yox, qan yox, qada yox, heç polisin təpik-dəyənəyi də yoxdur, bununla belə, kütləvi heyrət, təəccüb şəri dalana dirəyə bilir. Nə yoğurub, nə yapıb, avtoritarizmlə mübarizə üçün əlimizə alət keçib: Heyrət və təəccüb. Heyrətlənək, təəccüblənək. Ola bilər, bunlar çox kiçik şeylərdir, mümkündür. Amma sizin heç biriniz onun təsirsiz olduğunu sübut edə bilməzsiniz!
Sizə bir şəxsi hekayəmi də yazım, yekunlaşdıraq: 4 il əvvəl elə, belə soyuq aylar idi. “Bizim Yol” qəzetində işləyirdim. Hansısa saytda oxudum ki, müğənni Röya Ayxan BDU-nun hüquq fakültəsinin tələbəsidir. Aman Allah, qışqırdım. Iş yoldaşlarım mənə sarı dönüb, “hə, nə var ki, bu ki çoxdanın söhbətidir”, dedilər. Onlar mənim təəccübümə qalib gələ bilmədilər. Təəccübləndim, BDU və TQDK-nı məhkəməyə verdim. Dastan açmayım, axırda belə oldu ki, ifşadan pərtliyə düşən BDU Röyanı qovdu.
Təəccübün belə gücü var…