Gülər Əhmədovanın başına hələ qəza gəlməmişdən iki-üç gün əvvəl idi. “Facebook”da Eynulla Fətullayev təxminən belə yazmışdı: deputat Gülər Əhmədovaya eşq olsun!
Xalq soruşmuşdu: neyçün, Eynulla bəy?
O da izahat vermişdi ki, Gülər xanım çarəsiz bir xəstənin müalicəsi üçün kömək edib. Amma bilmədim ki, o, xəstəyə pul verib, yoxsa müalicəsini təşkil edib.
Bir xəstənin dərddən qurtarmasına nə qədər sevinsəm də, o statusa “like” eləmədim. Bu heç Gülər Əhmədovaya qarşı xüsusi antipatiyam olmasına bağlı məsələ də deyildi.
Sadəcə, mənim üçün çoxdan qərarlaşmış məsələdir: şərin əsgərlərində müsbət axtarmayacağam!
E.Fətullayevin o statusu və ondan sonra baş verənlər bir ibrətdir. Tez-tez məmurların hansısa xeyirxah işləri barədə eşidirik. Məsələn, filan nazir filankəsin dərmanlarını alıb, filankəsin oğlunun sünnət toyunu edib və s. Çoxluq belə hadisələr qarşısında təəssüf ki, şux duruşunu itirir; Azərbaycanı çalıb-çapanların nəcibliyi barədə şəhər əfsanələri yaradılır, danışılır.
Artıq nümunə var, dik duracağıq dostlar: bizdən oğurladığı pulun misqalını xərcləyib heç kim bizdən minnətdarlıq qazanmaq sevdasına düşməməlidir.
Məmurlar bizi xeyirxahlıqları ilə yox, vəzifə borclarını ləyaqətlə yerinə yetirməklə cəlb etməlidir. Yoxsa, yolu, nefti bas ye, amma toyda bəlağətli tost de, şairlərin qalın üzlü kitabının çıxmasına sponsorluq et, yaxşı adam ol… Keçməz!
Heydərzimin dəyirmanına su tökmək
Azərbaycandakı yaşayış çox çətindir. Bunu mübahisələndirmək istəmirəm. Hüquqlarımız hər gün tapdalanır, təhsil, səhiyyə it günündə, məhkəmələr bərbad, rüşvətxorluq, yaltaqlıq baş alıb gedir. Normal insan bu vəziyyətdən bezməlidir, bezirlər də. Buna görə aylar öncə yazmışdım ki, azərbaycanlılar iki yerə bölünür: Azərbaycandan gedənlər, getmək barədə fikirləşənlər.
Son günlər Azərbaycandan yenə səs-küylü axınlar başlayıb. Mən daha çox siyasi mühacirləri nəzərdə tuturam. Hərənin özü üçün bir “getmək səbəbi” var. Gedənlərin heç birinə də ayrıca sözüm yoxdur. Ancaq bir təmənnam var.
Bacılar, qardaşlar!
Bu mövzuda yazmaq mənə çox çətindir. Çalışacağam, bir də yazmayım.
Mühacirətə getmək istəyirsiniz, getmisiniz… Gedin, yolunuz açıq olsun. Avropa doğrudan da yaşamalı yerdir. Azərbaycanın da elə rahat ölkəyə çevrilməsi möcüzə deyil, mümkün işdir. Bu iş üçün çalışan insanlar var.
Özünü getdiniz, nə olar, bu insanları düşünün.
Gedərkən bu xarabada xof yaratmayın. Bir halda ki, Avropada sakitcə oturum almaq imkanı var, o halda niyə “gecə qapımı döyürdülər, mənə dedilər ki, səni öldürəcəyik” tipli açıqlamalar verib heydərizmin dəyirmanına su tökəsiniz?
***
Günlərdir Heydər Əliyevin çıxışlarının cəmləndiyi kitabları oxuyuram. Elə şeylərlə rastlaşıram ki, mat qalıram. Kitabda altını cızdığım yerləri sizlərlə hər gün paylaşacağam. Ümid edirəm ki, Heydər Əliyev AzTV-nin təqdimatındakından fərqli olaraq, köşəmdə yorucu və uzunçu olmayacaq.
24 avqust 1994-cü il. Heydər Əliyev Rusiyanın “NEDELYA” qəzetinə müsahibəsində deyir:
“Prezident seçilənədək mən bir müddət ”Yeni Azərbaycan” Partiyasının üzvü idim, lakin onun sıralarını tərk etdim. Doğrudur, səbəb başqa idi. Elə hesab edirəm ki, prezident heç bir partiyaya üzgörənlik etməməlidir”.
Indi söz Mübariz Qurbanlı və onun böyründəkilərindir: Gülər Əhmədovanı söyməkdən bir anlıq əl saxlayın, bizi agah edin: Heydər Əliyev partiya sıralarına nə vaxt dönüb?
Bu dönüş niyə geniş ictimaiyyətdən gizlədilib?
Heydər Əliyevin öz prinsiplərinə zidd gedərək yenidən YAP-a daxil olmasının səbəbləri nədir?