12 dekabr – Heydər Əliyevin anım gününün məmurlar üçün nə qədər ağır keçdiyini bilirəm.
Onların ağır anları bu insanlara yağ-bal içində yaşamaq haqqını verən şəxsin itkisinə görə deyil. Bu adamların öz dərdləri var. Fikir verirsinizsə, jurnalistlər 12 dekabrda heç vaxt olmadığı qədər şad-xürrəm olurlar. Çünki məhz həmin gün məmurlar – nazirlər, komitə rəhbərləri küll halında jurnalistlərin əlinə düşür.
Mən diqqətlə müşahidə eləmişəm. Jurnalistlərin əhatəsində məmurlar özlərini ürkək ceyranlar kimi aparır. Hamısı səksəkə içində olur. Maksimum çalışırlar ki, diktafonlardan, fotoaparatlardan tez yayınıb, canlarını qurtarsınlar.
Dünən “Azadlıq” radiosunun Fəxri Xiyabandan hazırladığı videosüjetə baxdım. Jurnalist general Yaşar Əliyevə sual verir. O isə sualı yarıda kəsib cavab verir:
– Yeri əəəəəə…
Jurnalist Ictimai Televiziyanın baş direktoru Ismayıl Ömərova sual verir: “Mətbuat yazır ki, Sizin nəvəniz ”Eurovision”da iştirak edib…”
Ismayıl Ömərov jurnalistin sözünü kəsir:
– Əcəb eləyib!
Burada bir az səbr edin, haşiyəyə çıxaq.
Etiraf edim ki, Əbülfəz Elçibəy hakimiyyətini ideal saymıram. Fikrimcə, o zaman elə o insanlarla daha gözəl, daha faydalı iqtidar yaratmaq olardı. Mən və dostlarım vaxtaşırı Elçibəy hakimiyyətindən ona görə nümunələr gətiririk ki, 19 il keçməsinə baxmayaraq, nə Heydər Əliyev, nə də onun oğlu xalq üçün, nümunə yaradacaq kadr, hadisə ortaya qoya bilməyib. Buna görə də istəmədən 1992-93-cü illərdən iqtibas gətirmək məcburiyyətində qaldığıma görə məni üzrlü sayın.
Yaxşısı-yamanı ilə 1992-93-ün ən populyar hakimiyyət adamlarından biri Isgəndər Həmidov idi. Bizim kənddən bir suçu o zaman Bakıya gəlib Isgəndər bəylə görüşmüşdü. Deyim ki, suçunun insanlara əlaqə qurmaq üçün xüsusi qabiliyyəti vardı, xeyr, yoxdu… Pulu-parası, yuxarılarla əlaqəsi, əksəriyyəti narahat edən problemi də yox idi. Sadəcə yerli idarəetmədən nədənsə incik qalan bu zəhmətkeş müharibə gedən, hökumət nümayəndələrinin işinin başdan aşdığı bir zamanda daxili işlər naziri ilə görüşə bilmişdi. Bu hadisə indi də bizim ellərdə əfsanə kimi dolaşır. O zaman belə hadisələr çox olurdu…
Bəs indi necədir?
Necəliyini azca yuxarıda göstərdim.
Məmurların jurnalistlərlə, xalqla bu qədər məsafəli olmasının ideoloji əsaslandırmasını, sağ olsun, Ramiz Mehdiyev keçənlərdə bizə açıqladı. Elşad Abdullayevin onunla görüşdüyü barədə dediklərinə Mehdiyev cavab verdi ki, o (Elşad Abdullayev) kimdir ki, mən onunla görüşüm?! O, Abdullayevi hörmətli şəxslərin yalvar-yaxarından sonra qapısının kandarında ayaqüstü 2-3 dəqiqəlik qəbul edib.
Mehdiyevin sözlərini ümumiləşdirsək, bu alınır: siz kimsiniz axı, siz qul-qaravaşlarımızsınız, bir sözlə, “fəhlə sən də özünü insanmı sanırsan?”
Dövlət məmurları bu qədər özündən razılıqla hara qədər gedə biləcəklər? Mənə maraqlıdır…
Yanılmıramsa, Ismayıl Ömərovun intellekti uca dağlar başındakı çobandan fərqlənməlidir. Fərqlənirsə, jurnalistə qarşı bu nə ədabazlıqdır?
Birincisi, onun nəvəsi heç də yaxşı iş görməyib, yarışmada sondan ikinci yeri qazanmaqla ölkəmizin papağını yerə soxub.
Ikincisi, bu adam Əli Insanovdan özünü güclümü sayır? Əli Insanov kimi bir əjdaha türməyə düşən kimi medianın dəyərini anladı, “konkret olaraq rədd etdiyi” jurnalistlərdən üzr istədi.
Ey Ömərov və onun kimilər! Əli Insanov, Əli Ömərov və bir çox başqaları bir zamanlar heydərizm diktaturasında yer şumlayıb, əkin əkmişdilər. Onların talelərinə baxıb, biz az da sözün əsl mənasında yaxşı işlər görmək lazımdır.
Bu, əsla hədə deyil. Bu, ölkəsində harmoniya, qarşılıqlı anlaşma görmək istəyən kövrək qəlbli bir jurnalistin arzusu, narahatlığıdır.
Insanların malını, pulunu talan edib yeyirsiniz, heç olmasa, onlarla danışanda dilinizi acı etməyin.