Gülər Əhmədova dilləndi; deyir ki, ailəmi, özümü repressiya edirlər.
Mən inanıram, Gülər xanım. Iş burasındadır, sizi və əqidədaşlarınızı uzun illər idi inandıra bilmirdik ki, Azərbaycanda repressiya var, terror var!
Çox çəkməz ki, dilinizə “repressiya” sözünü gətirdiyinizə görə sizi də “erməni dəyirmanına su tökməkdə” də ittiham edərlər.
Gülər Əhmədova Ilham Əliyev və onun sisteminə xəyanət etmişdimi? Xeyr!
O, hakim üsul-idarəyə sədaqətsizlikmi etmişdi? Yenə, xeyr!
O, “ulu öndərin” arxasınca danışmışdımı? Əsla!
Bəs YAP-çılar ona niyə qəzəblidir?
Ona görə ki, dələduzluğunun üstü açılıb, deşifrə olunub.
Bu fakt bu gün də YAP-ı köləcəsinə xidmət edənləri düşündürməlidir.
Baxın, sizə bu gün qanunsuzluq, özbaşınalıq etmək üçün münbit şərait yaradılıb, amma bir gün siz arzuolunmazlar siyahısına düşsəniz, elə öz çiyindaşlarınız sizi söyüb-batıracaqlar, qohum-ərqəbanız buldozerin qabağına veriləcək.
“20″nin hikməti
“Azərbaycan cəmi 20 ildir müstəqildir. Bu tarix baxımından qısa müddətdir. Yavaş-yavaş hər şey yoluna düşəcək. Bir az səbr etmək gərəkdir” – at kimi adamın üzünə dirəşməyən, ancaq hakimiyyəti müdafiə edənlərin əsas tezisləri belədir.
Qibleyi-aləm və əyyanları da bizə bu “20 illik” təsəllini tez-tez verir.
20 il tarix üçün qısa zamandırsa və bu tezisə səmimi inananlar varsa, suallarımı cavablandırsınlar.
Necə oldu ki, “qısa zamanda” Ilham Əliyev və onun ailəsi dünyanın ən zənginləri sırasına daxil oldu?
Niyə adi bülletenləri doğru-dürüst saymaq üçün “20 il” azlıq, amma milyardları mənimsəyib, onları manat-manat çeşidləyib banklara yatırmağa bəs edir?
Nə təhər oldu ki, 20 ildə Azərbaycan xalqının sıralarında bir nəfər də olsa öz qabiliyyəti ilə fərqlənən olmadı, Əliyevlərsə dünya şöhrətli rəssam, şair, siyasətçi, musiqiçi, alim, yazıçı yetirdi? Necə oldu bu, arkadaşlar?
Azərbaycan standartları
Əlahəzrətin iki gün əvvəl Yevlaxa səfərində işlətdiyi fikirlərdən yəqin çoxlarınızın xəbəri var. Ilham müəllimin çıxışından belə başa düşdüm ki, Azərbaycanı Avropaya çatdırmaq gözləntisi kimdə varsa, təcili onları dəfn etməlidir. Dinləyək, görək o, nə deyir: “Xüsusilə müstəqilliyimizin ilk illərində deyirdik ki, ”Avropa standartları”, “Avropa standartlarına çatmalıyıq”, belə bir anlayış var idi. Amma indi görürük ki, bizim öz standartlarımız da geri qalmır. Yəni, indi artıq demək olar ki, Azərbaycan standartları vardır – səliqə, zövq, təmizlik, quruculuq, inkişaf, abadlıq işləri”.
“Azərbaycan standartları”nı təhlil edək: Səliqə, zövq, təmizlik hardadır?
Bu ölkənin yeganə şəhəri Bakıdır, abadlıq adına da nə işlər var, Bakıda görülür. Bununla belə, Bakı hər il dünyanın müxtəlif ekologiya təşkilatlarının tərtib etdiyi hesabatlarda “ən çirkli şəhərlər” siyahısına düşür.
Bilirsinizmi, Biləcəridən o tərəfləri görməyən adam Azərbaycanın Avropadakı səliqə-sahman, təmizlik və inkişaf baxımından heç də geridə qalmadığını desə, mən təəccüblənmərəm.
Dünyanı AzTV-yə baxaraq dərk edən adamın dilindən belə sözlər çıxsa, heç təəccüblənmərəm. Ancaq maşallah, illik iş gününü Bakıdan çox Avropada keçirən biri bunu durub deyirsə, deməli, bizi babat avam yerinə qoyur.
AzTV-nin ən geridəqalmış dövlət kimi təqdim etdiyi Almaniyanın Drezden şəhərində keçən ay olmuşam. Drezdenin küçələri, binaları o qədər səliqəli, o qədər zövqlü, yaraşıqlı idi ki, inanın, mənim ürəyim sıxıldı, qısa müddətə də olsa, özümü itirdim. Sanki mən şəhərdə yox, kompüter qrafikası ilə düzəldilən bir maketin içərisində gəzirdim.
Təhlükəsizlik barədə isə ayrıca danışmaq lazımdır.
Azərbaycanda ən böyük təhlükə Ilham Əliyevin idarə etdiyi hakimiyyətdir. Bizim bütün təhlükələrimizin mənbəyi odur.
Jurnalistin, deputatın, generalın küçənin ortasında güllələndiyi və bu kimi cinayətlərin açılmadığı ölkədə…
Yüksək polis heyəti içindən Hacı Məmmədov kimi killer çıxan diyarda…
Biznes adamlarını, siyasi fəalları hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlayırsa, o yerə “təhlükəsiz” demək olmaz!