Orta məktəb dərsliyinə dövlət başçısının qızı Leyla Əliyevanın şeiri salınıb. Əsəbiləşdik. Sonra özümə sual verdim: “Natiq, məgər tutuquşu kimi, az qala, bütün yazılarında ölkədə monarxiya olduğunu yazmırsan? Azərbaycanda sülalə, ailə hakimiyyəti olduğunu iddia etmirsən? O zaman bu təəccübünün, qəzəbinin adı nədir?”
Sonra dedim: “Natiq, orta məktəbin tarix dərsliyində Əziz Əliyevə, Cəlal Əliyevə, Zərifə Əliyevaya, Həsən Əliyevə səhifələrlə material həsr olunubsa, Əliyevlər ailəsinin gənc bir üzvü üçün xəsisliyə nə hacət?!”
Minə dözən min birə də dözər. Mən də xalqımızı təmkinli olmağa, Leyla xanımın o şeirinə bir sənət əsəri kimi diqqət yetirməyə çağırış edirəm.
Siz bu hökuməti tanımırsınız, onu hirsləndirərik, bir də görərsiz ki, əmək təlimi dərslərinə də Leyla xanımın əl işlərindən mövzu saldılar.
Baş gələn çəkilər, dostlar!
Leyla xanımın şeirinin dərsliyə yol tapdığı bir vaxtda mən dərslikdən çıxarılan şeirlərə diqqəti cəlb etmək istəyirəm. Hələ sovet dövründə dərsliyə düşən, Heydər Əliyev zamanında da “Ədəbiyyat” dərsliklərində qalan bir şeir vardı. Bu, Qasım bəy Zakirin Qarabağ xanı Cəfərqulu xana həsr etdiyi şeir idi. Şeir Ilham Əliyev hakimiyyətə gələn kimi, yap-çı deputat Nizami Cəfərovun müəlliflik etdiyi dərslikdən çıxarıldı. Bəs bu şeirin it-bata salınmasının səbəbi nədir? Nə vaxta qədər Nizami Cəfərov bu sirrə aydınlıq gətirmək istəməyəcək, mən öz şübhələrimdə qalacağam. Şübhələrim isə aşağıda təqdim etdiyim misra ilə bağlıdır:
Qüttaüt-təriqin işləyib nəqşi,
Rəhzənlərə vardır xudanın bəxşi;
Vilayəti viran eylədi yaxşi,
Bir qafili-piyan, bir mayili-kart.
Indi hakimiyyət üçün “Lider” TV-nin kağız varinatını çıxaran Aynur Camalqızının “Şahzadə” (12 avqust, 2003-cü il, “Yeni Müsavat”) yazısına inansaq, o çağlarda Ilham Əliyev dünyada pleyboy, qumarbaz və qadın düşkünü kimi tanınıb. Görünür, Nizami müəllim “maili-kart” sözünün vətəndaşlarda dövlət rəhbərliyinə qarşı bir etimadsızlıq, xoş olmayan hisslər yaratdığını görərək, şeiri çıxarıb.
2003-cü ildən bəri xeyli vaxt ötüb. Ilham Əliyev üçün “pleyboy”, “qumarbaz” yazan Aynur Camalqızı indi öz mətbu orqanlarında onu öyməkdən yorulmur. Aynur xanımın baxışı dəyişibsə, Nizami müəllim, siz niyə “qarğa məndə qoz var” deyirsiniz, şeiri qaytarın qoyun yerinə, ya da bizə ağlabatan izah verin.
Hacı Ilqara ehtiramla…
Mənim dinə münasibətim aydındır; qısa desəm, inanclı deyiləm.
Lakin mən vicdansız, imansız da deyiləm. Buna görə də din, dinsizlik mövzusunda bir narahatlığımı bölüşmək istəyirəm.
Bir qrup insan var, onlar ilahiyyatçı Hacı Ilqar Ibrahimoğlunun az qala, ayaqqabısının bağını da tənqid edirlər. Lakin bu adamlar mövzu molla Fazil Qəzənfəroğluya gələndə məddaha dönürlər.
Əzizim, din pisdirsə, onun təmsilçiləri də dürüst adam deyilsə, bəs bu ayrı-seçkilik nədir?
Niyə, Hacı Ilqar cəhalətin simvolu sayılır, Fazil Qəzənfəroğlu isə modernizmin? Fazil Mustafanın qalstuku var deyəmi?
Etiraf edin ki, siz titul xəstələri, rütbə qarşısında nökər və qulsunuz. Əminəm ki, Ilqar bəy deputat-filan olsaydı, onun da əlini öpməyə sıraya düzülərdiniz.
Mən Hacı Ilqarın dünya görüşünü paylaşmıram. Ancaq onu yaxşı başa düşür və qəbul edirəm: adamdan yaltaqlıq görməmişəm, fazillər kimi dostlarını satıb şərə sığınmayıb, öz prinsiplərinə sadiqdir, komforta görə keçmişini baltalamayıb…
Bu və başqa səbəblər Hacı Ilqar ehtiram bəsləməyinə ciddi əsas verir.