Tam müdafiəsiz qalan Gülər Əhmədova harayına mentaliteti çağırır. Eşidirik: eyvah, qadına qarşı da bunca sərt mövqe göstərmək olar?
Sərt mövqe…
Bunu deyənlər Gülər xanımın korrupsiyaya bulaşdığını inkar etmir. Ancaq yenə onun üçün aman umurlar. “Empati” deyə bir şey var, özünü başqasının yerinə qoymaq. Yox, yox, indi mən özümü Gülər Əhmədovanın yerinə qoymayacam. Əksinə, Gülər Əhmədovanın analoji bir hadisəyə baxışı necə olar, onu çatdıracağam.
Diqqət: Ilham Əliyev korrupsiya ilə mübarizə şousu yaradanda onun dedikləri: “Təkcə bir nazirlikdə 100-dən artıq adam korrupsiya və rüşvətxorluqla bağlı işdən azad olunubsa, bu, ondan xəbər verir ki, məmurların arasında bu cür insanlar var. Bunu cənab prezident də çıxışında dedi, nazirliklərin anti-korrupsiya iclaslarında da qeyd olundu və bəyanatlarda da səsləndi. Məmurların içərisində hamımızın dostları da var, qohumları da. Amma bu, çox əhəmiyyətli məsələdir. Cənab prezidentin dediyi kimi, bu gün belə hallara qarşı amansızcasına, qəti mövqe qoymalıyıq”.
Gördünüzmü, Gülər xanım deyir ki, dostbazlıq etməyə gərək yoxdur, rüşvətxorun qanını iç, halalındır.
“Mənim ”razborka”larda böyük təcrübəm var” deyən Gülər xanımın sözlərindəki həqiqəti tapdığım bir sitatı da paylaşım, xalqımız məlumatlansın: “Gülər uşaqlıqda çox şuluq olub. Hətta bir dəfə buna görə pionerdən xaric edilib. Məktəbdə əlaçı, sinif nümayəndəsi olsa da, özünə görə olmayıb. Sinif nümayəndəsi olduğu dövrdə isə az qala, adam öldürəcəkmiş. Elə, sinif yoldaşlarından birini. Deyir, Allah üzümə güldü ki, həmin oğlan ölmədi.
…Qohum uşaqlarının oyuncaqlarını, velosipedlərini ağladaraq, əllərindən alırmış. Heç kim də bir söz demirmiş…” (mənbə: lent.az).
Və… ITV-nin əsas siması Anar Yusifoğlu haqqında yazdığım bir-iki tənqidi qeydim olmuşdu.
“Ondan nə görmüsən?” deyənlərin menyüsünə: ötən mayda Gülər Əhmədovanın simpatiyasına tuş olmaq üçün onun verdiyi suala diqqət: “Qadınların hamısı Sizdən nümunə götürsə necə? Çalışqan, mübariz… (mənbə. lent.az)”
Yazıram da, bu qardaşdan Ismayıl Ömərovdan başqa kimsə xeyir görməyib. Gör bizim qadınlara bu qardaş nə arzulayırmış?!
Hökumət qəzetlərinə göz atıram. Gülər Əhmədovadan can qurtarmaq istəyirlər. Allah-Allah, dünənə qədər Gülər xanıma yaltaqlananlar onun barəsində nələr demir, nələr yazmır?.. Ən tutarlı arqumentləri də budur: bir fərdə görə hakimiyyəti, dövləti, partiyanı ittiham etmək olmaz.
Olmaz?! Çox gözəl. Bəs biz də neçə ildir bunu demirdikmi?
Bir nəfərə mənfi keyfiyyətinə görə sahib çıxmayan hakimiyyət indi əziyyət çəksin, fərdlərin müsbət xüsusiyyətlərinə də şərik çıxmasın.
Necə olur, bir idmançı qızıl, gümüş medal qazananda, bir müğənni müsabiqədə yer tutanda, bir bağban yaxşı alma yetişdirəndə bu qibleyi-aləm Ilham müəllimin atalıq qayğısının təcəssümü sayılır, amma YAP-ın ali orqanında təmsil olunan, sədri dövlət başçısı olan partiyadan deputat seçilən birinin naqolay hərəkəti ortaya çıxanda hakimiyyətin yaxası kənarda qalır?
Yox, olmadı, işləmədi bu fənd, dostlar. Mübariz Qurbanlıya deyin, başqa bəhanə fikirləşsin.
Alim Qasımov nə edir?
O gün bir videoya baxmışam. Hələ də çaşqınlıq içindəyəm. Bir konsertdir. Dövlət başçısının ailəsi və yaxınları da konserti izləyir. Və Alim Qasımov oxuyur:
Qoy dağılsın yer üzündən zülmün hasarı tamam,
Rahat olmaz xalq, əgər zülm evi viran olmasa.
Indi bilmirəm ki, Alim Qasımov nə oxuduğunun fərqində deyil, yoxsa, o, qabaqkı söhbətlərdə işlədildiyi kimi, sətiraltı yolla sistemlə mübarizə aparır…