“Heydər Əliyev həmişə sağlamlığı ilə manipulyasiya edib: hakimiyyətə gələnə qədər mif yaratmışdı ki, qoca kişidir, bu gün-sabah vəfat edəcək, imkan verək, ölkəyə xidmət eləsin. Hakimiyyətə gələndən sonra sağlamlığı ilə bağlı başqa mif yaratdı: guya, Heydər Əliyev heç vaxt xəstələnməyib, heç qrip də tutmayıb”.
(Elmar Hüseynov)
Ağır Cinayətlər Məhkəməsində keçən həftə bomba partlayıb, eşitmisiniz?
Böyük hay-küylə həbs olunan Bayram Xudaverdiyev adlı şəxs məhkəmə zalından azadlığa buraxılıb. Bu, bombanın partlamasıydı.
Bayram Xudaverdiyev kim idi?
Həbs olunanadək (bu ilin mayına qədər) o, 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri idi. Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci maddəsilə ittiham irəli sürülmüşdü.
311.1-ci maddədə rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutulub. Bu maddənin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək, əmlakı müsadirə olunmaq şərtilə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası var.
“Ağır” məhkəmə isə həmişəki vərdişinə xilaf çıxaraq, Bayram Xudaverdiyevə nəzərdə tutulan cəzaların ən yüngülünü verdi. Onu şərti cəza ilə azad buraxdı…
Məhkəmənin bu addımına prokurorluğun sözçüsü Eldar Sultanov şərh verib. O deyib ki, məhkəmənin bu addımı humanizmə söykənib, Xudaverdiyev həbsdə qalsaydı, öləcəkdi…
Eldar müəllim Bayramın bir yığın xəstəliyini sadalayıb, onları oxuya-oxuya gülməkdən ölmüşəm. Bunlar bizi əməlli-başlı dolayırlar.
Bayramın guya, bu xəstəlikləri varmış:
– ürəyin işemik xəstəliyi;
– hipertoniya xəstəliyi;
– aortanın nəzərə çarpan aterosklerozu;
– kökün genişlənməsi;
– tac damarların çoxsaylı stenozlaşdırıcı aterosklerozu;
– mitral qapağın hər iki tayının dərəcə çatışmazlığı ilə prolapsı;
– vertoblobazilyar çatışmazlıq;
– və s. ağır xəstəliklər.
Prokurorluq və məhkəmənin Xudaverdiyevdə aşkarladığı xəstəliklərə baxıb soruşuram: bəs bu xəstə adamı vəzifə başında saxlayan kim idi? Niyə bu ağır xəstəni, ölümcül adamı istismar edib işlədirdiniz, ay zalımlar? Sizdə heçmi insaf, mürvət yoxdur?
Yoxsa, vəzifə kürsüsündə həyat iksiri kimi sehrli qüvvə var, orada oturan kimi dərd-səri unudursan?
Mənə elə gəlir ki, Xudaverdiyevi həbsdən azad edən hakimi alqışlamaqla bərabər, ondan səhiyyə nazirinin həbsini də tələb etməliyik. Çünki səhiyyəsi pulsuz olan bir ölkədə pulu-malı Süleyman padşahınkından az olmayan birisi onlarla xəstəlik daşıyırsa, deməli, orada səhiyyə sistemi düzgün qurulmayıb. Vəzifəlimiz bu gündədirsə, görün indi yazıq füqəralarımız nələr çəkir?
Bilirəm, bir qrup pozucu ünsür ortaya çıxıb deyəcək ki, bəs məhkəmələr füqəralara qarşı niyə rəhmdil olmur, niyə onlara alternativ cəzaları seçmir?
Mən burada məntiqsiz bir şey görmürəm. Hakimlərimiz dünyanın gəliş-gedişini bilən adamlardır, yaxşı dərk edirlər ki, məsələn, füqəra Məmmədi “aortanın nəzərə çarpan aterosklerozu”na görə çölə buraxanda heç nə dəyişməyəcək. Məmməd bədbəxtin aortanın nəzərə çarpan aterosklerozunu müalicə etdirməyə pulu olsaydı, heç Məmməd olmazdı ki… Yəni, kasıbı məhkəmədən sağalmaq üçün buraxmaq hüququn ədalətinə zidd bir olaydır.
Məhkəmələr kasıblara münasibətdə sərt hökmlər verməklə əslində, onları da, ölkəmizi də problemdən qurtarır: məhkumun ağır həyatda sürünmək günləri türmədə qısalır – ya elə orada ölür, ya da çıxan kimi bayırda. Dövlət də ki, bu hökmlər nəticəsində işsizliyin, kasıblığın həddini aşağı salır.
“Azadlıq” qəzeti azərbaycanlı məmurların yaşı, qocalığı ilə bağlı tez-tez tənqidi məqalələr dərc edir. Uzağı yox, yaxın Gürcüstanı göstərib yazırlar ki, orada 77-79 təvəllüdlülər, bizdə isə 77-79 yaşlılar vəzifədədir.
Bu yazı məncə, yaşlıları vəzifədə saxlamağın bir hikmətini çözdü: qoca xəstə olmaq, məmur üçün dəmir qəfəsdən qurtarmaq imkanıdır. Maşallah, fırıldağın bütün üsullarını mənimsəyiblər.